Dünən gecə Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində dünyaya gələn üçəmlərdən iksinin ölümünə görə ailə üzvləri həkimləri ittiham edir.
Unikal.org xəbər verir ki, üçəm dünyaya gətirən Mirzabitə Abdullayevanın anası Şəlalə Abdullayeva uşaqların həkimlərin səhlənkarlığı nəticəsində öldüyünü deyib: "Xəstəxanada işıqlar sönüb, uşaqlar oksigen çatışmazlığından küvezdə ölüb. Biz işıqlar sönəndə dedik ki, generatoru işə salın, amma bunu etmədilər. Səhər saat altıya işləyəndə uşaqların iksinin öldüyünü dedilər. Uşaqlar havasızlıqdan öldü".
"Azərenerji" ASC-nin Salyan rayon şöbəsindən APA-ya verilən məlumatda qeyd olunub ki, Salyan rayonunda aparılan təmir işləri ilə bağlı elektrik enerjisinin iyunun 21-də gecə saat 1.00-dan-3.00-dək kəsiləcəyi barədə əlaqədar orqanlara qabaqcadan xəbərdarlıq olunub.
Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.