Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Xeyrullah Spelenay ilə görüşüb.
Unikal.org-un məlumatına görə, səfiri universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı qonağa son illər universitetdə gedən islahatlar, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, həmçinin əcnəbi tələbələr haqqında məlumat verib. ADNSU-nun hər zaman əcnəbi tələbələrin ən çox üz tutduğu texniki ali məktəb olduğunu qeyd edən rektor M.Babanlı universitetin bir çox tanınmış əfqanıstanlı məzunları olduğunu da vurğulayıb. Universitetdə ingilis dilində yüksək səviyyəli tədris aparıldığını nəzərə çatdıran rektor M.Babanlı Əfqanıstanla həm elmi-texniki əməkdaşlıqda, həm də tələbələrin universitetə cəlb olunmasında maraqlı olduğunu bildirib.
ADNSU-da olmaqdan böyük qürur və şərəf hissi keçirdiyini deyən səfir Xeyrullah Spelenay Azİİ (indiki ADNSU) məzunu olduğu üçün özünü xüsusilə şanslı hesab etdiyini bildirib. Əfqanıstanda siyasi vəziyyət və təhsil problemlərindən söz açan səfir X.Spelenay ölkəsinin gənclərinin ADNSU-da tədrisə cəlb olunmasına, həmçinin birgə elmi-texniki əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib və bu istiqamətdə əlaqələrin inkişafının əhəmiyyətli olduğunu deyib.