Hadisə əməliyyat zamanı baş verib. Ağstafada keçirilən əməliyyat zamanı polis əməkdaşı başından güllə yarası alıb.
Unikal.org apa-ya istinadən bildirir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları kənddə əməliyyat keçiriblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Atılan güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun baş nahiyəsinə dəyib. Xəsarət alan polis əməkdaşı əvvəlcə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə DİN-in paytaxtdakı hospitalına aparılıb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.