201 №-li tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Keşlə qəsəbəsi, Zakir küçəsi 2-29, Yenikənd küçəsi 2-24, Ə.Əzimzadə küçəsi 2-23, A.Mirzəyev küçəsi 1-74, T.Bədəlov küçəsi 2-38, I Köndələn küçəsi 5-23 ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirilib.
Unikal.org xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və Keşlə qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar qəbul və görüşlər keçirildiyini bildirib və belə görüşlərin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi məqsədi daşıdığını qeyd edib.
Eyni zamanda, A.Qasımov Nizami rayonunda, o cümlədən Keşlə qəsəbəsində aparılan abadlıq və yenidənqurma işlərindən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Səyyar qəbulda vətəndaşlar su, qaz və işıq təchizatının yaxşılaşdırılması, kanalizasiya xəttinin çəkilməsi, küçə işıqlarının bərpa edilməsi və digər sosial problemlərlə bağlı icra başçısına müraciət ediblər.
Sakinlər tərəfindən səsləndirilən rəy, təklif və problemlər dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.