Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu qəbul edib.
Unikal.org azertag-a istinadən xəbər verir ki, Məhəmməd Yunus Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişaf proseslərinin getdiyini vurğuladı, ölkəmizdə müsbət dəyişikliklərin onda dərin təəssürat yaratdığını dedi. Məhəmməd Yunus Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işləri də yüksək dəyərləndirdi.
Ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və bu müddət ərzində görülən işlərdən danışan dövlətimizin başçısı 25 illik dövrün Azərbaycan üçün iqtisadi transformasiya dövrü olduğunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə, xüsusilə iqtisadi sahədə geniş miqyaslı islahatların həyata keçirildiyini vurğuladı. Son dövrlər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış vəziyyətə toxunan dövlətimizin başçısı iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini dedi.
Sonda xatirə şəkli çəkdirildi.