Salyanda bankomatdan oğurluq edən şəxslər saxlanılıb.
Unikal.org xəbər verir ki, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabağlı kənd sakini, Məmmədov Elmir Rəcəbəli oğlu və Qırxçıraq kənd sakini Vəliyev Əflatun Xəlil oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin istintaq zamanı məlum olub ki, Elmir Məmmədov tanışı Əflatun Vəliyevlə qabaqcadan əlbir olaraq bu il aprelin 1-də rayonun Kərimbəyli kəndindəki mağazaların birində quraşdırılmış MilliÖn ödəmə terminalını sındıraraq pul kassasını oğurlamaq istəsələr də cəhdləri baş tutmayıb. Elmir Məmmədovun isə törətdiyi daha bir cinayətin üstü açılıb. Məlum olub ki, o, fevralın 13-də həmin mağazadakı MilliÖn ödəmə terminalını sındırmaq yolu ilə kassanı oğurlayıb, içindəki 3894 manat pulu götürüb. E. Məmmədov izi itirmək məqsədi ilə kassanı yaxınlıqdakı Axmaz gölə atıb. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Axmaz gölə atılan kassa isə maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.