Ötən gün Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsinin eniş edə bilməməsi və məcburən geri qayıtması əslində bir çox sualları ortaya çıxardı. Əvvəlcə sərnişinlərə Naxçıvanda hava şəraitinin əlverişsiz olması ilə əlaqədar geriyə paytaxta uçuş edildiyi və tez bir zamanda Naxçıvana uçmağın mümkün olacağı bildirilsə də, məsələ sonradan xeyli uzandı.
Unikal.org ANS TV-yə istinadən məlumatına görə, sərnişinlər isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saatlarla gözləmək məcburiyyətində qalıb. Sərnişinlərin bildirdiyinə görə, növbəti reys elan olunana qədər hava limanının ərazisini tərk etməyə də icazə verilməyib. Bu bir yana, onların qida və içki ilə təmin edilməsi də unudulub.
Sərnişin Çingiz Əliyev də yaranmış vəziyyətlə bağlı öz şikayətini bildirib.
"Biz 16:30 Bakıya düşdük. Gecə 01:00 qədər arada bir dəfə bizə yemək təklif olundu. Uşaqlar üçün. Daha sonra heç nə təklif olunmadı. Eləcə də yaşlıların və xəstələrin istirahəti üçün heç bir yer təklif olunmayıb"-deyə sərnişin öz şikayətini çatdırıb.
Nəzərə alsaq ki, Ramazan ayını yaşayırıq və təyyarədəki sərnişinlərin arasında da oruc tutanlar var idi, belə olan halda ac-susuz gözləmək ən çox bu insanlara əziyyət vermiş olub. AZAL rəsmiləri isə bu fikirlə razılaşmır. Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski sərnişinlərin azı bir dəfə qida və su ilə təmin edildiyini bildirib.
"Sərnişinlər hava limanında su ilə təmin olunub. Hava limanının qaydalarına əsasən yalnız 9 saatdan sonra sərnişinlər otellərə yerləşdirilməlidir" - deyə Paşa Kəsəməniski bildirib.
Ancaq saat 14:50-də Bakıdan havaya qalxmış təyyarənin saat 16-dan sonra geri qayıtdığını və yalnız gecə saat 01-dən sonra yenidən Naxçıvana istiqamət aldığını hesablasaq, onda sərnişinlərin hava limanında 9 saatdan da artıq müddətdə gözlədiyi məlum olur.