Milli Məclisdən inhisarçılara zərbə
15:23 13-10-2012
İQTİSADİYYAT
Milli Məclisdən inhisarçılara zərbə
Parlamentin gündəliyinə salınmış Rəqabət Məcəlləsi tamamilə yenidən işlənilir
Milli Məclisin payız sessiyasında nəhayət Rəqabət Məcəlləsinin qəbul olunması gözlənilir. Qanun layihəsi inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. Bundan öncə bazardakı inhisarçılığın qarşısının alınması üçün Antiinhisar Komitəsi yaradılmışdı.
Sonradan bu Komitə İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edildi və İqtisadi İnkişaf nazirliyi yanında İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti adlandırıldı. Amma bu Komitənin fəaliyyəti bazarda inhisarşılığın qarşısını ala bilmədiyindən müzakirəyə çıxarılacaq qanuna görə bazara nəzarət edəcək yeni Komitənin yaradılması və birbaşa prezidentə tabe olması təklifləri irəli sürülür.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Rəqabət Məcəlləsinin qəbul olunacağı təqdirdə ciddi dəyişikliklərin olacağını deyir. Onun sözlərinə görə, əgər bazarın 33 faizi bir şirkətin əlində cəmləşirsə, artıq bu, bazarın inhisarda saxlanması deməkdir. Nəticədə bazarda normal rəqabət qaydaları pozulur. Millət vəkili deyir ki, məcəllə qəbul olunandan sonra bazarda inhisarçılığın qarşısının alınması sahəsində ciddi dəyişikliklər əldə etmək mümkün olacaq. Deputatın sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatına gedən yol həm də Rəqabət Məcəlləsinin qəbulundan keçir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin digər üzvü Əli Məsimli deyir ki, Rəqabət Məcəlləsi tamamilə yenidən işlənilir. Onun sözlərinə görə, Rəqabət Məcəlləsi qəbul olunsa, bazarda inhisarçılığın qarşısının alınması tam gerçəkləşməsə də, bu sahədə, necə deyərlər, “sınma mərhələsi” başlayacaq.
Qanunun işlək mexanizminə gəlincə, millət vəkili bildirib ki, problem də elə ondadır ki, bu məcəllənin təsirli fəaliyyəti onun işlək mexanizminin olub-olmamasından çox asılı olacaq.
“Rəqabət Məcəlləsi qəbul olunsa, bazarda inhisarçılığın qarşısının alınması mümkün olmasa da, bu sahədə, "sınma mərhələsi"nin başlanmasını təmin etməkdən ötrü onun işlək reallaşma mexanizmi hazırlanmalı və sənədin həyata keçirilməsinmdən ötrü siyasi iradə nümayiş etdirilməlidir”.
İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə hesab edir ki, Rəqabət Məcəlləsininm gücü onun statusundan asılı olacaq. Onun sözlərinə görə, əgər bazardakı inhisarçılığın qarşısını almaq üçün yaradılacaq yeni qurum prezident yanında olacaqsa, müəyyən mənada ölkə rəhbərinin iradəsində tabe olacaq:
“Adətən belə institutlar müstəqil hazırlanır və ona fəaliyyət imkanları yaradılır. Düşünürəm ki, bu baxımdan yaxşı olardı ki, bu institut parlamentin nəzarətində olsun. Çünki dünya ölkələrinin əksəriyyətində belə institutlar parlamentin nəzarətində olur. Bəzi ölkələrdə baş nazirin ofisinin nəzdində, bəzilərində isə bizdə olduğu kimi İqtisadi İnkişaf Nazirliyinin, bəzilərində isə birbaşa prezidentin tabeçiliyində olur. Bizdə təbii ki, prezident respublikası olduğundan prezidentin yanında olması da daha məqsədəuyğundur”.
Mərkəz rəhbərinin dediyinə görə, əgər yaradılacaq yeni qurum öz səlahiyyətləri çərçivəsində hər hansı bir təhqiqat aparıb onu həyata keçirmək imkanları qazanacaqsa və bunun üçün siyasi statusa və səlahiyyətlərə malik olacaqsa, bu baxımdan institutun fəaliyyətindən nəsə gözləməyə dəyər. Əks təqdirdə, demək bu institutun yaranması bütövlükdə inhisarçılığın qarşısının alınmasına gətirib çıxarmayacaq.
Qanunun işlək mexanizminə gəlincə, İ.Qubadoğlu bildirib ki, inhisarçılıqla mübarizə aparacaq quruma imkan verilməlidir ki, müstəqil olsun. “Eyni zamanda onun müstəqil tədqiqatlar aparmaq, bu təhqiqatları lazımı orqanlara təqdim edib, qərarların qəbuluna təsir etmək imkanları olmalıdır. Bu baxımdan düşünürəm ki, yeni qanunda bu hallar nəzərdə tutularsa, onda son nəticədə biz rəqabət institutunun yaxşı fəaliyyətini təmin edə bilərik”.
Gültəkin Ələsgər
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00