Bu il özünüməşğulluq proqramı çərçivəsində artıq 330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Unikal.org-a verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ƏƏSMN tərəfindən icra olunan özünüməşğulluq proqramında digər həssas qruplar kimi, məcburi köçkünlərin də fəal iştirakına şərait yaradılıb.
Cari ildə özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirərək müxtəlif iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarını uğurla müdafiə edənlərdən 1255 nəfəri məcburi köçkünlərdir. Onlardan artıq 330 nəfərinə biznes-planlarına uyğun mal və materiallar təqdim olunub.
Yaradılmış bu təsərrüfatlar maldarlıq, quşçuluq, arıçılıq, bağçılıq, xidmət və s. sahələri əhatə edir. Hazırda proqrama cəlb olunmuş digər məcburi köçkünlərin də mal və materiallarla təminatı işləri davam edir.