Birləşmiş Ştatlarla İsrailin yolları ayrılır?
08:18 26-09-2012
SİYASƏT
Birləşmiş Ştatlarla İsrailin yolları ayrılır?
Ən yaxın tarixin son 50 ili müddətində ilk dəfədir ki, Birləşmiş Ştatlarla İsrail arasında fikir ayrılığı müşahidə edilməyə başlanıb. İranın məlum nüvə proqramına görə...
Xatırlatmağa ehtiyac yoxdur ki, qonşu dövlətin yürütməkdə olduğu nüvə proqramı dünya birliyi tərəfindən ciddi narahatlıqla izlənir və bu prosesin qarşısını almaq üçün İrana qarşı olduqca sərt iqtisadi sanksiyalar da tətbiq edilib.
Qeyd etdiyimiz kimi, İranın nüvə sürprizindən bütün dünya birliyi əndişələnir. Lakin bu sırada ön yerlərdən birini İsrail tutur. İsrail dəfələrlə İranın nüvə obyektlərinə hərbi zərbə endirəcəyi barədə bəyanatlar verib, planlar açıqlayıb.
Bununla belə, politoloqlar haqlı olaraq qeyd edirlər ki, İsrail bu tipli bəyanatları verərkən daha çox Amerikanın dəstəyinə güvənərək belə mövqe sərgiləyir. Zatən Amerika da həmişə İsraili başa düşdüyünü bildirir və özü də ara-sıra İranın ünvanına sərt mesajlar ünvanlayırdı.
Bütün bu dartışmaların və iqtisadi sanksiyaların dar ilgəyi müqabilində isə İran getdikcə hərbi gücünü artırmaqdadır və deyəsən, bu artımın fonunda Amerikanın da İranla bağlı planlarında dəyişikliklər baş verməyə başlayıb.
Belə ki Birləşmiş Ştatların prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahunun İranla bağlı münasibətlərinə sərt reaksiya verib. Amerikanın "60 dəqiqə" adlı tədqiqat xarakterli proqamında çıxış edən Obama bildirib ki, İsrailin İranla bağlı mövqeyi başa düşüləndir, lakin baş nazir Benyamin Netanyahunun inadkarlıqla bu ölkə üçün qırmızı xətt siqnalı tələb etməsi hay-küydən başqa bir şey deyil.
"Mən İsrailin baş naziri Benyamin Netanyahunun İranla bağlı narahatlığını başa düşürəm. İranın nüvə silahı əldə etməsi İsrail üçün, həmçinin, Birləşmiş Ştatlar və, ümumilikdə, beynəlxalq ictimaiyyət üçün təhlükə ola bilər. Nəticədə isə nüvə müharibəsi başlaya bilər. Lakin beynəlxalq təhlükəsizlik məsələsində mən yalnız öz ölkəm üçün doğru olan addımları atacağam. Başqalarının hay-küyünə isə məhəl qoyan deyiləm" - deyə Obama bildirib.
Obama, eyni zamanda, Oktyabr ayında keçiriləcək prezident seçkilərində əsas siyasi rəqibi olacaq Mit Romninin də onunla bağlı işlətmiş olduğu bəzi ifadələrə cavab verib. Obama qeyd edib ki, Romninin bu cür ifadələr işlətməsi onun yeni bir müharibə niyyətləri ilə bağlıdır. "Əgər, həqiqətən də, müharibə istəyirsə, bunu açıq-aşkar bəyan etsin", - deyə ABŞ prezidenti əlavə edib.
Millət vəkili Asim Mollazadənin sözlərinə görə, "Son zamanlar Birləşmiş Ştatlarla İsrail arasıənda müyyən məsələlərlə bağlı fakir ayrılıqları yaranıb. Hətta bu yaxınlarda İsrailin baş naziri Benyamin Netenyahu Birləşmiş Ştatlara səfər edərkən Amerika prezidenti Barak Obama ilə onun görüşü olmadı. Netenyahu bunun əvəzində Amerikada fəaliyyət göstərən bir sıra yəhudi təşkilatları ilə silsilə görüşlər keçirdi və bu görüşlərdə İran məsələsinə də xeyli yer ayrıldı".
Millət vəkili hesab edir ki, "Barak Obamanın sözügedən bəyanatı və yaxud İsrailə yönəlik mesaji həm də seçkiqabağı kampaniyanın tərkib hissəsi kimi qavranıla və dəyərləndirilə bilər. Unutmayaq ki, Amerika cəmiyyəti sərbəst və azaddüşüncəli oğlanları çox xoşlayır. Obama da bir siyasətçi kimi kütlənin bu damarını tuta bilir. Yəni həmin mesaj İsrail dövlətindən daha çox Amerikanın ortasəviyyəli seçicisinə hesablanmış jestdir. Çox güman ki, Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri başa çatandan sonra prezident kreslosunda hər kim əyləşsə, biz bu kreslodan başqa bəyanatların səsləndiyinin şahidi olacağıq".
Millət vəkilinin dediyinə görə, "İsrail İrandan hədsiz dərəcədə ehtiyat edir və bunun üçün müəyyən qədər əsasları da var. Çünki İranın müxtəlif dövlət rəhbərləri dəfələrlə bəyan ediblər ki, əlverişli imkan düşən kimi İsraili yerüzündən siləcəklər. Qeyd etməliyəm ki, bu bəyanatlar seçkiqabağı ritorikaya bənzəmir".
Millət vəkili hesab edir ki, "Birləşmiş Ştatların Yaxın və Orta Şərqdəki əsas tramplini İsraildir və güman etmirəm ki, Amerika İsraili İranın real təhdidləri qarşısında tək qoyacaq. Çünki Amerikada yaxşı başa düşürlər ki, İranın İsraili küncə sıxışdırması ilə İranın iddiaları və iştahı bitməyəcək. Bunun ardınca Səudiyyə Ərəbistanına növbə çatacaq ki, bu da bütün Ərəbistan yarımadasının könüllü şəkildə İrana təhvil verilməsi deməkdir. Amerika isə belə ciddi strateji səhvlərə yol verməz".
Savalan
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53