"Qrom-2"nin unudulmuş döyüşçüsü, yaxud ilk şəhidimizi necə dəfn etdik
14:42 12-10-2012
İQTİSADİYYAT
"Qrom-2"nin unudulmuş döyüşçüsü, yaxud ilk şəhidimizi necə dəfn etdik
Qarabağ müharibəsinin gerçək hekayətlərini kəşfiyyatçı Rey Kərimoğlu yazır
Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. Mən yazıçı deyiləm, amma o günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam.
Vaxtdır, Azərbaycan öz ordusunu yaratmalıdır!
İkinci yazı
Bakıda mitinqlər başlayır... Dağlıq Qarabağdan ilk azərbaycanlı köçkünlər gəlir. Ermənilər əvvəlcə azərbaycanlıların evlərini, avtomobillərini, sərnişin avtobuslarını sonra isə özlərini daşa basmağa başlayırlar. Ardınca soyuq silahla, odlu silahla insanlara hücumlar olur... Yaralananların, ölənlərin sayı durmadan artır, azərbaycanlıların evləri yandırılır, özləri qətlə yetirilir.
Dövlət öz vətəndaşlarını erməni hücumlarından qorumağa çalışırdı, amma çox zaman bu missiyanı uğurla həyata keçirməkdə aciz qalırdı... Yerli əhali əli yabalı, dəhrəli kəndlərini qorumağa başladı. Azərbaycan Xalq Cəbhəsi (AXC) yarandı.
Bundan sonra kəndlərimizin müdafiəsi bir qədər sistemli şəkildə təşkil edildi. Sonra başımıza gələn faciələr sıralandı. Nəhayət, 1991-ci ildə nizami ordusuz keçinməyin mümkünsüz olduğunu anladıq. AXC Ağdam rayon şöbəsinin rəhbəri Eldar Bağırov (31 oktyabr 1991-ci ildə Bakıda müəmmalı şəkildə qətlə yetirildi - R.K) başda olmaqla cəbhənin rəhbərliyinin dəvəti ilə Şirin Vəli oğlu Mirzəyev avqustun sonlarında Ağdama gəldi. Onu mən ilk dəfə sentyabrın əvvəlində öz kəndimizdə - Şıxbabalıda gördüm. Sona qədər ona sadiq qalan Kərim Cəlilov və Telman Bağırov onu müşayiət edirdi. Ş.Mirzəyev kənd-kənd gəzib, yeni yaradılacaq Azərbaycan Milli Ordusuna ilk könüllü əsgərləri toplayırdılar.
Ağdamın Mərzili, Abdal-Gülablı, Şıxbabalı-Muğanlı, Şelli, Əhmədavar-Çuxur Məhlə, Əlağalı, Cinli, Qalayçılar, Papravənd kəndləri erməni hədəfində olan kəndlər idi. Ermənilərin tez-tez bu kəndlərə silahlı basqınları olurdu. Şirin Mirzəyev öz yaxın adamları ilə bu kəndlərə səfər edib, könüllülər toplayırdı. Bu kəndlərin ən mərd, dəliqanlı, qoçaq oğlanları qoşulurdu könüllü dəstələrə. Mənim orduya yazılmağım da bu dövrə təsadüf edir.
Əvvəllər könüllülər mülki paltarda olurdular. İlk toplantılarımızın birində rəhmətlik general Valeh Bərşadlı da iştirak edirdi. İlk dəfə V.Bərşadlını Ağdam rayonun 50 saylı texniki peşə məktəbinin futbol meydançasında gördüm. Onun "ordu yaratmağa vaxt lazımdır, vaxtımız isə yoxdur! Bu könüllülərə təlimlər keçmək lazımdır, hələlik "lopatka" verin, səngər qazmağı öyrənsinlər" tapşırığına ilk etiraz edənlərdən biri də mən oldum. Düşünürdük ki, erməni gəlib kəndlərimizi yandırıb, insanlarımız qətlə yetirdiyi bir zamanda bizim səngər qazmağı öyrənməyimiz, sadəcə, vaxt itkisidir. Amma general halıq idi... Sentyabrın sonunda bizə hərbi geyim verdilər. Ağdamın Xaçın-Qərvənd kəndində sürücülük məktəbinin bazasında taborumuzun qərargahı yerləşirdi. Bu qərargahda təlimlər keçir, burdan döyüşlərə, kəşfiyyata yollanırdıq.
O vaxt bizim könüllülər taboruna yazılmaq üçün xeyli müraciətlər olurdu. Təxminən mindən artıq insan müraciət etmişdi. Hamı döyüşmək, torpaqlarımızın müdafiəsində yaxından iştirak etmək istəyirdi. Amma Ş.Mirzəyev onlardan yalnız 520 ya da 530-nu ilk yaratdığı hərbi hissəyə qəbul etdi. Kəndlərdən yığılan könüllülərdən təşkil edilmiş bölüklərin öz adı var idi. Hər bölük könüllülər toplanmış kəndin adı ilə adlanırdı. Ağdamın Seyidli kəndindən gəlmiş könüllülərin dəstəsi "Seyidli rotası", Xıdırlıdan gəlmiş könüllülərin bölüyü "Xıdırlı rotası", Qiyaslı kəndindən gəlmiş əsgərlər "Qiyaslı rotası" və s. adlanırdı.
İlk dəfə bizə hərbi forma ağdamlı, o zamanlarda SSRİ Ali Sovetinin deputatı rəhmətlik Xuraman Abbasovanın maliyyə dəstəyi ilə alınmışdı. Formanı alandan sonra təlimlər başladı. İlk şəhidimizi Xoramurt kəndində verdik. Həmin döyüşdə Xıdırlı rotasından Elbrus Hacıyev şəhid oldu. Onu Xıdırlıda hərbi qaydalara uyğun dəfn elədik.
***
ZƏRURİ QEYD: Lent.az-da birinci yazı yayılandan sonra keçmiş döyüşçülərdən və məni tanıyan insanlardan dəstək yönlü xeyli zənglər gəldi. Onlardan biri də 19 ildir Sankt-Peterburq şəhərində yaşadığından üzünü görmədiyim Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin Xıdırlı rotasının komandiri Elbrus Mustafayev idi. Elbrus dedi ki, Bakıdadır, mənimlə görüşmək istəyir və sürprizi var. Görüşdük. Azərbaycan Milli Ordusunun ilk şəhidi E.Hacıyevin 1991-ci il dekabrın 13-də dəfn mərasimində çəkilmiş videolenti mənə təqdim etdi. Lent köhnədir, adi kamera ilə çəkilib, amma fakt və tarix baxımından çox dəyərli və unikal kadrlar var orada. Xeyli insanın qatıldığı dəfn mərasimində, şəhidin məzarı başında üçrəngli Azərbaycan bayrağı tutulub. Rayonun və kəndin ağsaqqalları, aktivləri, Xıdırlı rotasının komandiri Elbrus Mustafayev və Şirin Mirzəyev çıxış edirlər. O kadrlardakı əsgərlərin bir qismi sonrakı döyüşlərdə qəhrəmancasına şəhid oldu - təkcə Ağdamın Xıdırlı kəndindən Qarabağ savaşında 40 döyüşçümüz canını vətən uğurunda qurban verib. Bir qismi ağır yaralanıb, gözlərini, əllərini, ayaqlarını və digər bədən üzvlərini itirənlər oldu. Eləsi də oldu ki, ömürlük yataq xəstəsinə çevrildi. Xatirə yazılarımın gələcək hissələrində adları çəkilən döyüşçü dostlarım da var o kadrlarda. Lent.az-da təqdim etdiyimiz bu kadrlara yaxşı olar ki, özünüz baxasınız...
***
Ondan sonra müdafiə xarakterli digər döyüşlərə qatıldıq... Ağdərə, Əsgəran, Xocavənd döyüşlərində iştirak edirdik. Silahımız çatmırdı. 520-dən artıq əsgərin əvvəlcə cəmi 96 avtomatı var idi. Kalaşnikov markalı, 5-45 kalibrli təptəzə avtomatlar paylanmışdı bizə. Bizim Şıxbabalı-Muğanlı rotasına isə cəmi 5, ya da 7 avtomat düşmüşdü. Şıxbabalıdan ilk avtomatlar mənə, Həsənov Ramizə, Nəsirov Nailə (hər ikisi sonrakı döyüşlərdə ağır yaralanıdı - R.K.) və Rəhimov Valehə verildi. Əsas əməliyyatlara silahı olan əsgərlər gedirdi.
Könüllülər əməliyyata getməyəndə küsüb-inciyirdilər. Heç kəs avtomatını başqasına verməyi qəbul eləmirdi. Avtomatı olanlar qəbul eləmirdi silahı başqasına verib əməliyyata göndərməyi. Çox nadir hallarda avtomatını başqasına verib, döyüşə getməyən döyüşçü olurdu. Mən avtomatımı heç vaxt heç kəsə vermədim. Bizim könüllü batalyonumuz Ağdamın ermənilərlə həmsərhəd kəndləri ilə yanaşı başqa rayonlarda da ezamiyyətlərdə olub, o rayonların - Ağdərə, Xocavənd rayonlarının kəndlərinin mühafizəsini təşkil edirdi...
"Qrom 2"-nin
unudulmuş onuncusu
Oktyabrdan artıq kazarma sisteminə keçmişdik... Xaçındərbənddəki sürücülük məktəbində yerləşəsi oldu bizim batalyonumuz. Sürücülük məktəbi hər iki tərəfdən dağlarla əhatə olunmuş, Xaçın çayının sol sahilində, Xaçın su anbarının yaxınlığında idi. Məktəbin həyətində çoxlu hündür şam ağacları var idi. Sonralar əsgərlərimiz o ağacların kölgəsindəcə dincələcək, ata-analarına, bacı-qardaşlarına, həyat yoldaşlarına, nişanlılarına, sevgililərinə məktublar yazacaqlar... İlk döyüş yoldaşlarımızla dostlaşmağımızın, batalyonda çalışan çox az sayda qızlarla əsgərlərin bəzən nakam, bəzən isə uğurlu sevgi hekayələrinin şahidi olduq burada...
Nizamlı ordu yaradılırdı - Azərbaycanın Milli Ordusu! Bu orduda bütün hərbi qayda-qanunlara maksimum əməl edilməyə çalışırdıq. Şirin Mirzəyev təlimlərdə, müdafiə xarakterli, kiçik əməliyyatlarda fərqlənən uşaqlardan (Uşaqlara bax e! Elə əsgər var idi 50, eləsi var idi 65-70 yaşındaydı - R.K.) ibarət hər biri 10 nəfər olmaqla "Qrom" adlı 3 xüsusi döyüş dəstəsi yaratdı - "Qrom 1", "Qrom 2", "Qrom 3".
"Qrom"dan söz düşmüşkən, mütləq deməliyəm ki, bu xüsusi qruplar çox yaxşı döyüşürdülər. Şirin Mirzəyev bu qrupun əsgərlərini ən ağır nöqtələrə döyüşün həlledici anında cəlb edirdi. Və döyüşün nəticəsi mütləq bizim xeyrimizə dəyişirdi.
Yaddaşımı yoxlayım, görüm heç olmasa bizim "Qrom 2"-nin əsgərlərinin hamısının adını birnəfəsə xatırlaya bilirəmmi? Sağ əlimin barmaqlarını qatlaya-qatlaya sayıram: Baxşeyiş Hətəmov, (Əliağalı kəndindən - sonra ağır yaralandı, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub, indi "Ağdam" qəzetinin baş redaktorudur), Elbrus Allahverdiyev (Əlimədətli kəndindən), Xanlar Hacıyev (Əliağalı kəndindən), Ramiz Həsənov, Nail Nəsirov (Şıxbabalıdandılar - hər ikisi ağır yaralandı). Sonra keçirəm sol əlimin barmaqlarına; Etibar, Rəhman (Muğanlı kəndindən - soyadların dəqiq bilmirəm). Ardı gəlmir! Birnəfəsə 8-nin adını çəkdim. Digər iki nəfəri isə artıq unutmuşam... Əlim qeyri-ixtiyarı cib telefonuna uzanır, Baxşeyişə zəng edib, yuxarıdakı adları ona deyirəm və onun da yaddaşını yoxlayıram:
- Qaqa, "Qrom2"-nin uşaqlarından ikisinin adını unutmuşam, kimi unutmuşam axı?
- Nurələmi! Nurələm Şükürovu unutmusan, dədə! O da sonra şəhid oldu! Əliağalı kəndindən idi, ölümündən sonra "Hərbi xidmətə" görə medalı ilə təltif edilib.
Onuncunu heç Baxşeyiş də xatırlamadı... Amma dedi ki, tapacaq.
Təəssüf ki, digər "Qrom" qruplarında olan heç kəsin adını xatırlamıram. İndi o uşaqların çoxunun sifətini də unutmuşam. Üstündən 20 il keçib, bir çox məqamlar artıq unudulur və mən də bu xatirəni yaddaşıma güvənərək, yaddaşımın pozulan vərəqlərini yenidən təzələyərək oxumağa çalışıram...
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20