Misir Mərdanov nazirlikdaxili “istefa” tələbi ilə üz-üzə
14:02 12-10-2012
İQTİSADİYYAT
Misir Mərdanov nazirlikdaxili
“istefa” tələbi ilə üz-üzə
Təhsil Nazirliyi içində itirilən səlahiyyətlərə dözüm limiti qalmayıb
Təhsil Nazirliyi, daha doğrusu, elə nazir Misir Mərdanovun özü də bir ucdan itirə-itirə gedir. Dünən Mərdanovun daha bir səlahiyyətinin əlindən alındığı məlum oldu. Əvəzində isə Nazirlər Kabineti və Akkreditasiya Komissiyasının səlahiyyəti artıb.
Belə ki, Nazirlər Kabineti 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”nda dəyişikliklər edilməsi haqqında qərar verib. Dəyişikliyə əsasən, artıq tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. Başqa sözlə, Pedaqoji prosesin təşkili, tədris planlarının hazırlanması və təsdiqi orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Fənn proqramları və metodik təminatla bağlı tövsiyələr Təhsil Nazirliyi, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Nazirlər Kabineti “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında” 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, təhsil alanlar artıq Təhsil Nazirliyinin deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb edə biləcəklər.
Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda da dəyişiklik edilib. Dəyişikliyə əsasən Akkreditasiya Komissiyasının səlahiyyəti artırılıb. Akkreditasiya Komissiyasına ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) nəticələrini təhlil etmək, yerlərdə dəqiqləşdirmə aparmaq, buraxılış qruplarında (siniflərində) təhsil alanların bilik səviyyəsini qiymətləndirmək, nəticədə təhsilin məzmununun və mütəxəssis hazırlığı səviyyəsinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirmək səlahiyyəti verilib.
Açığı, bunun son bir ildə Misir Mərdanovdan alınan neçənci səlahiyyət olduğunu deməyə çətinlik çəkirik. Hər halda, bir deyil, üç deyil, beş deyil...
Mərdanov son bir ildə hansı ciddi səlahiyyətlərdən məhrum olub?
Bəli, təhsil naziri ilə bağlı son bir ildə elə proseslər baş verməkdədir ki, adam hərdən fikirləşir: Misir müəllimin vəzifəsindən azad edilməsinin bir mənası qalıbmı? Onsuz da son bir ildə o elə səlahiyyətlərdən məhrum edilib və başqa elə ağır zərbələr alaraq rəqibləri qarşısında gücsüz vəziyyətə gətirilib ki, istər-istəməz düşünürsən: Misir Mərdanov olsa-olsa, "formal nazir"dir, onu nazir postunda tamamilə qəlbini qırmamaq, xətrinə dəyməmək üçün saxlayırlar.
İzah edək: son bir ildə Misir Mərdanovun əlindən məktəblərin təmir və tikintisinin həyata keçirilməsi alınıb, həmin işlərin başında dayanan xalası oğlu həbs edilərək yalnız o vaxtadək yığdığı varidatın az qala hamısı əlindən çıxarıldıqdan sonra sərbəst buraxılıb. Ardınca nazirlikdə qanunsuz tələbə qəbulu, sənədlərin saxtalaşdırılması ilə məşğul olduğu iddia edilən şəxslərin həbsi həyata keçirilib, onların hazırda məhkəmə prosesi keçirilir və aydın məsələdir ki, həbs edilənlər həm də Misir Mərdanova bir təzyiq vasitəsi rolu oynayır. Hər an onların dilindən nazirlə bağlı ilginc kompromatların səslənməsinin şahidi ola bilərik ki, bu da təhsil naziri üçün də hətta həbs yolunun görünməsinə gətirib çıxara bilər. İnanmaq çətin deyil ki, bu məhkəmə prosesi və onun qarşıdakı gedişatı təhsil nazirinə yuxusuz gecələrdən, həyəcan, əndişə dolu günlərdən başqa heç nə vəd etmir.
Davam edək. Mərdanova qarşı daha bir gözlənilməz zərbə keçmiş müavini Elmar Qasımovla bağlı dəydi. Nazir onun postunda gözü oldğu deyilən müavininin digər iki müavinini də itirmək bahasına qurban verdi. Misir müəllim yenicə rahatlanmışdı ki, aldığı xəbər onun üçün yəqin ki, həqiqi mənada şok effekti yaratdı. Elmar Qasımov əvvəlcə ARDNŞ rəhbərliyində yüksək vəzifəyə gətirildi. Çox keçmədən isə Qasımov həm də Ali Neft Məktəbinin rektoru təyin edilməklə yenidən Misir Mərdanovun "qorxulu yuxu"suna çevrildi. Təhsil naziri Elmar Qasımovun öz karyera yüksəlişini yenidən bərpa etməsindən narahatdır və növbəti dəfə onu öz yerinə ən potensial namizədlərdən biri kimi görməyə başlayıb. Bunun nə qədər real olduğunu bilmirik; ancaq bunu əminliklə demək mümkündür ki, Mərdanovla ciddi ixtilafda olan birinə "vurulduqdan" sonra yenidən sahib çıxılması təhsil nazirinə sətiraltı mesajdır. O anlama gəlir ki, artıq iqtidar kulislərində Mərdanov təsir və təzyiq imkanlarını tamamilə itirib, artıq onunla ciddi strateji postlardan birinin sahibi kimi hesablaşmırlar.
Son aylarda isə Mərdanovun aldığı zərbələri ümumiyyətlə saymaqla qurtarmır. Əvvəlcə bağçalar nazirin nəzarətindən çıxarılıb yerli icra hakimiyyətlərinə verildi, çox keçmədi orta məktəblərdə buraxılış imtahanlarının da artıq Misir müəllimin kurasiyasından alınaraq onun "əzəli və əbədi rəqib"i - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadəyə verildi. Bu, xanım Abbaszadənin qısa müddət içərisində illərdən bəridir açıq və sərt ixtilaf içərisində olduğu Misir Mərdanov üzərindəki birinci və sonuncu qələbəsi deyildi. Buraxılış imtahanlarının TQDK sədrinin nəzarətinə keçirilməsinin şokundan ayrılmayan təhsil nazirinə növbəti sarsıdıcı zərbə dəydi: bu dəfə dərsliklərin qiymətləndirilməsi üçün səlahiyyətlərin də Abbaszadənin qurumuna verildiyi məlum oldu!
Mərdanovun nazirlikdaxili müxalifləri də ayaqda!
Səlahiyyətlərini, təsir imkanlarını və nüfuz dairəsini böyük sürətlə itirən Mərdanova artıq Təhsil Nazirliyi içərisində itaətsizliyin də baş qaldırdığı yönündə iddialar var. İddialara görə, son vaxtlar təhsil nazirinin "əzəli rəqib"i TQDK sədri Məleykə Abbaszadəyə ard-arda məğlubiyyətləri Misir Mərdanovun təhsil sistemindəki nüfuzunu əməlli-başlı korlayıb, imicinə mənfi təsir edib.
Artıq Təhsil Nazirliyi strukturlarına belə bir əhval-ruhiyyə hakimdir ki, Misir Mərdanov hakimiyyət daxilində tamamilə dişsiz fiqur rolundadır və proseslər nazirin ən qısa zamanda görəvindən uzaqlaşması ilə yekunlaşacaq. Bütün bunlar isə "təhsil şefi"nin tapşırıqlarına nazirliyin səlahiyyətli şəxslərinin qeyri-ciddi, dırnaqarası münasibətinin ortaya çıxmasına səbəb olub.
Bundan başqa, təhsil sektorunda olan və Mərdanovun idarəçiliyini qəbul etməyənlər son səlahiyyət itkisindən sonra ümumiyyətlə qəzəblidirlər; onlar hesab edirlər ki, artıq Misir müəllim postunu tərk edib getməlidir, əks halda Təhsil Nazirliyi bir azdan ümumiyyətlə heç bir səlahiyyət daşımayan, tam formal, əhəmiyyətsiz quruma çevriləcək, halbuki təhsilin ən strateji sahələrdən biri olduğunu nəzərə aldıqda Təhsil Nazirliyi nüfuz və çəki baxımından indikindən qat-qat ağır olmalıdır.
Bəzi iddialara görə, Təhsil Nazirliyinin indi düşdüyü durumu sinəyə çəkə bilməyən bu sektorun nüfuzlu, stajlı və nazirə müxalif şəxslərin hələlik gizli, müəyyən müddətdən sonra isə hətta aşkar Mərdanova istefa mesajları göndərdiyi məlum olsa, kimsə təəccüblənməməlidir, çünki həqiqətən artıq Misir müəllim təhsillə bərabər, nazirliyi də bitirməklə məşğuldur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03