Qaxda narkotik tərkibli bitkilər əkib-becərən Balakən rayon sakinləri həbs edilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Qax RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirib.
Keçirilmiş tədbir nəticəsində rayonun Şıxlar kənd yaxınlığında meşə ərazində əkilib, aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Əməliyyat nəticəsində əraziyə çətənə kollarını Balakən rayon sakinləri olan Göylərov Elşən Nəzir oglu,  Müstafayev Şahid Nurhuda oglu və Osmanov Nəcməddin Osman oglu əkdikləri müəyyən edilib. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs narkotik bitkilərin əkildiyi ərazidə saxlanılaraq istintaqa təhvil veriliblər. Hal şahidlərinin iştirakı ilə ərazidən 33 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı Qax RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.