Cənab Prezident olmasaydı, Mehriban xanım olmasaydı bu gün Azərbaycan mədəniyyətinin inkişafından danışmaq olmazdı
Unikal.org əməkdar artist, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanovun ONA-ya müsahibəsinit əqdim edir
- Ölkə başçısı, Cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşünə dəvət olunmağınızı necə qarşıladınız? Sizin üçün sürpriz oldu?
- Ölkə rəhbərliyi Azərbaycan və mədəniyyətinin görkəmli xadimləri ilə görüşdü. Şəxsən mən özümü görkəmli mədəniyyət xadimi saymıram. Eləcə də kollektivimiz. Biz sadəcə Azərbaycan mədəniyyətinin və incəsənətinin sıravi artistləriyik. Yatsam yuxuma da girməzdi ki, mən bu cərgədə ola bilərəm. Ona görə də mənim üçün böyük sürpriz oldu. Dünən görüşdə də dedim, yenə də deyirəm ki, ölkə başçısı, Cənab İlham Əliyevə və birinci xanım, çox hörmətli Mehriban xanıma bizi ora dəvət etdikləri üçün, bütün təklif və xahişlərimizi diqqətlə dinləyib, qeyd etdikləri üçün təşəkkürümü bildirirəm. Onların bir çoxu artıq yerinə yetirilməkdədir.
- Problemlərinizi çatdırmaq üçün əvvəldən xüsusi bir çıxış hazırlamışdınız?
- Xeyr. Biz ümumiyyətlə bu formatda görüş gözləmirdik. Mən düşündüm ki, bir səhnə olacaq, səhnədə ölkə rəhbərliyi əyləşəcək. Biz də zalın hansısa axırıncı sıralarında oturub dinləyəcəyik, bir saat, saat yarımlıq görüş olacaq, sonra çıxıb gedəcəyik evimizə. Amma görəndə ki, orda ölkə başçısının müraciətindən sonra bizim mədəniyyət xadimləri öz təkliflərini, şikayətlərini bildirirlər, mən özümə sual verdim ki, niyə də yox? Bu gün olmasa, nə vaxt olacaq? Axı ömrümüz də gedir! Misal üçün, keçən il də bizim belə bir görüşümüz oldu. Prezident seçkilərindən sonra mədəniyyət işçilərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində böyük görüş keçirildi. Bizi ora dəvət eləmişdilər. Orada prezidentlə görüşdük. Çoxları bizi qınadı ki, niyə Cənab Prezidentə, hörmətli Mehriban xanıma probleminizi danışmadınız. Problemimiz də bir dənədir, qadağa problemi. Şükürlər olsun hər bir şeyimiz var. Bircə bu qadağa problemi bizi narahat edirdi. Mən bunu heç problem də hesab etməzdim, böyük qarayaxma kampaniyasının izidir, dörd il ərzində üzərimizdə qalıb. Biz o görüşdə Cənab Prezidentin gözəl əhval-ruhiyyəsini görəndə Cabir İmanovla qərara gəldik ki, problemimizi ona deyib gözəl əhval-ruhiyyəsini pozmayaq. Amma dünən mən konkret olaraq özümə sual verdim ki, əgər bu gün olmasa nə vaxt deyəcəm? Bəlkə heç sabaha çıxmadım? Ona görə protokoldan kənar olsa da mən mikrofonun düyməsini basdım və sadəcə müraciət elədim.
- Problemlərinizin hamısını səsləndirə bildiniz?
- Vallah, o qədər problem var... Neçə ildir teatrımız fəaliyyət göstərir, amma indiyə kimi binamız yoxdur. Əsas problemlərimizi çatdırdım və düşünürəm ki, əgər bu cür görüşlərə start verilibsə, biz gələcəkdə bu problemə də toxuna biləcəyik. Çünki Bəhram Bağırzadə “Mən bilmirəm bir də sizinlə nə vaxt görüşəcəyik?” deyəndə, ölkə başçısı bildirdi ki, bu görüşlər yenə olacaq.
- Bəhram Bağırzadə kövrəldi...
- Təbii ki, kövrələr. Bəhram Bakı və Bakı mövzusu ilə bağlı məsələlərə canını qoyub. Ona görə Hacı Zeynalabdin Tağıyev mövzusu onun üçün çox əzizdir. İnandırım sizi, Bəhramın min dənə dərdi var, amma o, məhz bunu seçdi və Cənab Prezidentə danışdı.
- Görüşdə kimin çıxışı sizi daha çox təsirləndirdi?
- Afaq Bəşirqızı və Fərhad Bədəlbəylinin çıxışı təsirləndirdi. Çünki orda fikir səsləndirildi ki, gəlin bu gün problemlərdən Cənab Prezidentə danışmayaq. Niyə danışmayaq, bəs dərdimizi kimə danışmalıyıq? Bizim rəhbərimiz, mənəvi atamız odur, dərdimizi Cənab Prezidentə də danışmayıb kimə danışmalıyıq?
- Afaq xanım aktyorların həyat şəraiti ilə bağlı fikir səsləndirdi. Siz bu barədə nə düşünürsünüz?
- Düşünürəm ki, Afaq xanım nümunəvi və cəsarətli çıxış elədi. Onun cəsarətli çıxışı mənə ilham verdi ki, danışım. Çünki əvvəl düşündüm ki, danışsam yenə deyəcəklər, bu Tahir İmanov nə çətin adamdır, yenə problemlərini deyir. Amma mən gördüm ki, bu problemlər tək KVN- i əhatə eləmir, bir çox qurumların deməyə sözləri var və Afaq Bəşirqızının çıxışından sonra mən də qərara gəldim ki, dəridimizi söyləyim.
- Sirr deyilsə, görüşdən sonra foyedə siz və Cabir İmanov Prezidentlə nə barədə söhbət etdiniz?
- Cənab Prezident mənə dedi ki, sən Bəhramla Cabir üçün fəxri ad istədin, amma onların fəxri adı var. Mən də dedim ki, bayaq həyəcanlı idim deyə fikrimi düzgün çatdıra bilməmişəm, mən əslində Sizdən onlar üçün xalq artisti fəxri adını xahiş edəcəkdim (gülür). Bir də komandamızın əvəzedilməz üzvü olan Azər Məmmədzadə üçün fəxri əməkdar adını istədim. Çünki onun heç bir fəxri adı yoxdur. Cənab Prezident də tapşırdı ki, elə oradaca Əbülfəs Qarayevə denən onun da adını siyahıya salsın.
- Konsertinizə dəvət etmədiniz?
- Əlbəttə, Cənab Prezidenti konsertə dəvət elədik.
- Sabah “Məhəllə 3” filminizin təqdimat mərasimidir. Təqdimata da dəvət etdiniz?
- Bəli. Biz Prezidenti filmin təqdimatına da dəvət elədik və Prezident dedi ki, Murad Səmayə xalanı oynasa, mütləq gələrəm (gülür). Biz “Məhəllə 3” filmini ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr eləmişik. “Məhəllə” Heydər Əliyevin ən çox sevdiyi səhnəciklərdən biri idi və onu ən çox güldürən “Nazarbayev bilsəydi kim onun şəklini saxlayacaq, heç Bakıya gəlməzdi” ifadəsi idi. Ona görə biz özümüzə borc bildik ki, bu layihəni Heydər Əliyevə həsr edək və Prezidentimizi təqdimata dəvət edək.
Əsas məsələ odur ki, ölkə başçısı incəsənət və mədəniyyət xadimləri ilə necə danışmaq lazım olduğunu bütün məmurlara göstərdi; təmkinli, səbirli, mülayim... Bilirsiniz niyə görə deyirəm? Çünki biz o məmurlarla təmasda olanda tam əksini görürük; kobud danışmaqlar, qarşındakını dinləməməklər, “get sabah gələrsən”lər, bizi həftələrlə qapı arxasında gözlətmələr... İnanın mənə, Süleyman Ələsgərovun məsələsi ilə bağlı mən neçə il qapılar döydüm. Nəyə görə? Süleyman Ələsgərov küçədən keçən biridir? Süleyman Ələsgərov kimi Azərbaycan musiqisinə töhfə verən adam olmayıb. Siz nəyə görə bizi – Süleyman Ələsgərovun ailəsini - məcbur edirsiniz ki, bu barədə neqativ fikrimiz yaransın? Niyə bu məsələ Cənab Prezidentə qədər gedib çıxmalı idi? Məgər, ölkə başçısının digər problemləri yoxdur? Dünən Afaq xanım da qeyd elədi, ölkəmiz müharibə şəraitindədir. Cənab Prezidentimiz bu qədər məşğul ikən, yenə də vaxt tapıb bizimlə görüşdü, halbuki bu problemləri o məmurlar da həll edə bilərdilər.
- Bildiyim qədəri ilə görüşdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sizə zəng edib.
- Bəli, mən elə qapıdan içəri keçmişdim, qalstukumu çıxarmağa macal tapmamış zəng gəldi. Eldar Əzizov özü mənimlə danışdı. Dedi ki, Cənab Prezident Süleyman Ələsgərovun adına küçə verilməsi ilə bağlı göstəriş verib, küçələrə baxın, seçin və təkliflərinizi verin.
- Siz artıq seçiminizi etmisiniz? Hansı küçəyə Süleyman Ələsgərovun adının verilməsini istəyirsiniz?
- Ailəmiz bu gün ona qərar verəcək. Hələ seçim etməmişik. Mən onu da əlavə edim ki, bu 18 ildə ilk dəfədir ki, biz Bakı Şəhər İcra Hakimiyyəti ilə gözəl münasibət qurmuşuq. Düz 18 il idi ki, Bakı Şəhər İcra Hakimiyyətinin qapıları üzümüzə bağlı idi. Biz hələ on gün bundan qabaq hörmətli Eldar müəllimlə görüşmüşdük. Bizi çox gözəl qarşıladı, dedi ki, bütün tənqidləri qəbul edir, yəni əsl demokratik yanaşma nümayiş etdirdi. Mən onda hiss elədim ki, vəzifəyə yeni düşüncəli məmur gəlib.
- Siz konsertlərinizdə çox zaman Bakı şəhərinin əvvəlki icra başçısı Hacıbala Abutalıbovun obrazını yaradırdınız. Bu adətinizə davam edəcəksiniz?
- Ölkə başçısı konsertlərimizə gələndə Hacıbala müəllim bu tənqidləri çox gözəl qəbul edirdi.
- Yenidən mer obrazı yaradacaqsınız?
- Əlbəttə.
Eldar müəllimin də obrazını yaradacaqsınız?
- Kim olur – olsun (gülür). Yaradacağıq. Bir də ki, Hacıbala müəllim hələ siyasətdən getməyib axı (gülür).
- Sizə telekanallarda qadağalar var idi. Dünəndən bu günə nələrsə dəyişib?
- Artıq zəng edib dəvət etməyə başlayıblar. Biz kinli insanlar deyilik. Heç vaxt da kinli olmamışıq. Düzdür, təhqirləri yaddan çıxarmayacağıq, çünki elə kanallar olub ki, mənim ünvanıma təhqirdən də betər söz deyiblər. Ancaq lazım olarsa, biz onlarla əməkdaşlıq edərik. Space telekanalının rəhbəri Vaqif Mustafayev KVN-ə qarşı çox böyük haqsızlıq edib. Vaxtı ikən hər bir addımı tənqiddən ibarət olan “Yaramaz” kimi film çəkmiş adam bizə qadağa qoymuşdu. Deyirdi ki, siz öz tənqidinizlə dövlət strukturlarına ləkə yaxırsınız. İnanırsınız, bu 4 il ərzində nə qədər təzyiqlərlə rastlaşdıq. Birdən-birə bütün məmurlar KVN-şik oldu, birdən-birə bütün məmurlar Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir oldu. Hamı satira, yumor bilicisinə çevrildi. Bizə yol göstərirdilər. Biri dedi siz ad çəkməyin, digəri dedi müasir yumoristlərlə ayaqlaşın, üçüncü dedi ki, dombalaq aşın, qadın paltarı geyinin, dördüncü dedi satiranı yığışdırın, ancaq yüngül yumor olsun, biz o zaman sizi efirə buraxarıq. Təsəvvür edirsiniz? Sən qalxırsan hansısa zirvəyə, sonra deyirlər ki, ordan tullan. Tullanmaq olar? Dağın başından kim tullana bilər? Bu uçurumdur, ölümdür. Ona görə əsas odur ki, KVN bu 4 il ərzində öz əqidəsini dəyişmədi, öz mənliyini, öz formatını qorudu. Qorumaqdan savayı inkişaf elədi, yeni-yeni layihələrə imza atdı, hətta müəyyən br çərçivədən də çıxdıq. Bunu dünən ölkə başçısı da vurğuladı ki, sən demə bizim bütün fəaliyyətimizi izləyirmiş.
Ona görə dünən tək mən yox, hamı bir məsələni vurğuladı: Cənab Prezident olmasaydı, Mehriban xanım olmasaydı bu gün Azərbaycan mədəniyyətinin inkişafından danışmaq olmazdı. Azərbaycan mədəniyyəti elə bir günə gəlib çıxmışdı ki, Sovetskidən keçəndə dağıntılar görürük, bax ona bənzəyirdi.
- Görüşdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə televiziyalarda bədii şuranın yaradılması ilə bağlı təkliflə çıxış elədi. Siz televiziyada qadağalar görmüş bir şəxs kimi necə düşünürsünüz, bədii şuralar əks effekt yaratmaz?
- Bədii şura həmişə olub və bunun nəticəsi kimi Azərbaycan mədəniyyəti həmişə çiçəklənib. Siz elə bilirsiniz ki, bizim Qara Qarayevlər, Fikrət Əmirovlar, Cahangir Cahangirovlar, Süleyman Ələsgərovlar, Tofiq Quliyevlər bədii şuradan keçməyiblər? Mən bədii şuranın obyektiv işləyəcəyinə əminəm. AZTV artıq bədii şura yaradıb və orda təmsil olunanlardan cəmi birinin adını çəkmək istəyirəm – Faiq Sücəddinov. Orda olanların əksəriyyəti çox obyektiv adamdır. Düzdür, bir-iki nəfər də var ki, mən bir vətəndaş kimi onların həmin bədii şurada olmasına razı deyiləm. Amma Faiq Sücəddinovun orda olmağı mənim üçün kifayət edir. Düşünürəm ki, bədii şura çox obyektiv olacaq. Bədii şura lazımdır. Mən demirəm ki, biabırçı, bayağı müğənnilər oxumasınlar, oxusunlar, getsinlər toylarda, hamamda oxusunlar. Efir bu cür müğənnilər üçün deyil. Əgər bir millət Qara Qarayevi, Fikrət Əmirovu, Rəşid Behbudovu, Bülbülü dünyaya bəxş edibsə onun o cür bayağı müğənniləri efirə buraxmağa ixtiyarı yoxdur. Bu illər ərzində kim bunu edibsə, ilk növbədə Azərbaycan incəsənətinə mənəvi zərbə vurub, digər tərəfdən tamaşaçılara qarşı mənəvi cinayət törədib.
- Prezident görüşdən dərhal sonra kino sahəsinə 5 milyon manat ayrılması barədə sərəncam imzaladı. Siz Bəhram Bağırzadə ilə hazırladığınız vaynlarda kino sahəsini tənqid edirsiniz. Sizcə kino sahəsində hansı problemlər var? Təklifləriniz nədir?
- Birincisi kino sahəsində düzgün kadr seçimi olmalıdır. İndiki halda bəzi işini bacarmayan məmurların ümidinə qalmışıq. Bundan başqa mən istəyərdim ki, milli maraqlarımıza xidmət edən filmlər əlavə dəyər vergisindən azad edilsinlər. Rusiyada, bəzi Avropa ölkələrində bu qayda var. Bunun sayəsində vətənpərvər, görkəmli şəxsiyyətlərimizin həyatına həsr olunmuş filmlərin sayı artacaq.
- Görüşdə Əhmədiyyə Cəbrayılov haqqında film çəkdiyinizi bildirdiniz və bunun üçün prezidentdən dəstək istədiniz. Daha hansı layihələriniz var?
- Hazırda Hacı Zeynalabdin Tağıyev haqqında film üzərində işləyirik, filmin ssenari və musiqisi hazırdır. Yeri gəlmişkən, filmin ssenarisini Ramiz Fətəliyev və Yavər Rzayev, musiqisini Faiq Sücəddinov yazıb. Demək olar, çəkilişə hazırıq, sadəcə vəsait axtarırıq.
- Bunun üçün dövlətə müraciət edəcəksiniz?
- Çox güman ki, özəl qaynaqlar axtaracağıq. Çünki hələlik bu sahədə boşluq var. Dünən hələ 5 milyon ayrılıb, mən düşünmürəm ki, ordan bizim filmə nəsə ayrılsın. Amma yenə də artıq hərəkət var və ümid edirik ki, gələcəkdə bizə də vəsait ayrılar.
- Belə görürəm hələ də dünənki görüşün təsirindəsiniz. Son olaraq nə demək istəyərdiniz?
- Elədir. Görüşün sevinci məni tərk etməyib. Hələ o ovqatdayam. Bizə qadağa qoyulan bu 4 il müddətində dəstək olan bütün qurumlara, dostlara təşəkkürümü bildirmək istəyirəm. Qadağalara baxmayaraq onlar cəsarət nümayiş etdirərək bizə həm maddi, həm mənəvi yardım ediblər. Hər birinə minnətdaram. “Parni iz Baku” bundan sonra da Azərbaycan üçün çalışacaq. Dünən olduğu kimi, bu gün də bəyan edirəm ki, biz əldə etdiyimiz nəticələrlə kifayətlənmirik. Biz fəaliyyətimizi genişləndiririk, bundan sonra səsimizi xaricdən də eşidəcəksiniz.