"Hətta Prezident sərəncam vermişdi ki, ailəyə istədikləri yerdə ev tiksinlər, amma bizim istəyimizi nəzərə alan olmadı. Bizə elə yerdə ev tikdilər ki, nə qonşu var, nə qaz, nə də işıq. Orda yaşamaq olmur".
Unikal.org xəbər verir ki, bunu admiral.az-a Milli Qəhrəmanımız Mübariz İbrahimovun atası Ağakərim İbrahimov deyib.
- Ağakərim bəy, belə hiss etdim ki, müsahibə vermək istəmirdiniz, səbəbi nədir?
- Əvvəla hər kəsi müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Düzü, heç kimlə danışmaq istəmirəm. Güya danışsam, nə dəyişəcək? Belə də ki, oğlum mənim varlığım, həyatım idi. Həmişə ailənin qayğısını çəkirdi. Hər kəs bilir ki, mənim heç nədə gözüm yoxdur, millətimə görə canımı da verərəm. Övladlarımı da vətənpərvər ruhda böyütməyə çalışmışam. Bir məqama diqqət edin ki, Mübariz biləsuvarlıdır, onun nə doğulduğu yurd işğalda idi, nə də şəhid qohumları vardı. O, vətən sevgisindən, vətən yanğısından, onu azad etməkdən ötrü addım atdı. Oğlanlarımın üçünü də milli ruhda böyütmüşəm, onlar vətənpərvər, dinlərinə, dillərinə, imanlarına bağlı olub!
Bir xatirə danışım sizə. Bir dəfə oğlanları toplayıb dedim ki, namaz qılmaq lazımdı, din-iman vacibdi, biz seyid nəslindənik. Oğlanlarım mənə sual verdilər ki, bəs sən özün haçan namaz qılmağa başlamısan? Düzü bir az duruxdum, çünki 50 yaşımda namaza başlamışdım və onlara izah etdim ki, mən səhv etmişəm, gec başlamışam, siz isə vaxtında namaz qılın, dinimizin əməllərini yerinə yetirin. İki oğlum başladı bir az da sorğu-suala, Mübariz isə qayıtdı ki, niyə atanı sıxışdırırsız, səhv etdiyini və bizim də bu səhvi etməməyimizi deyir də. Ondan sonra o biri iki oğlum da susdu. Ancaq təəssüf olsun ki, Polis Akademiyasına gedən oğlum oxumağa başlayanda namazı buraxdı.
Mənim Mübarizim uşaqlıqdan çox fərqli idi, dünyaya baxışları, ailədə valideyinləri, qardaşları ilə bağlı davranışları gözəl idi. Əsgərliyə gedib qayıtdıqdan sonra bir müddət mülki işlərdə işlədi, ancaq sonra yenidən hərbiyə dönməyə qərar verdi. Gəlib məsləhətləşəndə etiraz etdik, amma qarşısını ala bilmədik. Bir il keçdi, bizi də razı saldı ki, hərbiyə gedim və getdi, kişi kimi xidmət etdi, kişi kimi də şəhid oldu. Oğlumla qürur duyuram! Bu adam öz maaşına "mənim maaşım" yox, "ata, sənin maaşın artacaq" deyirdi... Mən onun haqqında daha bir şey deməyim, çünkü hər şeyi bütün ölkə bilir. Tək şey deyim: Kaş ki, onun bütün yükü üstümdə qalmayaydı.
Hələ ilk müsahibəmdə demişdim ki, Allah mənə 3 oğul verib, biri vətənə fəda olsun, amma gedib Allah kəliməsin ordan çıxarırlar. İndi mən necə müsahibə verim? Avropada xristian futbolçu belə qol vuranda, əlini Allaha qaldırır, bəs siz niyə Allah kəliməsini müsahibəmdən çıxarırsız və mən bu etikasızlıqla barışa bilmirəm! Mən əgər "bütün ailəm vətənə fəda olsun" desəydim, bu gün bütün məsuliyyəti çiyinlərimə götürərdim, amma mən bir oğlumu qurban verirəm, dedim və öz borcumdan çıxdığımı düşündüm. Bu hadisə adi bir hadisə deyildi. 1983-cü ildən hər şeyi hiss etməyə başlamışdım, yuxularımda bu şeyləri görürdüm, bilirdim oğlanlarımdan birini qurban verəcəm, bu hadisələr baş verəcək, onda mən heç namaz qılmırdım, molla nədir, bilmirdim. Mübariz şəhid olmamışdan 25-gün əvvəl söhbətim oldu. Dedim ki, Allah mənə 3 oğul verib, onlardan biri vətənə fəda olsun. Mübarizi şəhid verdiyim gün isə dedim ki, üç oğlumdan birini qurban verdim, bundan sonrası sizlikdir. Yaşadın, ucaldın onu, ancaq heç kim dediklərimi etmədi, bütün yükü mənim çiyinlərimdə qaldı. Adicə bir şey deyim, bizim adətlərimizə görə, yas yiyəsinə iş gördürmürlər, onu kənarda oturdub özləri bütün məclisi, yası yola verirlər, amma məndə belə olmadı. 6 ildir bütün məsuliyyət, bütün ağırlıqlar üstümə atılır. Mən tək qaldım, mənəvi dəstək verilmədi. Balamın bütün yükünü mənə daşıtdırırlar. Həmişə "vətən sağ olsun" dedim. Gərək əvvəlcədən dəstək olaydılar, mən gedib öz işimlə məşğul olmalı idim. Son altı ildə üç yüz min ziyanım var, qapanmışam evimə. Buna görə də incidim, içimə qapandım, bu ailəni yenə özüm ayaqda tuturam. Əslində, Mübarizlə biz də ölmüşük. Mübarizin adından istifadə etdilər, o dedi mənimdi, bu dedi mənimdi. Bütün dərdi, ağırlığı üstümə atdılar. Mənim ümumi incilikliyim var, şəxsən kimsədən yoxdur. Bu gün heç kimə deyə bilmərəm mənə kömək edin, oğlum şəhid olub!
- Belə söhbətlər var ki, oğlunuza Biləsuvar rayon Polis İdarəsində vəzifə veriblər, özünüzə birdəfəlik maddi vəsait ayrılıb, evlə, maşınla təmin edilmisiz, bu deyilənlər düzdür?
- Şəxsən heç kimə müraciət etməmişəm ki, mənə kömək edin, özləri maddi köməkliklər ediblər, amma maşın, ev, oğluma polisdə iş verilməsi yalandı. Oğlumun birini Polis Akademiyasına aparıblar, o da bitirmək üzrədir. İnşallah, bitirər, işləyər. Bir dəfə rayon icra hakimiyyətindən dedilər ki, harda ev tiksən, sənə köməklik edərik. Ev məsləsi də belə oldu: Dövlət öz qayğısını heç vaxt əsirgəməyib. Hətta Prezident sərəncam vermişdi ki, ailəyə istədikləri yerdə ev tiksinlər, amma bizim istəyimizi nəzərə alan olmadı. Bizə elə yerdə ev tikdilər ki, nə qonşu var, nə qaz, nə də işıq. Orda yaşamaq olmur. Yol qırağında bir onu bizə gah ev, gah da muzey adı ilə təqdim etdilər. Ancaq çıxıb konkret bu evdi, ya muzeydi deyən olmadı. Mən də onu qəbul etmədim. Bu gün mənə maddi dəstək yox, daha çox mənəvi dəstək lazımdır, amma mənəvi dəstəyi görmürəm. Öz təsərrüfatımı yenicə qurmuşdum, kənddə 3 imkanlı ailədən biri idim, ancaq bütün təsərrüfatım məhv oldu, qapandım evə, başladım oğlumun yükünü çəkməyə. Bu altı ildə bütün ölkə bu komaya axışdı gəldi, olmazdı ki, mənə insanların qabağına çıxa biləcəyim bir münasib ev verilsin?
- Biləsuvarda başqa şəhidlərimiz də oldu, onlarla bağlı nə demək istərdiniz? Getdinizmi onların dəfninə? Bir şəhid atası kimi Qarabağda oğlu ölmüş erməni atası görsəniz, onunla əl sıxarsız?
- Allah bütün şəhidlərimizə rəhmət etsin! Dəfnlərdə iştirak edə bilmədim, amma icra hakimiyyətinin dəvətilə onların tədbirinə getdim, orada prezidentimizin fikirlərini ifadə etdim. Dedim ki, erməni əsgərinin də anası var, qan tökülməsin, torpaqlar sülh yolu ilə qaytarılsın, yox əgər ermənilər rədd olub getməsələr, onları məhv edərik. Ancaq təəssüflər olsun ki, icradakılar bu çıxışımı bəyənmədi, mənə "daha pafoslu danışmalıydın" dedilər. İndi mən bu insanlara nə deyim axı. Məncə, biz sözdə yox, əməldə iş görməliyik. Mən birlik istəyirəm, birlik olmadıqca bu torpaqlar azad olmayacaq.
Bu gün xalq prezidentin ətrafında birləşib, vətənimizə xidmət etməlidir. İlham Əliyev mənim dostumdur. Mən onunla birlikdə mübarizəyə hazıram.
Mənim qapıma yüzlərlə adam gəlir ki, sənin sözünü məmurlar eşidir, mənim filan işimi yoluna qoy, onlara gülürəm ki, ay bala, mənim özüm nə gündəyəm axı? Uşaqlar işsizdir, özüm evimə qapanmışam. Siz ən yaxşısı, məmurlara deyin ki, mənim yanıma gəlsinlər, onlarla danışım, problemləri həll edim, ondan sonra adamlar başa düşdü ki, mən heç də kənardan göründüyü kimi deyiləm. Millətçi adamam, millətimi, vətənimi sevirəm. Biz nə edirksə, edək, ölkəmizi xilas edək. Bunun üçün yalnız Allahın vacib bildiklərinə əməl etməliyik.
- Sizcə, bu ölkədə müəllimlərimiz, həkimlərimiz, polisimiz, ziyalılarımız, öz növbəsində hər kəs xalqa yetərincə xidmət edirmi?
- Məncə, biz xalq olaraq düzəlmədən o saydıqlarınız bizə heç bir xidmət etməz. Görürsünüzmü, Avropada heç sərhədlər yoxdu, amma insanlarda birlik, öz dilinə, dininə əməletmə var. Buna görə də firavanlıqdı, adam kimi yaşayırlar. Bizim keçmişdə etdiyimiz səhvləri gənclərimiz etməsin. Bu gün tək istəyim budur ki, gənclərimiz Allah sevgisi ilə böyüsün, prezidentimizə baxsınlar, nümunə götürsünlər.