Unikal.org müğənni Rəqsanə İsmayılovanın Lent.az-a verdiyi müsahibəni təqdim edir.
 
- Yaradıcılığınızda nə yeniliklər var?
- Avqusta konsert verəcəm. Həmin konsertin hazırlıqlarına başlamışam. Bundan əlavə, yeni albom üzərində işləyirəm. Bütün bu işləri isə bəstəkar Hacı Nazimə həvalə etmişəm. Mahnı seçimləri, aranjemanlar hamısını o edəcək. İnşallah orucluqdan sonra yaradıcılığımdakı yenilikləri görəcəksiniz. 

- İmicinizdə dəyişiklik etmisiniz...
- 17 kilo arıqlamışam. Bu proses hələ davam edəcək.
 
- Əməliyyat yolu ilə arıqladığınız iddia olunur.
- Yox, yalandır. Sağlam pəhrizlə arıqlamışam.
 
- Sinənizdə yenicə əməliyyat keçirdiyiniz deyilir...
- Yox, köhnələrdir. (gülür) Nə eləsəm, bilirsiniz ki, açıq deyirəm. Açığı illər öncə sinəmdə əməliyyat keçirmişəm, formasını, ölçülərini dəyişdirmişəm. Sinəmi yenidən dəyişdirmək fikrim yoxdur, elə hazırda öz istədiyim kimidir.
 
- Biz bilirik ki, bir neçə dəfə estetik əməliyyat etdirmisiniz. Yenidən bədəninizin hansı hissəsini əməliyyat etdirmək istəyərdiniz?
 
- (Bir az düşünür...) Sözün düzü, dodaqlarımda olan gelin bir hissəsini çıxartdırmışam, amma bir azı qalıb. Amma bu gel məni incidir. Bunun üçün yenidən əməliyyat etdirmək məcburiyyətindəyəm. Yenidən əməliyyat olacaq.
- Qızınızın nişanlaması xəbəri mediada çox müzakirə olundu.
- Açığı, bunu bütün saytlar yazdı. Amma mənim qızım hələ nişanlanmayıb. Qızımı başa salıram ki, ailə qurmaq hələ tezdir. Düzdür, qızımın sevib, seçdiyi bir oğlan var. Türkiyə vətəndaşıdır. Oğlan nə milyarderdir, nə də iş adamıdır. Bunu öncədən demək məcburiyyətindəyəm. Çünki Azərbaycandan Türkiyəyə ərə gedən olanda deyirlər ki, biznesmenə ərə getdi. (gülür) Yalan danışmağı sevmirəm. Sadə bir ailənin övladıdır. Qızım Aysunun 19 yaşı var, özü çox şeyi başa düşür.
 
- Üçüncü dəfə ana olmağa hazırlaşırdınız...
- Bəli, ana olmağa hazırlaşırdım, amma qismət elə oldu ki, hamiləliyim yarımçıq sonlandı. Növbəti dəfə ana olmaq arzum gözümdə qaldı. Buna görə də çox ağır günlər keçirdim, özümə qapandım. Çox ağır günlər idi. Sözlə anlatmaq belə çətindir. Amma sağ olsunlar ki, dostlarım mənim çox da pis olmağıma imkan vermədi. Onlar arasında stilist-vizajist Nigar İbrahimova, aparıcı Afaq Gəncəlinin adını çəkə bilərəm. Yəni yaşadığım an elə an idi ki, bu hala hamı acıyırdı. Heç bir şey olmasaydı, artıq bu ay övladımı dünyaya gətirəcəkdim. Amma demək qismət deyilmiş. Özü də oğlan uşağı idi. Psixoloq Vəfa xanıma da çox sağ ol deyirəm ki, məni bu depressiyadan çıxara bildi.
 
- Həyat yoldaşınızla tanışlığınız necə olub?
 
- Uzun illər idi ki, bir-birimizi tanıyırdıq. Mən onu tanıyanda onun ailəsi var idi. Həqiqətən də bir-birimizə dost kimi hörmət edirdik. Sonra günlərin bir günündə məclislərin birində rastlaşdıq. Mən həmin vaxt bilmirdim ki, o boşanıb. Amma sən demə bu yetimin gözü lap əvvəldən məndə imiş. Həmin gün də mənə evlilik təklif etdi. Açığı düşünmürdüm ki, aramızda rəsmi şəkildə nikah olsun. Çünki ağlıma da gəlməzdi ki, nə vaxtsa ikinci dəfə ərə gedərəm. Mənim kişi xarakterim var. Hər zaman yoldaşım mənə deyir ki, "Sən qaqaşsan" (gülür) . Yoldaşımın əvvəlki evlilikdən iki övladı var. 1-ci ailəsindən rəsmən nikahını pozandan sonra, qanuni şəkildə mənlə rəsmi nikaha girib.  İki qızım - Aysun və Yağmur da mənim yoldaşımın adındadırlar.

- Yaradıcılıq işlərinizə müdaxilə edirmi?

- Bizim xasiyyətlərimiz bir az fərqlidir. O "Yevrapeysqi" adamdı. (gülür) Heç Azərbaycan müğənnilərini də tanımır, internetə də girə bilmir. Onunku ancaq işdir. İşə getsin, işdən gəlsin və dincəlsin.  
 
- Müğənnilikdən əlavə gözəllik salonu açaraq, yeni biznes qurdunuz. Hər ikisini bir arada idarə etmək çətin deyil ki?
- Şükür Allaha yaxşı gedir. Amma mən o vaxt bu biznesi quranda dedim ki, bunu bacım üçün edirəm. Bu işi mən qurmadım ki, milyonçu olum. Salonu bacımgil işlədir. Mən bu biznesdən pul qazanıb, Rəqsanə olmamışam. Allah mənə gözəl səs verib. Nə etmişəmsə, sənətimin sayəsində etmişəm.