Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü keçirilib.
Unikal.org xəbər verir ki, ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən “Bir günlük xəlifə” layihəsində tələbələrin universitetin rəhbər strukturlarını bir gün ərzində idarə etməsi nəzərdə tutulur.
Həmin gün ərzində rəhbər vəzifələri icra edən tələbələrin qəbul etdikləri qərarlar tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin birgünlük maaşını alır. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. Universitetin hər bir tələbə və magistrantı layihədə iştirak edə bilir. Vəzifələri tutacaq tələbələr öz tələbə yoldaşları tərəfindən universitetin Akt zalında təşkil olunan seçki prosesində açıq səsvermə yolu ilə seçilir.
Layihə çərçivəsində Azərbaycan Dillər Universitetinin xəlifə-rektoru Salman Quliyev Venesuelanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Pedro Floresi ilə görüşüb.
S.Quliyev qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib. Xəlifə rektor “Bir günlük xəlifə” layihəsi haqqında danışıb. Akademik Kamal Abdullanın salamlarını müvəqqəti işlər vəkilinə çatdıran S.Quliyev qonağa universitet haqqında məlumat verib. Xəlifə rektor, həmçinin universitetdə ispan dilinin yüksək səviyyədə tədrisindən və universitetdə İspan dili mərkəzinin fəaliyyətindən danışıb. S.Quliyev ADU ilə İspaniya və Argentina universitetləri arasında əlaqələrin mövcudluğunu qeyd edib və bu əlaqələrin Venesuela ilə də qurulacağına inandığını bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən P.Floresi universitetdə olmaqdan şad olduğunu deyib. “Bir günlük xəlifə” layihəsi barədə müsbət fikirlərini bildirən qonaq tələbələrin universitetin idarəetməsində iştirak etməsinin əhəmiyyətli olduğunu söyləyib. ADU-da ispan dilinin tədrisini yüksək qiymətləndirən P.Floresi universitetlə əməkdaşlıqdan maraqlı olduğunu qeyd edib.
Daha sonra gələcək əməkdaşlıq, tələbə mübadiləsi barədə müzakirələr aparılıb.
Görüşdə, həmçinin Tədris işləri üzrə xəlifə prorektor Elşad İbadzadə, Beynəlxalq əlaqələr üzrə xəlifə prorektor Diana Seyidova, İspan dili mərkəzinin xəlifə müdiri Cahandar Əliyev iştirak edib.
Görüşdən sonra müvəqqəti işlər vəkili Pedro Floresi ADU-da həyata keçirilən “Səfir saatı” klubu çərçivəsində tələbələrə mühazirə deyib.
Qeyd edək ki, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin təşkilatçılığı ilə layihə çərçivəsində müvafiq olaraq “Azərbaycan və Serbiya arasında əlaqələr”, “Hindistanın biznesi və turizmi”, “Gündoğan ölkə – Yaponiya”, “Rumıniyanı tanıyaq və tanıdaq”, “Koreyada tanışlıq və Koreyada Yeni il”, “Austria’s culture nowadays” mövzusunda tədbirlər, müxtəlif dillərdə film nümayişləri və “Dünyada rus dili səfirləri” ilə görüş baş tutub.