Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin (NRYTN) "Yüksək Texnologiyalar Parkı, Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE)
əməkdaşlığı çərçivəsində UNEC-də "Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar
mövzusunda forum keçirilib.
Unikal.org xəbər verir ki, forumun məqsədi Universitet-Dövlət-Sənaye (USD) üçbucağının effektiv işləməsində fundamental əsaslar olan institusional amillər, təhsil, innovasiya ekosistemi və İKT-nin rolunun ortaya qoyulduğu uyğun müzakirə mühitinin yaradılmasıdır.
"Bank Respublikanın dəstəyi ilə təşkil olunan forumda UNEC rektoru, professor Ədalət Muradov açılış nitqi ilə çıxış edərək, bilik əsaslı iqtisadiyyata keçidin əhəmiyyətini qeyd edib. Rektor ənənəvi iqtisadiyyatın Azərbaycanın davamlı inkişafına böyük perspektivlər vəd etmədiyini bildirib. Bu baxımdan, Universitet-Dövlət-Sənaye birliyinin faydalarına diqqət çəkən Ə.Muradov deyib ki, təhsilin keyfiyyətinin artırılması sırf real sektorla əməkdaşlıqdan keçir.
Bilik iqtisadiyyatı konsepsiyası layihəsinin hazırlandığını da qeyd edən rektor sənəddə yer alması üçün maraqlı tərəfləri öz təkliflərini verməyə çağırıb.
"Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli MMC-nin biliklərə əsaslanan iqtisadiyyatın qurulması, innovasiyalı iqtisadiyyatın inkişafı, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi və s. kimi vəzifələr daşıdığını diqqətə çatdırıb. Direktor ölkəmizin enerji ixrac edən ölkədən texnologiya ixrac edən ölkəyə çevrilməsinin əsas hədəf olduğunu bildirib. Dövlətin bu sahəyə xüsusi diqqət ayırdığını da deyən T.Kərimli Prezidentin müvafiq fərmanı ilə NRYTN-in tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı MMC-nin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyinin yaradıldığını xatırladıb.
"Bank Respublika ASC-nin baş direktoru Elşad Vəliyev də çıxışında Universitet-Dövlət-Sənaye əməkdaşlığının aktuallığından və mümkün inkişaf perspektivlərindən bəhs edib. Qeyd edilib ki, "U-D-S platformasının məqsədi innovativ inkişafa zəmin hazırlayan əsas tərəfləri - akademik mühit, dövlət və iş dünyasını - müştərək hədəflər istiqamətində, mütəmadi şəkildə bir araya gətirərək sinerji dəyəri formalaşdırmaqdır.
Daha sonra forum işə başlayıb və ilk paneldə bilik iqtisadiyyatı indeksinin kriteriləri, bilik iqtisadiyyatı çərçivəsində "U-D-S modelinin tətbiqi mexanizmi, innovasiya ekosistemi və texnologiyanın transferi kimi mövzularda fikir mübadiləsi aparılıb.
Forumun ikinci panelində isə Milli İnnovasiya Sisteminin (MİS) bilik iqtisadiyyatındakı mövqeyi, İKT-nin inkişaf mərhələləri və bilik iqtisadiyyatına keçid mövzusundakı çıxışlarda MİS-in inkişaf etməkdə olan ölkələrin innovasiya modelinin formalaşmasındakı əhəmiyyətli rolu qeyd olunub.
Daha sonra bilik iqtisadiyyatında yeni təhsil paradiqmaları: universitetlərin dəyişən rolu, bilik iqtisadiyyatının formalaşmasının iqtisadi və institusional çərçivəsi mövzusunda məruzələr dinlənilib. Təhsilin və institusional çərçivənin bilik iqtisadiyyatının formalaşmasındakı mövqeyi müzakirə edilib.
Forumun sonunda Azərbaycanda bilik iqtisadiyyatının qurulması və inkişaf etdirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş forumda akademik təsisatlar, dövlət və özəl sektorun nümayəndələri iştirak edib.