İyunun 20-də iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşüb.
Unikal.org bildirir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev professor M.Yunusun dünya miqyasında sülhün və davamlı tərəqqinin təbliği, mikromaliyyənin və sosial biznesin inkişafı sahəsində xidmətlərinin Azərbaycanda da yüksək dəyərləndirildiyini vurğulayaraq, onun təcrübəsindən ölkəmizdə də istifadə edilməsinin müsbət nəticələr verə biləcəyini qeyd edib.
Görüşdə nazir Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər və iqtisadiyyatın davamlı inkişafı istiqamətində görülən işlər barədə məlumat verərək, ölkəmizdə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə genişmiqyaslı islahatların həyata keçirildiyini, əlverişli investisiya və biznes mühitinin yaradıldığını, sahibkarlığın dəstəkləndiyini vurğulayıb. M.Yunusun sosial biznes sahəsində uzun müddət tədqiqat apardığı nəzərə alaraq, bu sahədə ölkəmizdə görülən işlər barədə məlumat verilib və vurğulanıb ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasını da məhz əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması təşkil edir.
Qeyd edilib ki, yoxsulluğun azaldılması sahəsində dövlət proqramları uğurla icra olunub. Görülən işlərin nəticəsi olaraq, ökəmizdə yoxsulluq səviyyəsi 4,9%-ə, işsizlik səviyyəsi 5%-dək enib. Azərbaycanda 2004-cü ildən indiyədək 73 mindən çox yeni müəssisə fəaliyyətə başlayıb, 1,5 milyondan çox yeni iş yeri açılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əhalinin həssas qruplarına, xüsusilə qaçqın və məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilir, bu layihələr hesabına yeni iş yerləri yaradılır, ölkənin regionlarında biznes inkubatorlar təşkil olunuraq yeni biznesə başlayanlara zəruri bilik və bacarıqlar öyrədilir. Hazırda mikromaliyyələşmənin uğurlu metodu kimi kredit ittifaqlarının prosesə cəlb olunması, onlar vasitəsi ilə kiçik biznesin daha asan şəkildə kreditləşməsi həyata keçirilir. Belə ki, son illər ərzində 32 kredit ittifaqı vasitəsi ilə 5 mindən çox kiçik sahibkara kredit verilməsi təmin olunub.
Azərbaycana səfərinin onda böyük təəssürat yaratdığını qeyd edən professor ölkəmizdə aparılan işlərə dəstək verməyə, sosial biznes və mikromaliyyələşmə sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. M.Yunus təsisçisi olduğu "Qremin Bank", bankın kreditləşdirmə sistemi və qazandığı uğurlar barədə məlumat verib, iqtisadiyyat nazirinə Azərbaycan dilinə yenicə tərcümə olunmuş "Kasıbların bankiri" kitabını təqdim edib.