"Caspian Ecology IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq mövzusunda növbəti beynəlxalq elmi konfrans keçirilib.
Unikal.org-un xəbər ver verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycanın və Gürcüstanın ekologiya və ətraf mühit nazirləri, Dünya Vəhşi Təbiət Fondunun (WWF), eləcə də Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Niderland, Belarus, İranın rəsmi nümayəndələri və beynəlxalq mütəxəssislər iştirak ediblər.
Konfransın keçirilməsində məqsəd bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetlərin müəyyənləşdirilməsi, regionda icra olunan oxşar layihələrin təcrübəsinin öyrənilməsi, məlumat mübadiləsinin aparılması və regional əməkdaşlığın genişləndirilməsi olub.
Konfransda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, ətraf mühit problemləri sərhəd tanımır. İnsan məskunlaşmaları nəticəsində 40 faiz vəhşi mühit məhv edilib. Ekosistemin deqradasiyası göz önündədir.
Azərbaycanda həm qurudakı, həm də sudakı canlıların reabilitasiyası ilə bağlı mühüm işlərin görüldüyünü qeyd edən Leyla Əliyeva Qafqaz bəbiri, ceyran və nərə balığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, məqsəd bütün təşəbbüsləri dəstəkləmək, təcrübələri bölüşməkdir. Azərbaycanda ceyranların sayı 600-dən 6000-ə qədər artırılıb və bu proses hazırda davam edir. BMT-nin Dayanıqlı İnkişaf Məsələlərinə də toxunan Leyla Əliyeva xeyli sayda insanın təbiətin mühafizəsi ilə bağlı çağırışlara qoşulduğunu deyib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycanda 24 yasaqlıq, 10 milli park, 10 qoruq fəaliyyət göstərir. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir. Ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi-təcrübə mərkəzi kimi istifadə edilir. Biomüxtəlifliyin qorunması üçün Qızılağac Milli Qoruğu yaradılıb. Zaqatala, Balakən biosferinin yaradılması üçün isə əsaslı işlər görülür.
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili qeyd edib ki, ölkəsində 9 faiz ərazi xüsusi mühafizə ərazisi sayılır. Uzun illərdir ki, Gürcüstan Azərbaycan ilə vəhşi təbiətin qorunması və mühafizəsi sahəsində əməkdaşlıq edir. Vəhşi təbiətin qorunması və mühafizəsi sərhəd tanımır. O vurğulayıb ki, Azərbaycan nəsli kəsilməkdə olan heyvanların artımında böyük nailiyyətlər əldə edib.
Dünya Vəhşi Təbiət Fondunun Cənubi Qafqaz üzrə nümayəndəsi Aurel Heydelberq deyib: "Biz vəhşi təbiətin qorunması və mühafizəsi ilə bağlı araşdırmalar aparırıq. Bu, çox mühümdür. Mənim burada yerli mütəxəssislərlə də müzakirələrim olub. Bu konfrans Qafqaz ölkələrinin təcrübələrini bölüşməyə təkan verəcək.
Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.