Biləsuvar rayonunda əməliyyat keçirən polis kapitanı balta ilə vurulub.

Unikal.org-un Qafqazinfo-ya verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.

Kəndin bir neçə sakini barəsində polis şöbəsinə şikayət daxil olub. Bununla əlaqədar həmin şəxslər izahat verməsi üçün dəvət olunublar. Lakin vətəndaşlar polisin çağırışından imtina ediblər.

Buna görə də şöbədə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və əməliyyatçılar həmin şəxsləri saxlayıb şöbəyə gətirmək üçün Aşağı Cürəli kəndinə yollanıblar.

Həmin kənd sakinləri polis əməkdaşlarına qapını açmayıblar. Əməliyyatçılardan biri, polis kapitanı Rafael Ağamalıyev qapını açıb içəri girmək istəyəndə kənd sakini balta ilə onun başına doğru zərbə endirib.

Bu zaman R. Ağamalıyev zərbədən qismən yayına bilib və balta onun sinəsinə sancılıb. Yaralı olan R.Ağamalıyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, bu hadisə ilə bağlı 3 nəfər kənd sakini saxlanılıb.

***10:08

Biləsuvar rayonunda polis kapitanını balta ilə yaralayanlar saxlanılıb.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, onlar iki qardaş - Aşağı Cürəli kənd sakinləri Şahbazov Rauf Malik oğlu və Şahbazov Rəşad Malik oğludur.

Onlar barəsində məhkəmənin qərarı ilə məcburi gətirilmə qərarı verilib. Polis əməkdaşları da məhkəmənin qərarını icra etmək üçün həmin ünvana yollanıblar. Bu zaman qardaşlar balta ilə kapitan Ağamalıyev Rəfail Rəfi oğluna hücum ediblər. Rauf Şahbazov balta ilə R.Ağamalıyevə zərbə endirib və sinəsindən yaralayıb.

Hər iki qardaş saxlanılıb. Polis R.Ağamalıyevin səhhəti normaldır.