6 rayonun müharibə yolu ilə azad olunması
15:22 13-10-2012
İQTİSADİYYAT
6 rayonun müharibə yolu ilə azad olunması
Bu həm mümkün, həm də mümkünsüzdür
Son günlər Dağlıq Qarabağ probleminin yenidən gündəmə gəlməsi, ATƏT-in Minsk qrupunun donmuş vəziyyəti aktivləşdirməyə çalışması heç də təsadüfi deyil. Belə ki, Ramil Səfərovun azadlığa buraxılmasını az qala müharibəyə başlamaq üçün əsas olaraq göstərən Ermənistan bütövlükdə danışıqlardan imtina etdi. Bunun ardınca isə Dağlıq Qarabağda qeyri-qanuni olaraq inşa edilən hava limanını işə salacaqlarını bildirdilər.
Bu isə artıq Azərbaycana qarşı açıq bir həqarət və vəziyyəti daha da gərginləşdirməkdir. Bunu görən beynəlxalq güclər isə hazırda danışıqların bərpasına və atəşkəsin qorunmasına çalışırlar. Bu baxımdan Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və ABŞ dövlət katibinin müavini Filip Qordon arasında görüşün keçirilməsi maraqlıdır. Çünki hazırda Rusiya daha çox aqressiv siyasi xətt yürüdür və regionda sanki müharibəyə hazırlıq tədbirləri həyata keçirir. Məsələn, gözlənilmədən Rusiya Xəzər dənizində hərbi gücünü nümayiş etdirmək qərarına gəldi. Əslində bu Xəzəryanı ölkələrə bir xəbərdarlıq mesajıdır. Daha konkret desək Rusiyanın hazırda yalnız Azərbaycanla siyasi problemləri var və bu mesaj sözsüz ki, Azərbaycana yönəlib. Bundan başqa Rusiya hərbi birləşmələrini Gürcüstanla,Azərbaycan sərhədlərində cəmləşdirilib. Buna nə qədər ehtiyacın olub olmamasını demək çətin olsada gün kimi aydındır ki, Rusiya bu addımı ilə də hər iki ölkəyə psixoloji təsirini artırır. Gürcüstandakı parlament seçkilərindən sonra ümid edilirdi ki, Rusiya gürcüstana münasibətdə loyal xətt tutacaq ki, nəticədə regionda ümumilikdə gərginlik xeyli yumşalacaq. Amma belə halda da Rusiya tutduğu xətdən geri çəkilmədi. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov açıq şəkildə bildirdi ki, Gürcüstanda siyasi hakimiyyət dəyişsədə Abxaziya və Osetiya məsələsi müzakirə mövzusu ola bilməz. Buda o deməkdir ki, gürcüstanın faktiki olaraq Rusiya tərəfindən işğal olunmuş bölgələri geri qaytarılmayacaq. Nəhayət Rusiyanın regionda aqressiya yaradacaq addımlarından biri də son 3 ayda Ermənistana olan yanaşmada siaysi aktivlik göstərməsidir. Adi faktlara diqqət yetirək. Rusiya öncəliklə Ermənistan ordusu ilə birgə hərbi təlimlər keçirir, daha sonra Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi təlimlər keçirilir və istifadə olunan silahlar Ermənistana verilir. Nəhayət bundan sonra Rusiya gözlənilməz başqa bir addım atdı. Belə ki, Ermənistandakı hərbi hissələrinin bir qismini Ermənistanın sərəncamına verdi. Bu nə deməkdir? Hərbi ekspertlər bildirir ki, Rusiyanın Ermənistandakı hərbi bazalarında hava hucumundan müdafiə sistemləri və ortaməsafəli raketlər var. Bunların Ermənistana verilməsi region dövlətləri arasındakı hərbi tarazlığın pozulması deməkdir. Ekspertlər bildirir ki, həmçinin Ermənistan kifayət qədər ciddi tank hərbi birləşmələrinə də sahibləndi. Bütün bunlar isə Ermənistana əlavə imkanlar yaradır ki, Dağlıq Qarabağda hərbi birləşmələrin keyfiyyətini və kəmiyyətini artırsın. Nəticədə isə danışıqları bir kənara qoyaraq, Dağlıq Qarabağın müstəqilliyi uğrunda fəaliyyətə başlasın. Sözsüz ki, bütün bunlar beynəlxalq təşkilatlar və Azərbaycan tərəfindən izlənilir və müəyyən addımlarda atılır.
Elə Rusiya və ABŞ diplomatlarının görüşüdə bu məsələlərə aydınlıq gətirmək üçün idi. Belə ki, rəsmi açıqlamada deyilir ki, görüşdə Gürcüstanda keçirilən parlament seçkilərinin Cənubi Qafqaz regionundakı vəziyyətə təsiri, Gürcüstanın qonşu ölkələrlə münasibətləri, Rusiya və ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və digər məsələlər müzakirə olunub.
Bu arada Fransa Xarici İşlər Nazirliyi də açıqlama ilə çıxış edib. Fransa Xarici İşlər Nazirliyi Milli Assambleyanın üzvü Valeri Buayenin (Valerie Boyer) Ramil Səfərovun ekstradisiyası və əfv olunmasına XİN-in münasibətini öyrənmək üçün 1 ay əvvəl göndərdiyi deputat sorğusuna cavab verib. APA-nın xəbərinə görə, Fransa XİN-in “Rəsmi qəzet”də dərc olunan cavabında bildirilir ki, nazirlik artıq bu məsələyə münasibətini ifadə edib: “Azərbaycan və Ermənistan arasında artan gərginlik fonunda danışıqlar prosesinin kəsilməməsi vacibdir”.
Açıqlamada qeyd olunur ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq öz vəzifələrini yerinə yetirməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində çalışmağa davam etmək niyyətindədir: “Bu məqsədlə yaxın günlərdə və həftələrdə bizim hər iki ölkə ilə yüksək səviyyəli təmaslarımız olacaq”.
Xatırladaq ki, V. Buaye uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin müəllifidir.
Maraqlıdır, bəs ATƏT-in və ya digər beynəlxalq təşkilatların məsələnin hazırkı durumuna təsir imkanları nə qədərdir? Ekspertlər bildirir ki, əslində məlum qüvvələrin özləri də ümidsizdir və danışıqların səmərə verməyəcəyini gözəl bilirlər.Həm də ona görə ki, istər Azərbaycanda, istərsə də Ermənistanda qarşıdan prezident seçkiləri gəlir və belə məqamlarda konkret hansısa nəticələr əldə etmək faktiki mümkünsüzdür. Buna görə də təkrar edirik ortada qalan tək məsələ, atəşkəsin qorunmasıdır. Maraqlı başqa bir sual isə budur ki, Azərbaycan reallığını nəzərə alaraq müharibə yolunu seçə bilərmi? Bununla bağlı ən maraqlı fikri isə eks-prezident Ayaz Mütəllibov bildirib:-“ Nə mən, nə də başqası münaqişənin həlli yolunun müharibə, yaxud sülh ilə olmasını qəti şəkildə bildirə bilər. Münaqişənin sülh yolu ilə həlli ermənilərin mövqeyi ilə qarşılaşır və onlar bu variantla o vaxt razılaşarlar ki, Dağlıq Qarabağa müstəqillik verilsin. Bu variantla isə Azərbaycan qəti surətdə razılaşa bilməz. Müharibə yolu isə aparıcı dövlətlərin simasında beynəlxalq aləmin neqativ münasibətinə səbəb olacaq. Halbuki, məntiqi yanaşdıqda Azərbaycan Dağlıq Qarabağ ərazisinə daxil olmadan işğal olunmuş rayonlarını, o cümlədən güc tətbiq etməklə azad etmək hüququna malikdir. Bu hüquq ondan irəli gəlir ki, Azərbaycanın işğal olunmuş 6 rayonunun Dağlıq Qarabağ ərazisinə birbaşa aidiyyəti yoxdur, bu torpaqlar erməni işğalına məruz qalıb. Son vəziyyəti BMT dəfələrlə Ermənistan tərəfindən təcavüzkarlıq kimi qiymətləndirib və torpaqların boşaldılmasını tələb edib. Təəssüflər olsun ki, BMT-nin qərarları indiyədək icra edilməyib. Bu isə Azərbaycanı işğal altında qalmış torpaqlarını güc yolu ilə geri qaytarmağa vadar edə bilər”.Ayaz mütəllibovun açıqlamasında maraqlı ştrix,məhz Dağlıq Qarabağ ərazisində olmayan işğal olunmuş rayonların hərbi yolla həlli məsələsidir. Azərbaycan belə bir addım atmağa hazırdırmı və beynəlxalq güclərin buna reaksiyası necə ola bilər?
Ekspertlər hesab edir ki, belə bir variantın reallaşdırılması bir sıra məqamlarla bağlıdır. İlk növbədə söhbət ondan gedir ki, müharibə başlayırsa bunun konkret hansısa rayonlarla məhdudlaşdırmaq olmaz və prosesin başlaması artıq regionda müharibənin başlanması kimi qiymətləndirilməlidir. Çünki Rusiya anındaca Təhlükəsizlik Müqaviləsi Təşkilatının ,daha doğrusu özünə məxsus hərbi birləşmələri Ermənistanda yerləşdirəcək və ya dolayı, ya da açıq şəkildə müharibəyə müdaxilə edəcək. Eyni zamanda türkiyədə seyriçi mövqedə durmayacaq. Bu isə artıq vəziyyətin köklü dəyişməsi deməkdir. Digər tərəfdən istər Azərbaycan, istərsə də Ermənistan tərəfi beynəlxalq təşkilatlar qarşısında, o cümlədən Avropa İttifaqı və Avropa Şurası qarşısında öhdəlik götürüb ki, müharibə yolundan istifadə olunmayacaq. Buna görə də müharibə başlayan tərəf sözsüz ki, beynəlxalq təzyiqlərə , o cümlədən iqtisadi blokadayada məruz qala bilər. Ekspertlər buna görə hesab edir ki, Azərbaycan hələ də gözləmə mövqeyi tutmalı və Ermənistanın sona qədər dağıdıcı mövqe tutmasını beynəlxalq ictimaiətə nümayiş etdirməlidir.
Amma məsələnin başqa bir tərəfi də var. Seçkilərə qədər müddətdə danışıqların tam iflasa uğradığını əsas gətirərək BMT qarşısında məhz 6 rayonun azad edilməsi məsələsini qaldıra bilər. Bu gələcək də müharibə yolunu seçmək üçün həm də hüquqi əsas ola bilər. Bunu da xatırladaq ki, bir müddət öncə ATƏT-in Minsk qrupu danışıqlar aparan zaman məhz bu 6 rayonun azad olunmasını gündəmə gətirmişdi və Ermənistan bir müddət məsələyə loyal yanaşdı. Amma sonradan Ermənistan bundan tamamı ilə imtina etdi. Və qeyd olundu ki, 6 rayonun azad edilməsi faktiki Dağlıq Qarabağın təhvil verilməsi kimi dəyərləndirilməlidir.
Ekspertlər həmçinin bildirir ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı real nəticə bu ölkədə keçirilən prezident seçkilərindən sonra mümkün ola bilər. Çünki bu seçkilərdə Serj Sarksyanla keçmiş prezident Robert Köçəryan üz-üzə gələcək. Robert Köçəryan Rusiyanın təsir dairəsində olduğundan, sözsüz ki, Serj Sarksyan Avropaya meyillənəcək. Bu isə o deməkdir ki, artıq Ermənistan müəyyən mənada Rusiyanın təsir dairəsindən çıxacaq və belə olan halda Dağlıq Qarabağ probleminin həllinə hardasa inanmaq olar. Sözsüz ki, seçkilərdə Serj Sarksyan qələbə qazanarsa.
Beləliklə aydın olur ki, yaxın bir il ərzində danışıqlar sadəcə olaraq atəşkəsin qorunması istiqamətində aparılacaq və verilən bəyanatlar sadəcə siyasi bəyanat müstəvisindən o yana keçməyəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20