Azərbaycanın Baş naziri Artur Rasizadə iyunun 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşüb.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, A.Rasizadə B.Yıldırımı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar arzulayıb və nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib.
Baş nazir A.Rasizadə Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qərarının heç bir əsasının olmadığını bildirib. O, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, Xocalı soyqırımına, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən və işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması haqqında qəbul etdiyi dörd qətnaməyə etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən "erməni soyqırımı" kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsini pisləyib.
Türkiyənin Baş naziri B.Yıldırım qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında önəmli rol oynadığını qeyd edib.
B.Yıldırım Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qərarının Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini deyən B.Yıldırım diqqətə çatdırıb ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.