Şeyxin Çexiyadakı biznesinin sirləri “Unikal”da
10:52 16-10-2012
İQTİSADİYYAT
Şeyxin Çexiyadakı
biznesinin sirləri “Unikal”da
Qafqazın dini lideri haqda açıqlanan şok faktlar ciddi şübhələrə əsas yaradır
Məlum olduğu kimi "Azadlıq" radiosunun bir qrup əməkdaşı Şeyxin və qardaşı Cavanşir Paşazadənin Çexiyadakı zəngin biznesləri ilə bağlı ölkə gündəmini silkələyən şok faktların yer aldığı geniş məqalə hazırlayıb.
Müəlliflərin gəldiyi qənaətə görə, Çexiyadakı biznesə yönələn investisiyalar əsas etibarilə qanunsuzdur. Belə ki, bu investisiyaların tam miqyası Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Barədə Reportajlar Layihəsi üçün işləyən jurnalistlər tanınmış azərbaycanlıların Çexiyadakı mülkiyyət və şirkətlərinin qeydiyyatına dair sənədlərlə tanış olduqdan sonra bəlli olub. Bildirildiyinə görə, həmin sənədlər araşdırılarsa ortaya çox ciddi korrupsiya halları çıxa bilər. Yazıda maraq doğuran məqamlardan biri isə çex senator Jan Hornikin sitatıdır: "Azərilər Karlovı Varını yaxşı tanıyırlar. Onların baş naziri bura səfərlərindən biri zamanı mənə dedi ki, bura səfərləri daha çox biznes xarakteri daşıyır, nəinki istirahət. Çünki Azərbaycan hökumətinin yarısı burada olur".
Təbii ki, biz qəzet olaraq həmin məqalədə yer almış bütün fikirlərin həqiqət olduğunu da iddia etmək niyyətində deyilik. Elə məqalə ilə ötəri tanışlıq zamanı belə fikirlər və faktlar arasında müəyyən ziddiyyətlərin olduğu aşkarlanır. Eyni zamanda məqalə müəlliflərinin bir çox hallarda qərəzli olması da diqqətdən yayınmamalıdır. Bununla belə yazıda yer alan bütün faktların uydurma olduğunu da iddia etmək niyyətindən uzağıq. Faktların hansının doğru, hansının yalan olması ayrıca bir yazının mövzusu da ola bilər. Amma bizim bu məqalədəki məqsədimiz bu olmadığından belə bir araşdırma aparmaqdan vaz keçirik. Məqsədimiz isə həmin araşdırmada diqqətimizi daha çox cəlb edən bir nüansın araşdırılmasından ibarətdir.
Araşdırmada Çexiyada geniş biznes şəbəkəsinin olduğu iddia edilən və əleyhinə ciddi ittihamların səsləndirildiyi şəxslərdən biri də bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədir. Onunla bağlı yazılanların marağımıza səbəb olması isə təsadüfi deyil. Belə ki, yerli mətbuat da dəfələrlə bu mövzuya müraciət edib və onun rəhbərlik etdiyi iqtisadi şəbəkənin böyük biznes strukturlarına nəzarət etdiyini iddia edib. Onunla bağlı yayılan informasiyalarda Şeyxin tikinti sektorundan tutmuş restoran biznesinə qədər hər şeylə məşğul olduğu bildirilir. Eyni zamanda iddialara görə Şeyxin əsas gəlir mənbələrindən biri də dini strukturlar üzərindəki monopoliya və xüsusilə də nəzir qutuları ilə bağlıdır. Bu kimi şübhələrin artmasını şərtləndirən faktor isə nəzir qutularına və məscidlərə toplanan milyonların (bəli, məhz milyonların, aparılan qeyri-rəsmi araşdırmalar təkcə nəzir qutularına kifayət qədər böyük məbləğlərin daxil olduğunu təsdiqləyir-red) qeydiyyatının aparılmaması, xərcləmələr üzrə ictimaiyyətə hər hansı hesabatın verilməməsini göstərmək olar. İndiyə qədər həmin vəsaitin böyük hissəsinin şəxsi biznesə yönəldilməsi haqda da çox ittihamlar səsləndirilib. Odur ki, Şeyxin və qardaşı Cavanşir Paşazadənin adının Çexiyadakı biznes strukturlarının sahibi kimi çəkilməsi Azərbaycan cəmiyyətində böyük marağa səbəb olub.
Maraqlı olacağını nəzərə alaraq həmin araşdırmadakı Şeyx və onun deputat qardaşı ilə bağlı kiçik bir hissəni diqqətinizə çatdırmaq istərdik: "Bu yerlərdə başqa mühüm Azərbaycan investorları parlament üzvü Cavanşir Paşazadə və onun qardaşı Allahşükür Paşazadədir. Allahşükür Paşazadə Şeyxülislamdır və Qafqazın böyük müftisi, həmçinin Qafqaz Dini Şurasının sədridir. O, 2009-cu ilin məlumatına əsasən, dünyanın ən nüfuzlu 500 müsəlman fiqurundan biri sayılır.
Mülkiyyət qeydiyyatı reyestrinə görə qardaşlar həmçinin Karlovı Varıda yerləşən çex şirkəti Aynur KV-nin sahibidirlər. Bu firmanın Karlovı Varının mərkəzində mənzillər kompleksi vardır".
Təbii ki, biz yuxarıda qeyd olunan faktların doğru olub-olmadığını iddia edəcək əsaslara malik deyilik və bu niyyətdən uzağıq. Hər halda ittihamın ciddiliyi və artan şübhələr tələb edir ki, Şeyx mövzuyla bağlı mətbuata açıqlama verərək özünün və qardaşının haqqında yazılanlara münasibət bildirsin. Bu baş vermədikcə isə hər kəsin beynində eyni suallar dolaşacaq: Əcəba, Şeyx Çexiyadakı bu dəbdəbəni hansı vəsait hesabına əldə edib? Axı, söhbət dəyəri milyonlarla ölçülən obyektlərə sahib olmaqdan gedir. Axı nə dini rəhbər olaraq Şeyxin, nə də deputat olaraq onun qardaşı Cavanşir Paşazadənin rəsmi əmək haqları (illərlə üst-üstə yığılsa belə-red) heç həmin villaların yerləşdiyi torpaq sahəsinin iki sotunu almağa kifayət etməz. Maraqlıdır, bəs Çexiyadakı bu cah-cəlal hansı pulla başa gəlib. Bəlkə? Qoy, bu bəlkənin cavabını hər bir oxucu özü versin...
Orxan Həsənli
P.S Lənət şeytana, nədənsə bu nəzir qutuları adamın xəyalından heç getmir. Nəysə, bir də lənət şeytana!
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42