Kristal Abşeron Yasamal rayonu üzrə “Pilot layihə” çərçivəsində inşa olunan üçüncü yaşayış binası sakinlərin istifadəsinə verilib.

Unikal.org xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Kristal Abşeron MTK-nın təsisçisi Mahayət Nəbiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıblar. Ə.Əzizov çıxışında 2018-ci ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atdığını vurğulayan icra başçısı bildirib: “Bu gün yeni ilin gəlişi ərəfəsində yeni binanın istifadəyə verilməsi xalqımızın gözəl həyat tərzinin göstəricilərindən biridir. Ümummilli Liderin siyasətini uğurla həyata keçirən dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək, yerində yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bu gün Yasamal rayonunda da uğurla davam etdirilir. “Pilot layihə”nin əsas məqsədi orada yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsidir. Həmçinin şəhərin xüsusən mərkəzi hissəsində yerləşən və görünüş cəhətdən xələl gətirilən həmin binaların tədricən sökülməsi və yerində müasir, yaşayış üçün tələb olunan məişət təminatlarını özündə əks etdirən yaşayış binalarının inşasını nəzərdə tutur.

Daha sonra tədbirdə Kristal Abşeron MTKnın təsisçisi M.Nəbiyev çıxış edib. Şirkət rəhbəri çıxışında binanın yeni sakinlərini və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni ilin gəlişi münasibəti ilə təbrik edib, rayon rəhbərliyinə tədbirdə iştirakı üçün təşəkkürünü bildirib. M.Nəbiyev cənab prezident İlham Əliyevin bu sahədə gördüyü işlərin əhəmiyyətindən və Pilot Layihələrin mahiyyəti və məqsədi haqqında fikirlərini bildirdi.  Daha sonra mənzil açarları bina sakinlərinə təqdim edilib.

Qeyd edilib ki, bu gün sakinlərə təhvil verilən bu yeni binanın ümumi sahəsi 11300 kvadratmetr təşkil edir. Optik sistemdə kabelləşən bu yeni binadakı 1, 2 və 3 otaqlı mənzillərin hər biri tam təmirlidir. Binada sərnişin və yük daşıma liftləri quraşdırılıb, həmçinin hər bir mənzil qaz, su və işıq sayğacları ilə təmin olunub. Bundan əlavə bina sakinləri üçün yeraltı avtodayanacaq və uşaq meydançası da salınıb. Təhvil verilən bütün mənzillər Avropa istehsalı materiallarla təmir edilib.
 
Sakinlər mənzil şəraitlərinin yüksək səviyyədə təminatına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.