Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarovanın erməni-faşist hərbçisi Qaregin Njdeyə heykəl qoyulmasını pisləməsi Ermənistanda ciddi gərginlik yaradıb.
Unikal.org anspress-ə istinadən bildirir ki, məsələ ilə bağlı həm parlament səviyyəsində, həm də hökumət  səviyyəsində absurd rəylər bildirilib. Bu rəylərin içində ən absurd fikir isə Zaxarovanın, ümumiyyətlə, Rusiya XİN-in faşist hərbçiyə heykəl qoyulmasını pisləməsinin arxasında Azərbaycanın sifarişinin durması ilə bağlı edilən iddiadır. 

"Bu, faşizmə qarşı qələbənin əsas müəlliflərindən biri Rusiyada narahatlıq doğurub"

Ermənistanın hakim Respublika Partiyasının ideoloji atası olan Qaregin Njde (Qaregin Ter-Arutunyan) İkinci Dünya müharibəsi illərində Berlinə gedərək Hitlerlə əməkdaşlıq edib. O, hətta Vermaxt tərəfindən dərc olunan faşistyönümlü "Azat Hayastan" (Azad Ermənistan) qəzetinin baş redaktorunun müavini olub. Vermaxtda erməni legionunu yaradılmasında iştirak edib.

Ermənistanın hakim partiyası öz ideoloji atasının Qaregin Njde olduğunu bəyan etsə də, onun faşistlərlə əlaqəsini nəzərə alaraq bu barədə susmağa üstünlük verirdi. Amma artıq Ermənistanın hakim Respublika Partiyası özündə güc taparaq öz ideoloji atasını bəyan etməkdən çəkinməyib. 28 may 2016-cı ildə İrəvanda prezident Serj Sarkisyanın şəxsi iştirakçı ilə Qargeni Njdeyə qoyulmuş heykəl açılıb.

Təbii ki, bu, Ermənistanın strateji tərəfdaşı, İkinci Dünya müharibəsində faşizmə qarşı qazanılmış qələbənin əsas müəlliflərindən biri Rusiyada narahatlıq doğurub. Rusiya XİN-in mətbuat katibi Zaxarova keçirdiyi mətbuat konfransında Rusiyanın İrəvanda Qargeni Njdeyə heykəl qoylumasını anlamadığını bildirib:

"Bizim üçün həmin abidənin niyə qoyulması anlaşılmazdır"

"Bizim Böyük Vətən müharibəsinə münasibətimizi hər kəs bilir. Nasizmin, neonasizmin, ekstremizmin istənilən cür təzahürünə, hansısa formada bərpasına bizim münasibətimizdən hər kəs xəbərdardır. Bu münasibət beynəlxalq sənədlərdə təsbit olunub. Bizim üçün həmin abidənin niyə qoyulması anlaşılmazdır".

Zaxarovanın bu bəyanatı İrəvan siyasətçilərinin böyük hay-küyünə səbəb olub. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Qaregin Njdenin erməni xalqı üçün böyük dəyər olduğunu bildirib və Rusiya XİN-nin tənqidinin əsassız olduğunu iddia edib. Şarmazanov hətta çəkinməyib və Qaregin Njdeni Rusiya tarixinin Aleksandr Nevski, Aleksandr Suvorov, marşal Jukov kimi qəhrəmanları ilə eyniləşdirib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Tiqran Balayan da boş dayanmayıb və Zaxarovanın bəyanatını Azərbaycanla bağlamağa çalışıb. O, Qaregin Njdenin Hitlerlə əməkdaşlığı barədə susub və onun Azərbaycana qarşı mübarizə apardığını iddia edib. Tiqran Balayan hətta Qaregin Njdeyə heykəl qoyulması ilə bağlı müxtəlif ekspertlərin, o cümlədən Mariya Zaxarovanın dərc edilmiş tənqidi fikirlərinin Azərbaycanın sifarişi olduğunu  iddia edib.

"Beynəlxalq hüquqa görə Qaregin Njde də, onunla birgə Vermaxtda erməni legionunu yaratmış Drastamat Kanayan da faşistdir"

Təbii ki, beynəlxalq diplomatia müstəvisində bu cür iddiaları heç kim qəbul etmir. Beynəlxalq hüquqa görə, Qaregin Njde də, onunla birgə Vermaxtda erməni legionunu yaratmış Drastamat Kanayan, yəni Qərbi Azərbaycanda və Şərqi Türkiyədə hamının tanıdığı məşhur cəllad Dro da faşistdir. Onların nə cürsə təqdir edilməsi beynəlxalq hüquqa görə faşizmin təbliği sayılır.

Yeri gəlmişkən, Serj Sarkisyana yaxın olan erməni KİV-ləri Hitlerlə əməkdaşlıq etmiş ikinci cəllada -  Drastamat Kanayana, yəni Droya da heykəl qoyulmasını tələb edirlər. Ermənistanda hakimiyəti  ələ keçirmiş rejim artıq öz mahiyyətini gizlədəə bilmir və Qaregin Njde, Dro kimi faşist ideoloqlarının yolu ilə getdiklərini bəyan etməyə başlayıb. Yəni Ermənistanı ələ keçirmiş rejim artıq olduğu kimi görünməyə başlayıb.

İnşallah, bütün dünya da onları  olduğu kimi, yəni işğalçı və faşist kimi görməyə başlayar.  Bu isə Azərbaycana işğal edilmiş ərazilərinin hərb yolu ilə geri qaytarılmasına legitim hüquq təmin etmiş olar.