BP-in siyasi sifəti
10:55 16-10-2012
İQTİSADİYYAT
BP-in siyasi sifəti
BP arxasındakı siyasi güclər hərəkətə gəlir
BP şirkətinin tutduğu mövqe artıq ciddi düşünməyə və sərt addımlar atmağa imkan yaradıb. Çünki hazırkı durum ümumilikdə Azərbaycanın dövlət maraqlarına cavab vermir və bu gedişat Azərbaycanda ciddi iqtisadi inflyasiya yarada bilər. Bununla yanaşı məsələnin siyasi tərəfi də artıq ortaya çıxmaqdadır. Amma gəlin öncəliklə prezident İlham Əliyevin dediyi faktlara diqqət ayıraq.
BP-in "zəhlənkarlığı"
və real nəticələr
Oktyabrın 10-da keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev BP şirkətini sərt tənqid edib və bildirib ki, neft hasilatında gözlənilməyən tənəzzül sırf "Azəri" və "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma (ABƏŞ) rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olub.
Ekspertlərdə hesab edir ki, hasilatın azalması - faktdır və bunun səbəbləri, o cümlədən, əgər bu azalma hansısa obyektiv amillə bağlıdırsa, BP şirkəti tərəfindən rəsmi şəkildə açıqlanmalıdır. Həmçinin ekspertləri qeyd edirlər ki, hökumətin son iclasında dövlət başçısı "Azəri" və "Çıraq" yataqlarında hasilatın azalmasını əyani sübut edən statistik göstəricilər səsləndirib: "2009-cu ildə "Azəri" və "Çıraq" yataqlarında bizə verilən hasilat proqnozu 46,8 mln. ton idi. Faktiki isə 40,3 mln. ton səviyyəsində neft hasil edilib. 2010-cu ildə proqnoz 42,1 mln. ton idi, fakt 40,6 mln. ton olub. 2011-ci ildə proqnoz 40,2 mln. idi, real hasilat isə 36 mln. ton. 2012-ci ildə verilmiş proqnoz 35,6 mln. tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər BP "Azəri", "Çıraq" yataqlarından 33 mln. tondan artıq neft hasil edə bilməyəcək". Beləliklə, məlum olur ki, son bir neçə il ərzində BP şirkəti ilin əvvəlində verilən hasilat üzrə proqnozu yerinə yetirmir və bunun səbəblərini rəsmən açıqlanmır.
Maraqlıdır ki, şirkətin hesablarında əks olunan göstəricilər də azalmanı təsdiqləyir: "Bu ilin birinci yarısında "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri" və "Dərinsulu Günəşli" platformalarından ümumilikdə gündə orta hesabla 684 min barel və ya ümumilikdə 6 ay üçün 124,5 mln. barel (16,8 mln. ton) neft hasil edilib".
Ötən ilin 6 ayında isə "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri" və "Dərinsulu Günəşli" platformalarından ümumilikdə gündə orta hesabla 775,7 min barel və ya bütövlükdə yarım ildə 140,4 mln. barel (19 mln. ton) neft hasil edilib. Beləliklə, illik müqayisədə azalma 2,2 mln. ton və ya 12% təşkil edib. Diqqəti çəkən məqam da odur ki, əksər yataqlarda istismar quyularının sayında da azalma baş verib. Belə ki, "Mərkəzi Azəri"də quyuların sayı 18-dən 16-ya, "Qərbi Azəri"də 20-dən 16-ya, "Şərqi Azəri"də 20-dən 15-ə azalıb və yalnız "Çıraq" və "Dərinsulu Günəşli"də quyuların sayı nisbətən artıb. Eyni zamanda nəzərə alınmalıdır ki, ən yüksək gündəlik hasilat "Azəri" yatağında qeydə alınıb və məhz burada ən ciddi azalma müşahidə olunur. Belə ki, "Mərkəzi Azəri"də gündəlik hasilat 216,1 min bareldən 161 minə, "Qərbi Azəri"də 218,6 mindən 186 minə azalıb, "Şərqi Azəri"də isə 131,9 mindən 144 min barelə artıb.
BP-in siyasi
oyunlardakı rolu
Ekspertlər düşünür ki, əslində bu məsələdə iqtisadi maraqlarla yanaşı, siyasi maraqlarda var və bunlara xüsusi önəm vermək lazımdır. Məsələnin əslində iç qatında nələr durur? Bir tərəfdən BP üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün əlavə vəsait xərcləməli və çətinləşmiş durumu qaydaya salmalıdır. Çünki ötən illər nefti daha üz qatdan çıxartmaq mümkün idisə, indi daha dərin qatdan neft çıxartmağa ehtiyac yaranır və buda əlavə xərclər istəyir. BP isə hələ ki, bundan boyun qaçırır. BP-in belə riskli addım atması isə siyasi dairələrə bağlılığındadır. Bu artıq heç kimdə şübhə yaratmır ki, BP və BP kimi transmilli şirkətlərin arxasında ciddi siyasi dairələr var və bu siyasi dairələr neftlə zəngin ölkələrdə stabil siyasi xətt yürüdürlər. Bu qüvvələrin siyasi maraqları nədən ibarətdir?
Zəif hakimiyyətlər
və ağır şərtlər
Transmilli şirkətlərin adətən arxasında dayanan güclər aşağıdakı maraqların təmininə çalışır.
1. Neftlə zəngin ölkələrin beynəlxalq siyasətdə çəkilərini azaltmaq
QEYD (Azərbaycan son 10 ildə bunun tam əksini sübut edəcək xətt yürüdüb və bu gün BMT kimi bir qurumda Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bir sıra beynəlxalq təzyiqlərə baxmayaraq öz siyasi kursunu müəyyənləşdirib və özünün balanslı siyasətini davam etdirir və Tərəfsizlər Təşkilatına qoşulmaqla bunu sübut edib)
2. Bu ölkələrdə daima iqtisadi inflyasiyanın yaranmasına çalışmaq
3. Bu ölkələrdə siyasi hakimiyyətlərin zəif olması və hakimiyyətə hər an alternativ güclər yaratmaq
Seçki oyununa start
Qeyd edək ki, BP bu maraqlarını Azərbaycanda da daima təmin etməyə çalışıb və hazırda da bunun şahidi olmaqdayıq. BP artıq iki ildir ki, arxasındakı siyasi qüvvələrin maraqlarına tam uyğun şəkildə fəaliyyət göstərir və bununla bir tərəfdən öz siyasi maraqlarını təmin edir, digər tərəfdən isə 2013-cü il prezident seçkilərindən bəhrələnməyə çalışır. Elə prezident İlham Əliyevin bu şirkətə qarşı sərt ittihamlar səsləndirməsindən sonra xarici mətbuatda dərc olunan yazılarda bunu sübut etdi. Belə ki, açıq şəkildə xarici mətbuatda Azərbaycan hakimiyyətinin dəyişdirilməsi çağırışları öz əksini tapdı. Ekspertlər də qeyd edir ki, BP-ni arxeyinləşdirən arqument budur ki, mövcud hakimiyyəti siyasi təzyiqlər altında saxlayacaqlarını düşünürlər və hesab edirlər ki, hakimiyyəti məcbur edəcəklər ki, BP-in iqtisadi maraqlarını təmin etsinlər və bunun qarşılığında 2013-cü il prezident seçkilərində alternativ qüvvələrə dəstək verməsinlər. Qeyd edək ki, ötən prezident seçkiləri ərəfəsində də aydın oldu ki, BP-yə bağlı müəyyən maliyyə kanalları müxalifətə dəstək verməyə başladılar. Hətta bu konkret faktlarla da sübut olundu.
Bundan sonra olacaqlar
Ekspertlər hesab edir ki, yenə də eyni ssenarinin təkrarlanmasına cəhd olub və bunun qarşısı açıq şəkildə hazırda hakimiyyət tərəfindən alınır. Maraqlıdır, bəs bundan sonra nələr olacaq? Müşahidəçilər hesab edir ki, BP son ana qədər öhdəliklərini yerinə yetirməməyə çalışacaq və buna görə ortaya onun arxasında dayanan siyasi qüvvələr çıxacaq. Bu qüvvələr isə aşağıdakı fəaliyyətləri ilə diqqəti cəlb edəcəklər.
1. Azərbaycanda hakimiyyətə alternativ güc yaratmaq üçün müxalifətə maliyyə ayrılacaq
2. Müxalifətin daha da radikallaşmasına cəhdlər ediləcək və buna görə qanunsuz aksiyaların sayı artacaq
3. Avropada və ABŞ-da Azərbaycan hakimiyyəti əleyhinə bir sıra təşkilatların fəaliyyəti genişləndiriləcək
4. Xarici mətbuatda azərbaycan hakimiyyətinə qarşı basqılar çoxalacaq
5. Hakimiyyətə qarşı kompromat savaşına start veriləcək
6. Avropa Şurası, Avropa İttifaqı kimi qurumlar vasitəsi ilə hakimiyyətə qarşı təzyiqlər gündəmə gələcək
7. Erməni lobbisinin aktivləşməsi üçün şərait yaradılacaq
Əks cavab
Ekspertlər hesab edir ki, bu qüvvələr yuxarıdakı addımları atmaqla iki mühüm vəzifənin reallaşmasına çalışacaq.
İlk növbədə istəniləcək ki, BP-yə qarşı basqılar azalsın və bu şirkət əlavə yatırım qoymasın. Bu mümkün olmayacağı təqdirdə hakimiyyətə ağır problemlər yaratsınlar və 2013-cü ildə İlham Əliyev yenə prezident seçilsə belə , hakimiyyət zəifləmiş duruma düşsün. Biz bunun əyani formasını artıq Rusiyada gördük. Rusiyada Vladimir Putin yenidən prezident seçilsədə Rusiya beynəlxalq proseslərdə kifayət qədər zəifləmiş durumdadır və demək oalr ki, hər gün Rusiyanın daxilində alternativ qüvvələr güclənir və hakimiyyət süni şəkildə zəiflədilir. Hesab etmək olar ki, Azərbaycanda da bu ssenarinin hərəkətlənməsinə yaşıl işıq yandırılacaq. Çünki prezident İlham Əliyev çıxışında bir sıra mətləblərə aydınlıq gətirdi.
1. Prezident bu çıxışı ilə ilk növbədə BP-yə sonuncu xəbərdarlığını etdi və bununla bir daha təsdiqlədi ki, Azərbaycanın dövlət maraqlarından imtina etmək və ya güzəştə getmək niyyətində deyil.
2. Prezident İlham Əliyev bu çıxışı ilə əslində BP arxasındakı siyasi qüvvələrə mesajını verdi və onların niyyətindən xəbərdar olduğunu nümayiş etdirdi.
Qeyd edək ki, prezident İlham Əliyev bir neçə ay öncədə çıxışında bildirmişdi ki, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var və bu qüvvələr bir neçə qrupa bölünür. Bununla yanaşı, o, həmin qüvvələrin demək olar ki, fəaliyyət prinsiplərini tamlıqla cəmiyyətə çatdırdı
3. Prezident İlham Əliyev bu açıqlaması ilə həm də cəmiyyəti xəbərdar etdi və hesab etmək olar ki, bununla da cəmiyyətin sabah hansısa qüvvələrin əlində vasitə olmamasını təmin etdi.
Pusquda duran
müxalifət
Ekspertlər bunu da bildirir ki, hazırda bu qüvvələrə dəstək verəcək ölkə daxilində müəyyən qüvvələrdə var. Söhbət müxalifət partiyalarından gedir. Hesab edilir ki, hazırkı vəziyyətdə yalnız AXCP bu qüvvələrin maraqlarına cavab verəcək addımlar ata bilər. Amma bu addımlar yetərli olmayacaq və bu səbəbdən BP-in siyasi tərəfi daha çox beynəlxalq təşkilatlar müstəvisində təzyiqləri artırmağa başlayacaq. Bunun üçün isə ən rahat yol,Azərbaycana qarşı
- insan haqlarının qorunmaması iradının tutulması
- sərbəst toplaşma azadlığının təmin olunması
- Seçki məcəlləsinin dəyişdirilməsinin istənilməsi
- Partiyaların maliyyələşdirilməsi məsələsinə yenidən baxmaq şərtləri səsləndiriləcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48