Yevlax rayonunda qadının həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Yevlaxın Meyvəçilik kəndində baş verib. Rayonun Nemətabad kənd sakini, 30 yaşlı Saday Sadıqov həyat yoldaşı, 29 yaşlı Vəfa Abışovanı öz doğmalarının gözü qarşısında bıçaqlayıb.
Ağır yaralanan qadın dayısı evinə qaçıb uzaqlaşsa da, xeyli qan itirdiyindən orada ölüb.
Hadisə baş verməzdən bir neçə gün əvvəl atası evinə gələn Vəfa Abışova ilə həyat yoldaşı arasında mübahisələr yaranıb. Mərhumun anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib.
Saray Abışovanın dediyinə görə, sonuncu dəfə düşən mübahisəyə isə Saday Sadıqovun ailəyə məxsus qoyunları satması səbəb olub.
Qeyd edək ki, qətlə yetirlən qadın iki oğul anasıdır. Hadisəni törədən Saday Sadıqov isə polis tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.