Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il büdcəsinin gəlir və xərcləri təsdiq olunub.
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 28-də “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri 15 milyard 450 milyon 149,7 min manat, xərcləri isə 11 milyard 595 milyon 238,4 min manat məbləğində təsdiq edilib.
Neft Fondunun 2019-cu il büdcəsinin gəlirlərinin 13 milyard 218 milyon 752,6 min manatı Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla), 1 milyard 442 milyon 495,1 min manatı Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, 765 milyon 170 min manatı neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar, 19 milyon 40 min manatı neftin və qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər, 4 milyon 692 min manatı isə karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişlər hesabına formalaşacaq.
Fondun 2019-cu il büdcəsinin xərclərinin isə 11 milyard 364 milyon 300 min manatı Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə transfertlərə (yuxarı hədd), 200 milyon manatı məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə, 30 milyon 938,4 min manatı Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə yönəldilir.
Bundan başqa, “2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq olunub. Həmçinin “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası” da təsdiq edilib.
Belə ki, 2019-cu il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 67,4 milyard manata bərabər götürülür. Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (“Standard & Poor's”, “Fitch”) və ya “A2” (“Moody's”) dərəcələrindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 35 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi ingilis funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Fondun investisiya portfeli bu altportfellərdən ibarətdir: borc öhdəlikləri və pul bazarları alətləri portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 55 faizi; səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları olmaqla); daşınmaz əmlak portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri (daşınmaz əmlak və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları daxil olmaqla); qızıl portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri.
Dövlət Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta (avro istisna olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür. Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq EURIBOR faiz dərəcəsi əsas götürülür. LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər. Səhm (pay) portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI Stock Market Indexes əsas götürülür.
Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq ARDNF müəyyən edir və bu müddət 48 aydan çox olmamalıdır.