Xəbər verdiyimiz kimi, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Atası polis olan körpənin valideyinləri onun adını Mehriban qoydular. Azərbaycanda 9 milyonuncu sakin olan uşaq 15 yanvar 2010-cu il saat 05.10-da radələrində Naxçıvanda dünyaya gəlib. Valideyinləri körpənin adını isə İlham qoymuşdular. Diqqqətinizə çatdıraq ki, 9 milyonuncu sakinin atası da polis əməkdaşı olub. 

Mövzunun aktuallığını nəzərə alaraq Unikal.org Azərbaycanın 9 milyonuncu vətəndaşı İlham Əhmədovun atası ehtiyatda olan polis mayoru İlkin Əhmədovla əlaqə saxlayıb.  İlkin Əhmədov övladının səhhəti, təhsili və digər məsələlər barədə maraqlı açıqlama verib. 

-İlkin müəllim Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəldi. Bu barədə nə deyə bilərsiniz?

-Vallah bunu eşidəndə çox sevindik. Övladım İlham da buna görə sevinirdi. Nə deyək vallah. Allah başda prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva  olmaqla xalqımızı qorusun. 

-İlkin müəllim Azərbaycanın 9 milyonuncu sakinin atası kimi o vaxt keçirdiyiniz hisslərinizdən danışardınız. 

- Bu çox böyük qürur hissi idi. Həyat yoldaşım və mən çox sevinirdik. Burada bizim sevincimiz bir-birinə qarışdı. Övladımız dünyaya gəldi, Azərbaycanın 9 milyonuncu vətəndaşı oldu, həm də prezident İlham Əliyevin diqqəti, Mehriban xanım Əliyevanın xeyir-duasını aldıq... Ailəmizlə qərar verdik ki, övladımız cənab prezidentin adını daşısın. Ona görə də adını İlham qoyduq. Arzu edirəm ki, 20 milyona çataq. Daha bir arzum isə növbəti milyonlarda oğlum İlhamın övladı dünyaya gəlsin.   

-Övladınızın hazırkı təhsili, səhhətti necədi?

-İlham bu gün bütün dərslərindən 5 qiyməti alır. Çalışır ki, adına, vətənə layiq bir övlad olsun. O vaxt polis kapitanı idim. Bakıda işləyirdim. Hazırda polis mayoru kimi, səhhətimlə əlaqədar təqaüddəyəm. Naxçıvanda yaşayıram. Övladım İlham Naxçıvan Muxtar Respublikasının Babək rayonu Cəhri kəndin 1 nömrəli pilot orta məktəbin 3-cü sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Bununla belə, İlham musiqi ilə (tar) və karate ilə də məşğuldur. Bacardığımız qədər çalışırıq ki, İlhamı dövlətimizə, xalqımıza layiqli övlad kimi böyüdək. 

-Prezident sizə o vaxtı mənzildə hədiyə etdi...

-Bəli. 2010-cu il yanvarın 15-də övladımın dünyaya gəlməsi ilə Azərbaycan artıq doqquz milyonluq əhalisi olan bir ölkəyə çevrildi. Bu hadisənin tarixi əhəmiyyətini və ölkəmizin doqquz milyonuncu vətəndaşının sosial müdafiəsinin təmin olunması zərurətini nəzərə alaraq cənab prezident Bakı şəhərində bizə 3 otaqlı mənzil hədiyyə etdi. Bununla belə, övladımın adına 20 min manat banka qoyulub. Ölkə başçısının tapşırığına əsasən bu məbləğin faizlər hesabına artırılmasını və əmanətçi (övladım) 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin edilib. Allah dövlətimizi, cənab prezidenti var eləsin. O, hər zaman bizim yanımızda olduğu kimi, biz də İlham Əliyevin yanında olacağıq.

Amid Əyyuboğlu