Artıq gizli yol patrul xidmətləri tək Bakıda deyil, ölkənin bütün avtomobil yollarında da fəaliyyət göstərir.
Unikal.org xəbər verir ki, bu barədə Xəzər Xəbərə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Şöbə rəisi sürücülərə bununla bağlı xəbərdarlıq edib.
Onların hansı ərazilərdə dayanmaları və sayları barədə məlumat verilmir. Amma üzərində sayrışan işıq və heç bir yazı olmayan avtomobildə iki əməkdaş və bir kamera var. Qayda pozan istənilən sürücünün hərəkəti həmin kamera vasitəsilə qeydə alınır və mərkəzi sistemə ötürülür. Bundan sonra qaydanı pozan sürücünün ünvanına elektron protokol göndərilir. Bu qayda eynilə rayonlarda da belə olacaq.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, gizli yol polisinin fəaliyyətə başlaması yol-nəqliyyat hadisələrinin azalmasına təsir edib.
Qeyd edək ki, gizli yol polisinin, qaydaları pozan sürücünü saxlayıb ona qarşı hər hansı bir cərimə yazmaq səlahiyyəti yoxdur. Hətta avtoxuliqanlıq edən sürücü belə aşkar edildikdə gizli patrul avtomobili ona heç bir müdaxilə edə bilməz. Sadəcə olaraq faktı videogörüntü ilə qeydə aldıqdan sonra, ərazi üzrə yol polislərinə məlumat verir.