"Formula 1" Avropa Qran Prisinin Bakı şəhər trasından narazı qalan pilotlar evə qayıda bilərlər.
Unikal.org "Eurosport"a istinadən verdiyi məlumata görə, bunu "Formula One Management"in prezidenti Berni Ekklstoun deyib.
B.Ekklstoun pilotlar Censon Battonun və Niko Rosberqin trasın ayrı-ayrı sahələrindən şikayət etməsinə münasibət bildirib: "Tras belədir, əgər xoşlarına gəlmirsə, evlərinə getsinlər".
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.