Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 noyabr tarixində əmlakın qeydiyyatı xidmətlərini vətəndaşa daha yaxın edən növbəti çıxarış kampaniyası keçirilib.
Unikal.org xəbər verir ki, insanların rahatlığına yönəlmiş belə sosial layihələr Azərbaycan Respublikası Prezidentinin dövlət xidmətlərinin əhaliyə daha əlçatan, sürətli və şəffaf şəkildə təqdim olunması barədə tapşırıqları çərçivəsində həyata keçirilir.
"Kütləvi çıxarış kampaniyasının bu dəfəki ünvanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binası olub. Bina sakinlərinə yaşadıqları ünvanda mənzillərinə dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil qeydiyyat ofisləri vasitəsi ilə bir girişli 16 mərtəbəli binada yaşayan 40-a yaxın mənzil sahibinə çıxarışlar verilib. Həmçinin 60-a yaxın sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edildi. Kampaniya çərçivəsində vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı proseduralar və qanunvericiliyin tələbləri ilə bağlı hüquqi yardımlarda göstərildi.
Qeyd edilməlidir ki, respublika üzrə yeni inşa edilmiş çoxmərtəbəli binalarda mənzillərə dair çıxarışların verilməsi çox sadə proseduralarla həyata keçirilir. Hər hansı belə bir binanın istismara qəbul icazəsi olduğu təqdirdə, mənzil sahibləri tikinti kooperativi ilə imzalanmış protokoldan çıxarışı və maliyyə arayışını reyestr xidmətinin ərazi ofislərinə təqdim etməklə çıxarışlarını ala bilərlər. Həmçinin, artıq hər hansı bir yeni inşa edilmiş binalarda mənzil alarkən, öncədən elektron qaydada bu binada yerləşən mənzillərin çıxarışının olmasını öyrənmək imkanları yaradılıb. Bu məlumatları çox rahat prosedurla komitənin www.e-emdk.gov.az elektron xidmətlər portalından əldə etmək mümkündür. Belə kampaniyaların vətəndaşların ünvanlarında keçirilməsi onlar üçün daha optimal şərait yaradır. Çıxarışların ünvanlarda təqdim olunması insanlar üçün gündəlik məişət və işgüzar fəaliyyətini yerinə yetirməsi üçün əlavə zaman qazandırır.
Ümumilikdə isə, paytaxtla yanaşı ölkənin digər şəhərlərində yerləşən 30-a yaxın yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binalarında belə çıxarış kampaniyaları keçirilmiş, vətəndaşlara ünvanlarda çıxarışlar təqdim edilib.
Çox mərtəbəli binaların mənzillərinin çıxarışla təmin olunması daşınmaz əmlak bazarına da öz müsbət təsirini göstərir. Belə ki, sənədli və dövlət qeydiyyatdan keçmiş əmlaklar bu bazarda aktivliyə, əmlakla bağlı hüquqi əməliyyatların çoxalmasına səbəb olur. Başqa sözlə, həmin mənzillər alqı-satqı proseslərinə cəlb oluna, girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.
Qeydiyyat xidmətlərini vətəndaşın ünvanına çatdıran çıxarış kampaniyası ilə paralel olaraq komitənin "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol sosial aksiyası da keçirilir. Bu aksiyanın növbəti ünvanı dekabr ayının 3-dən 7-dək, Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 9 ünvanında olacaqdır.
Əmlak Məsələləri Dövlət Komitəsinin sosial layihələri qeyd olunan sahədə əhaliyə göstərilən ictimai xidmətlərdən məmnunluq səviyyəsinin artmasına səbəb olur. Komitə tərəfindən həyata keçirilən belə tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və əlçatanlığın artırılmasını təmin etməkdir.