Vətəndaş məmnuniyyətini daima öz planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi müasir üsullarla özəlləşdirmə xidmətlərini həyata keçirir. İnnovativ üsulların tətbiqi ilə keçirilən hərraclar vətəndaşlara elektron qaydada seçim və sifariş imkanları təklif edir.
Unikal.org xəbər verir ki, özəlləşdirmə prosesinin elektron qaydada keçirilməsi, həmçinin hərraca onlayn qatılaraq iştirak etmə və izləmə imkanı vətəndaşların bu sahəyə olan marağını artırır.
Özəlləşdirmə üzrə təşkil edilən növbəti hərraclardan biri də 25 dekabr tarixində keçiriləcək. Hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 12-si kiçik dövlət müəssisə və obyekti, 2-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 13-ü nəqliyyat vasitəsidir. İnvestorlar kiçik dövlət müəssisələri üzrə seçim edərək həm hazırkı sahə, həm də digər istiqamətlər üzrə biznes planlarını reallaşdıra bilər. Bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək olan ümumi faydalı sahəyə malik əmlak - "Taxıl qəbul məntəqəsi Qobustan şəhərində yerləşir. Ümumi faydalı sahəyə 3763.3 kv.m olan adıçəkilən müəssisə 19 min 551 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. Gəncə şəhəri, Nizami rayonundakı obyektin isə ümumi faydalı sahəsi 299 kv.m-dir. Xidmət sahəsi üzrə gəlirli fəaliyyət üçün uyğun olan bu əmlak da torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.
Paytaxtdakı qeyri-yaşayış sahələri kiçik sahibkarlıq fəaliyyəti üçün uyğundur. Bu obyektlərdən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 106.9 kv.m-dir
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Zaqatala Sənaye Kombinatı, "Sabunçu Ticarət Təchizat, "Ağcabədi Aqrotexservis, "Xaçmaz Mexanizasiya Nəqliyyat və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Özəlləşməyə çıxarılan nəqliyyat vasitələri 2005, 2007-ci illər, Nissan, Hyundai, QAZ, UAZ, Ford olmaqla vətəndaşlara təklif edilir.
Dövlət əmlakları barədə ətraflı məlumatları Özəlləşdirmə portalında (privatization.az) əldə edən vətəndaş hərraclara elektron formada qatıla bilər. İstifadəçi operativ sifariş imkanları ilə hər seçdiyi əmlak üzrə potensial iştirakçıya çevrilə bilər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10%-i miqdarında beh ödəmək kifayətdir. Hərrac keçirilən gün isə iştirakçı statusu qazanan şəxslərlə yanaşı, prosesə maraqlı olanlar da keçirilən ünvana gələrək prosesi canlı və ya onlayn olaraq izləyə bilər.