30 noyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 827,2 mln. manat, cəmi öhdəlikləri isə 25 579,7 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Unikal.org-a verilən məlumata görə, sektorun balans kapitalı 4 247,5 mln. manat olub. 2018-ci ilin noyabr ayı ərzində bank sektorunun aktivləri cari ilin oktyabr ayı ilə müqayisədə 0,5% (137 mln. manat), öhdəlikləri 0,2% (61,5 mln. manat), balans kapitalı isə 1,8% (75,5 mln. manat) artıb. Noyabr ayında bankların kredit portfeli 2,4% (282,9 mln. manat) artaraq 12 171,2 mln. manat təşkil edib. Ümumilikdə 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7,4% (834,5 mln. manat) artıb.
Noyabr ayında fiziki şəxslərin əmanətləri 7 989,9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində 5,9% (447,4 mln. manat) artım olub.
Cari ilin 11 ayı ərzində banklar 644 mln. manat əməliyyat mənfəəti, 306.3 mln. manat xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 141, ATM-lərin sayı 2 490 olub. Bank sektorunun işçi heyəti noyabr ayında 0,6% (110 nəfər) artaraq 17 321 nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 11 ayında bank sektorunda çalışanların sayı 7,1% (1 150 nəfər) artıb.