Elnur Astanbəyli
10 mart Azərbaycan mədəniyyəti adına ən əlamətdar günlərdən biridir – Milli Teatr Günüdür.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən böyük Mirzə Fətəlinin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu.
Həmin tarixi hadisədən hardasa 45 il sonra – 1918-ci ildə Azərbaycan Cümhuriyyəti Dövlət Teatrını təşkil etdi, həmin ilin noyabrında bu teatr Nəriman Nərimanovun "Nadir şah" faciəsi ilə pərdələrini tamaşaçıların üzünə açdı.
Maraqlı məqamdı: Nərimanov Cümhuriyyət əleyhdarı idi, sonralar xeyli peşmanlıq çəksə də, hətta bu peşmanlıq onun ölümünü sürətləndirsə də Cümhuriyyətin süqutuna gətirib çıxaran Sovet işğalının alovlu tərəfdarı idi.
Ancaq bu, Cümhuriyyətin yaratdığı Dövlət Teatrının səhnəsində ilk dəfə məhz onun əsərinin oynanılmasına mane olmadı.
Çünki Cümhuriyyət yaradıcıları – qurucu babalar düşüncə etibari ilə irəligörüşlü, azadlıqsevər idilər, odur ki, siyasi fikir ayrılıqlarını sənətə şamil edən zehniyyətdən uzaq dayanırdılar.
Azadlıq sənətin mayasındadır. Gerçək sənət sadəcə istedadla ortaya çıxmaz. Gerçək sənət ilk növbədə azad qəlbin, azad beynin, azad ruhun məhsuludur.
Bəs yazımıza niyə bu maraqlı məqamla giriş etdik? Ona görə ki, səbəbi var – həm də çox ciddi səbəbi.
Nə acıdır ki, Azərbaycanda teatrın yaranmasının 146-cı ildönümündə biz teatra, deməli ümumilikdə mədəniyyətə, sənətə orta çmağlar pəncərəsindən baxanlar barədə danışmaq məcburiyyətindəyik.
Ölkəmizin ilk müstəqil teatrı – ADO.
O ADO ki, xeyli vaxtdır yersiz-yurdsuzdur.
Təzəlikcə mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında jurnalistlərin ADO-nun üzləşdiyi problemlərlə bağlı sualını cavablandırıb. Əslində onun dediklərini nə qədər "cavab" adlandırmaq mümkündür, bu özü də xeyli mübahisəlidir. Qarayev teatrın media vasitəsilə müraciətlərini "orda-burda yazırlar” kimi ifadələrlə qiymətləndirib, ADO rəhbərinə müraciət edib: "Teatrının aqibəti ilə bağlı ciddi bir layihə hazırlayıb, gətirsin”.
Mən ADO-nun rəhbəri Elmin Bədəlov Yarpaq.Az-a açıqlamasını oxudum. O açıqlamadan maraqlı məqamları sizinlə paylaşmaq istəyirəm: "...200-dən çox incəsənət nümayəndəsi Əbülfəs Qarayevə bizə yer verilməsi ilə bağlı açıq müraciət etdi. Daha sonra nazirlik məsələni diqqətdə saxladığını bildirdi və Bakı Şəhər Mədəniyyət İdarəsinə bu barədə göstəriş verdi. İdarənin rəisi və əməkdaşları teatrımıza gəldilər, STOP adlı tamaşamızı izlədilər. Daha sonra bizə yer verə biləcəklərini dedilər. Lakin qeyd etdilər ki, tamaşalara əvvəlcə idarə baxmalı, razılıq olacağı təqdirdə nümayişə buraxılmalıdır. Biz isə bununla razılaşmadıq. Hesab edirik ki, teatr üçün məkan vacibdir, lakin məkandan da vacib teatrın müstəqilliyi və azadlığıdır”.
Azadlıqların sərhədlərinin sürətlə genişləndiyi bir vaxtda, XXI yüzillikdə yaşanan absurdu görürsünüzmü? Qarayev və onun nazirliyindəkilər hesab edirlər ki, bunlar əvvəlcə ADO-nun tamaşalarına özləri baxmalı, xoşlarına gəlsə, nümayişə buraxılmasına imkan yarada bilərlər. Nazirlə işçilərin zövqü bir teatr üçün meyar kimi müəyyənləşdirilir! –yaşadığımız çağda necə də xəcalətvericidir. Adamın yadına Sovet hakimiyyəti düşür. Sanki onun dağılmasından bu qədər zaman keçməsinə baxmayaraq heç nə dəyişməyib – başda sənətə münasibət olmaqla!
Qarayev və onun nazirliyindəkilər mədəniyyətimizin həqiqi inkişafını istəyirlərsə, ölkədə bir yox, onlarca ADO-nun olmasını cani-könüldən istəməli, arzulamalıdırlar. Çünki müasir dünyada mədəniyyət məhz belə müstəqil sənət yuvalarının çiynində yüksəlir.
"İstəyir ki, bizim teatr onlarla layihələr çərçivəsində əməkdaşlıq etsin və bizə qrant ayrılsın. Biz isə bu təkliflə razı deyilik, düşünürük ki, teatra balaca, hətta təmirsiz məkanlardan biri ayrılsın, lakin teatr müstəqil formada fəaliyyətini davam etdirsin. Dövlətin balansında bu formalı istifadəsiz yerlərin sayı çoxdur, bizə məkan problemində dəstək ola bilərlər. Nazir isə müstəqilliyimizi alıb, qarşılığında məkan problemimizi həll etmək istəyir" – bunu da teatr rəhbəri deyib. Əlavə şərhə ehtiyac görmürəm. Bu cümlələrdə acı reallıq dəqiqliklə ifadə olunub. Dəqiqliklə və ürək ağrısı ilə.
Eyni ağrını bu sətirlərin müəllifi də yaşayır, bölüşür.
Sonda Milli Teatr Günü münasibətilə onun yaranmasında, 150 ilə yaxın bir müddətdə formalaşmasında əməyi keçənləri sayğı ilə anır, başda elə ADO-çular, İlqar Cahangir kimi teatr sənətimizdə azad ruhu, azad yaradıcılıq ehtirasını qorumağa çalışan dəyərli teatr xadimlərini qutlayıram.