Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Mərzçəkənlər Federasiyasına (FIG) üzv oldu. Belə ki, Federasiyanın Vyetnamın Hanoy şəhərində keçirilən Baş Assambleyasında Azərbaycanda torpaq sahələrində mərzçəkmə işinin təşkili və aparılmasını təmin edən qurum kimi komitə Federasiyaya üzv seçildi. Bununla komitə mərzçəkmə sahəsində həyata keçirilən beynəlxalq təcrübələrdə yaxından iştirak edəcək, peşəkar kadr potensialı daha da təkmilləşəcək.
Unikal.org xəbər verir ki, federasiyanın fəaliyyəti daşınmaz əmlak idarəçiliyinin bütün sahələrini əhatə edən 10 peşəkar komissiya tərəfindən həyata keçirilir. Onların 8-də komitənin müvafiq nümayəndələrinin təmsil olunması nəzərdə tutulur. Həmin komissiyalar “Peşəkar standartlar və praktika”, “Peşəkar təhsil”, “Məkan məlumatlarının idarəedilməsi”, “Koordinat yerləşmələri və ölçmələr”, “Mühəndis tədqiqatları”, “Kadastr və torpaq idarəçiliyi”, “Məkan planlaşdırılması və inkişaf”, “Qiymətləndirmə və daşınmaz əmlakın idarəedilməsi” sahələrini əhatə edir.
Qeyd olunmalıdır ki, 1878-ci ildə təsis edilmiş Beynəlxalq Mərzçəkənlər Federasiyasının (FIG) əsas məqsədi beynəlxalq mərzçəkmə qaydalarının müəyyən edilərək daim təkmilləşdirilməsi və onların ölkə praktikalarında düzgün tətbiqini təbliğ etməkdən ibarətdir. Federasiya qlobal mərzçəkmə üzrə bütün peşəkar sahələri əhatə edən qeyri-hökumət təşkilatı olub, 120-dən çox dövlətin mərzçəkmə assosiasiyalarını, aidiyyəti dövlət qurumlarını, o cümlədən elmi-tədris müəssisələri və mərzçəkmə fəaliyyəti ilə məşğul olan şirkətlərin üzvlüyünü təmin edən və onların fəaliyyətini əlaqələndirən, BMT tərəfindən tanınan qeyri-kommersiya təşkilatıdır.
Federasiyanın üzvləri mərzçəkmə sahəsində peşəkar təcrübələrə dair məlumatları pulsuz əldə etmək, təşkilatın minlərlə kitab, broşür və digər nəşrlərdən ibarət fiziki və elektron kitabxanasından istifadə etmək imkanına malikdir. Həmçinin təşkil olunan seminar, təlim kursları, illik konfrans və forumlarında iştirak etmək, eləcə də qlobal mərzçəkənlər şəbəkəsinin üzvləri ilə peşəkar təcrübə mübadiləsini həyata keçirmək hüququna malikdirlər.