Avrasiya Universitetləri Birliyinin 27 fevral-1 mart tarixlərində İstanbulda keçirilən “IV Avrasiya Ali Təhsil Zirvə Görüşü”ndə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyə Cümhuriyyətinin ən nüfuzlu ali məktəblərindən biri olan Cərrahpaşa Universitetində olub və ali məktəbin rektoru, professor Nuri Aydınla görüşüb. 

Unikal.org xəbər verir ki, Cərrahpaşa Universitetinin rektoru Nuri Aydın rəhbərlik etdiyi ali məktəb haqqında, tədris prosesi, gerçəkləşdirilən layihələr barəsində məlumat verib. Hazırda Türkiyədə 206 universitetin fəaliyyət göstərdiyini qeyd edən rektor N.Aydın Cərrahpaşa Universitetinin ölkə üzrə ali məktəblərin ilk beşliyində yer aldığını, bəzi ixtisaslar üzrə isə birinci yeri tutduğunu vurğulayıb. O Cərrahpaşa Universitetində əcnəbi tələbələrin də təhsil alması üçün geniş imkanların olduğunu qeyd edərək hazırda universitetdə 170 nəfər azərbaycanlı tələbənin oxuduğunu bildirib. 

Səmimi qəbula görə Cərrahpaşa Universitetinin rektoru, professor Nuri Aydına təşəkkür edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi universitetin neft sənayesi və texniki-texnoloji ixtisaslar üzrə mütəxəssislərin hazırlanması sahəsində zəngin təcrübəyə malik olduğunu bildirib. ADNSU-nun təqribən 100 illik tarixi ərzində geologiya, neft-qaz mədən, neft-mexanika, energetika sahəsində qazandığı elmi nailiyyətlərin dünya miqyasında bu elmlərin inkişafına verdiyi töhfə haqqında danışan rektor M.Babanlı hazırda ali məktəbdə gerçəkləşdirilən layihələr, o cümlədən HPC və Lazer Mərkəzləri, “Eazi START” Startap və İnnovasiya Mərkəzi haqqında məlumat verib. Rektor M.Babanlı həmçinin ADNSU-da tədris prosesi, qəbul haqqında danışaraq universitetdə əcnəbi tələbələrin təhsil alması üçün mövcud geniş imkanlar və onilliklər ərzində qazanılmış zəngin təcrübənin olduğunu vurğulayıb. 

Görüşdə həmçinin ADNSU ilə Cərrahpaşa Universiteti arasında əməkdaşlıq məsələləri, o cümlədən birgə elmi işlərin aparılması, tədris proqramlarının razılaşdırılması, tələbə və müəllimlərin mübadiləsinə dair müzakirələr aparılıb.