"Bugün Cənubi Qafqazda müharibə ocağı yaradanlar, işğalın daim olmasını istəyənlər, xalqlar arasında düşmənçiliyi alovlandıranlar, nifrət toxumları səpənlər üçün və o cümlədən daxili düşmənlərimiz, ölkəmizin xoşbəxt gələcəyini istəməyənlər, tarixi uğurlarımıza şəxsi düşmənçilik hissləri ilə yanaşmaqla qarayaxma kampaniyası aparan, adını müxalifət qoyan yaramazlar üçün qara bir gün, Azərbaycan üçün isə günəşli bir sabahdır. Cənubi Qafqaz üçün yeni bir dövr başlayır. Bu dövrün memarı İlham Əliyevdir". 

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib. 

Parlamentari bildirib ki, Azərbaycan sülhə gedən yolda bütün çətinliklərin öhdəsindən gəlməyi bacardı:

"Bugünlərə gəlmək, həqiqətən böyük siyasi iradə, düzgün və proqnoz edilmiş siyasi gedişlər tələb edirdi. Azərbaycan sülhə gedən yolda bütün çətinliklərin öhdəsindən gəlməyi bacardı, bütün hücumları dəf edə bildi.

Vaşington şəhərində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ilkin addımlar atılır. Tarixdə ilk dəfə bir ABŞ prezidenti bir Azərbaycan prezidenti ilə qürur duyduğunu bildirir. Bu cənab İlham Əliyevdir. Bugün həmdə Azərbaycan-ABŞ münasibətləri üçün gözəl bir tarixdir. ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin icrası dayandırılır. ABŞ dəstəyi ilə Zəngəzur dəhlizinin açılması istiqamətində işlər aparılır.

Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı atəşkəs müqaviləsi ilə başlanan bu çətin dövr, tezliklə cənab Prezident İlham Əliyev tərəfindən sülh müqaviləsinin imzalanması ilə yeni bir mərhələyə qədəm qoyur.

Öz vətənini sevən hər bir Azərbaycan vətəndaşı cənab Prezident İlham Əliyevin Azərbaycan üçün etdiklərini başa düşür.

Azərbaycan xalqı öz Prezidenti ilə qürur duyur".