Son 15 ildə Penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb.
Unikal.org xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.
"Ötən dövrdə penitensiar sistemdə köklü islahatlar aparılıb, qanunvericilik təkmilləşdirilib, məhbusların hüquq və imtiyazları genişlənib, infrastruktur yaxşılaşdırılıb, o cümlədən Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilib. Saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb", - deyə o bildirib.
F.Məmmədov son 1 il ərzində 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunduğunuda deyib:
"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının 10.02.2017-ci il tarixli sərəncamı bu sahədə ədliyyə və məhkəmə sistemi üçün "yol xəritəsi olub. Sərəncama uyğun olaraq Cinayət Məcəlləsində dəyişikliklər edilərək bir sıra əməllər dekriminallaşdırılıb, yeni qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub", - deyə nazir bildirib.
Onun sözlərinə görə, sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25 faiz azalıb, həmçinin məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının sayı enib. Eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22 faiz, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 37 faiz azalıb.
F.Məmmədov bildirib ki, sərəncama uyğun olaraq, həmçinin alternativ cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə Nazirlikdə yeni Probasiya xidməti yaradılmış, cinayət qanunvericiliyinə dəyişikliklər edilərək yeni cəza növü - azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunub.
"Həmin cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi təmin olunmuş, bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilmiş, xarici və yerli şirkətlərin nəzarət qurğuları sınaqdan keçirilib və yerli istehsalçıya üstünlük verilib. Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunub, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılıb, mərkəzin imkanları və "elektron qolbağın funksiyaları barədə geniş ictimai təqdimatlar keçirilib. İstifadəsinə bir neçə aydır başlanılmış bu elektron nəzarət vasitələri artıq 500 şəxsə tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir. Qısa müddətdə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək elektron nəzarət vasitələrinin tətbiqi digər dövlətlər tərəfindən yerində öyrənilir", - deyə nazir əlavə edib.
Bundan əvvəl nazir Penitensiar müəssisələrdə ölüm hadisələrinin sayının 40 faiz azaldığını bildirib.