Bakının mərkəzi küçələrində təhlükəli hörümçəklər peyda olub. ANS PRESS-in məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb. Məsələyə biologiya elmləri doktoru, AMEA Zoologiya İnstitutunun baş elmi işçisi Natalya Sneqovaya aydınlıq gətirərək bildirib ki, həmin hörümçəklər bövlərdir.
"Bövlər (falanqa) - hörümçəkkimilər və ya araxnidlər sinfinə aid olub, çoxsaylı tükcüklərlə örtülmüş iri ölçülü hörümçəkkimilərdir. Əhali arasında zəhərli heyvanlar kimi məşhur olduqları üçün məhv edilirlər. Əslində isə onların zəhər vəziləri yoxdur, həzm şirəsi isə zəhərli olmasa da, xeliserlərinin üzərində çox vaxt şikarının çürüyən qalıqları qalır ki, dişlədikdə onlar yaraya keçərək iltihaba səbəb olurlar. Lakin bövlərin əksər növləri ümumiyyətlə heç insanın dərisini deşə bilmir", - deyə elmi işçi ANS PRESS-ə açıqlamasında vurğulayıb.
Onun sözlərinə görə, falanqalar heyvan mənşəli və qarışıq qidalarla qidalanırlar, böcəkləri, kiçik həşəratları, çoxayaqlıları, hörümçəkləri yeyirlər, iri ölçülü nümayəndələri böyük olmayan quşların balalarına, kiçik kərtənkələlərə hücum edirlər, çox hərəkətlidirlər, əsasən gecələr aktiv olurlar, gündüzlər isə müxtəlif gizli yerlərdə, daşların altında, müxtəlif gəmiricilərin və digər heyvanların yuvalarında gizlənirlər.
"Düşmənlə qarşılaşdıqda və ya təhlükə zamanı bövlər qorxuducu vəziyyət alır və bədənin ön hissəsini qaldırır, bu zaman xeliserləri və açılmış qısqacları önə yönəlmiş olur, bəzi növlər belə vəziyyətdə kəskin səslər çıxarırlar. Bövlər tropik, subtropik və mülayim iqlim qurşaqlarının çöl və səhralıq ərazilərinin sakinləridir. Yalnız bəzi növlərinə rütubətli meşə sahələrində rast gəlmək olar. Dünyada 1000 növ böv məlumdur, onlardan Azərbaycanda 11 növü yaşayır".
İddiaya görə, hörümçəklər "Formula-1" yarışmasından sonra maşınların səsindən gizləndikləri yerlərdən üzə çıxıblar.