"2013-cü ildə Moskvada Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində ittiham olunaraq 17 il həbs cəzası alan Orxan Zeynalovun Azərbaycana ekstradisiya olunması üçün lazım olan bütün sənədlər bir neçə ay öncə Ədliyyə Nazirliyinə göndərilib".

Unikal.org bildirir ki, bunu azvision.az-a Orxan Zeynalovun atası Zahid Zeynalov deyib.

Atasının sözlərinə görə, bir neçə aydır ki, onlar Orxan Zeynalovdan xəbər ala bilmirlər: "Ekstradisiya üçün lazım olan bütün sənədlər Ədliyyə Nazirliyinə göndərilib, amma proseslə bağlı bizə mlumat verilmir. Orxana görə çox narahatıq. Orxanın telefonla danışmasına da icazə verilmir. Bilmirik ki, onun vəziyyəti necədir. Bəlkə də başına iş gəlib. Əvvələr Rusiyadakı qohumlarımız ona baş çəkirdilər. İndi isə oğlumdan xəbər yoxdur. Yaxın günlərdə Rusiyaya gedəcəyəm", - deyə Z.Zeynalov vurğulayıb.

Atası O.Zeynalovla sonuncu dəfə keçən il görüşdüyünü deyib: "Sonuncu dəfə Orxanı görəndə vəziyyəti normal idi. Görüşə 3 aydan bir icazə verilir. Ona görə tez-tez onu görmək mümkün deyil".

Qeyd edək ki, Orxan Zeynalov Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.