2015-ci ildə Azərbaycanda baş verən iki devalvasiya iqtisadiyyata, insanların məişətinə zərbə vurdu. Devalvasiyadan sonra bir çox sahələrdə geriləmə baş verdi, ixtisarlar oldu, işçilərin əməkhaqlarının verilməsində problemlər yarandı. Sözsüz ki, devalvasiyadan hamı kimi jurnalistlər də əziyyət çəkdilər.
Unikal.org bildirir ki, Modern.az-ın əməkdaşıdevalvasiyanın mətbuata necə təsir etdiyini araşdırmaq üçün sorğu keçirib.
Rahim Hacıyev, "Azadlıq" qəzetinin baş redaktoru:
"Ölkə iki dağıdıcı devalvasiya yaşayıb. Bu devalvasiyalar sosial-iqtisadi vəziyyəti həddindən artıq ağırlaşdırıb. İlk növbədə əhalinin alıcılıq qabiliyyinə olduqca mənfi təsir göstərir və iqtisadiyyatın bütün sahələri çox ciddi ziyan çəkib. Amma çox təəssüf olsun ki, vaxtında zəruri addımların atılmaması nəticəsində vəziyyət daha da pisləşib. Hökumət devalvasiyalara getməklə vəziyyəti yaxşılaşdırmağı ümid edirdi. Daha dəqiq desək, əlindəki valyuta rezervlərini xilas etmək istəyirdi. Amma bununla yanaşı, başqa addımlar atılmalıydı, iqtisadi sərbəstlik təmin olunmalı idi. Vətəndaşların sərbəst şəkildə iqtisadi proseslərdə iştirakı təmin olunmalı idi. Bütün bu məsələlər həll olunmamış qalır, ona görə də vəziyyət günü-gündən pisləşir. Son günlər baş verənləri "yumşaq devalvasiya " adlandırmaq olar. Bu da qiymətlərin yenidən qalxmasına, əhalinin maddi çətinlik çəkməsinə səbəb olur.
Onsuz da daim ağır maliyyə böhranında olan "Azadlıq" qəzetinin vəziyyəti devalvasiyadan sonra hədsiz dərəcədə pisləşib. Əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi qəzet satışına da mənfi təsir göstərib. "Azadlıq" qəzeti satış hesabına maliyyələşdiyi üçün vəziyyətimiz hədsiz dərəcədə gərgindi. "Qasid" firmasının "Azadlıq" qəzetinə olan 69 min manat borcu ödəməməsinə görə, bizim də nəşriyyata 20 min manat borcumuz yaranıb. Gərgin günlər keçiririk".
Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru:
"Devalvasiyadan sonra nəşriyyatın qiymətləri qalxdı, kağızların qiyməti bahalaşdı. Bu, yazılı mətbuata çox ağır zərbə oldu. Biz müxtəlif vasitələrlə, səhifələrin sayını azaltmaqla, cüzi ixtisarlarla bu vəziyyətdən çıxmaq üçün addımlar atmışıq. Devalvasiyadan sonra çətin bir dövr davam edir və güman edirik ki, hansısa şəkildə bu vəziyyətdən çıxa biləcəyik".
Rauf Arifoğlu, "Yeni Müsavat" qəzetinin baş reaktoru:
"Bu barədə heç bir məlumat verə bilməyəcəm. Çünki bizim redaksiyamızda heç bir dəyişiklik olmadı. Hələ ki bütün işlər öz qaydasında davam edir".
Vüsalə Mahirqızı ,"APA Holdinq"in prezidenti:
"Ümumən deyim ki, hamı necə biz də elə, bir az kəmərləri sıxmağa cəhd eləmişik. Amma ümumi vəziyyətimizdən heç bir narazıçılığımız yoxdu, hər şey yaxşıdı. Təbii ki, bütün qurumlar, cəmiyyət bununla bağlı özü üçün bir plan, rejim hazırladı. O cümlədən bizim də şirkət olaraq, problemlə bağlı bəzi planlarımız oldu. Güclü ixtisarlara getmədik, xərclərimizi azaltmağa çalışdıq.
Aynur Camalqızı, "Teleqraf Holdinq"in rəhbəri:
"Hamı kimi, biz də qlobal iqtisadi böhranın çətinlikləri ilə qarşı-qarşıyayıq. Bir müddət əvvəl şirkətdə müəyyən ixtisarlar oldu. Bu, gözlənilmədən yaranan maddi problemlərlə bağlı idi. İşçilərimizin bir qismini ixtisar etməyə məcbur olduq, "Gündəlik Teleqraf" qəzetini bağladıq. Bəzi işçilərimiz də maaşlarının azaldılması ilə razılaşmadı və işdən getdi. Ancaq hazırkı kollektivlə nə qədər çətinliklə olsa da, işimizi davam etdiririk. Düşünürəm ki, hazırda bizimlə çalışan əməkdaşlar sözün əsl mənasında fədakarlıq nümayiş etdirirlər".
Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:
"Tək bizim qəzetin deyil, ümumiyyətlə çap mətbuatının vəziyyəti yaxşı deyil. Devalvasiyadan sonra maaşlarda və qonorarlarda azalma etmədik. Heç bir ixtisar olunmadı. Sadəcə, vəziyyətdən çıxmağa çalışırıq".
Vüsal Məmmədov, "Azvison.az"ın baş redaktoru:
"Bizim redaksiyada hələ ki heç bir çətinlik olmayıb. Maaşlar vaxtı-vaxtında verilir və heç bir ixtisar olunmayıb".
Elbrus Ərud, "Qafqazinfo"nun baş direktoru:
"Düzünü deyim, bizdə bir neçə ay bundan əvvələ qədər elə bir ciddi problem hiss olunmurdu. Amma artıq iyun ayının əvvəllərindən reklamçılar çəkilməyə başlayıb. Ciddi problemlər yaşamağa başlamışıq. Maaşları demək olar ki, hissə-hissə veririk .Əvvəllər hər ayın 1-i bizdə maaş olardı, amma artıq 2 ay olar ki, biz daxil olan pulları əməkdaşlarımıza hissə-hissə verməklə məşğuluq. Çox böyük çətinlik keçiririk. Hər dəfə də ümid edirik ki, bəlkə gələn ay bundan yaxşı olar. Belə baxıram ki, son günlərin yaranan durumu onu deməyə əsas verir ki, yəqin ki, gələn ay bundan da pis olacaq. Bir qədər bədbin əhval-ruhiyyədəyəm. Düşünürəm ki, media zərbə almamalıdır. Ümumiyyətlə, cəmiyyətdə baş verən istənilən təlatümdən, istənilən problemdən, çaxnaşmadan ilk növbədə zədə alan sahə media olur. Saytın texniki xidmətini və serverin pulunu dollarla ödəyirik. Ona görə də çətinliklər çəkirik".
İlham Quliyev, "Kaspi" qəzetinin baş redaktoru:
"Təbii ki, devalvasiya həyatımızın bütün sahələrinə, o cümlədən də mediaya təsirsiz ötüşməyib. Xüsusilə də yazılı mətbuat bunu fəsadlarını öz çiyinlərində ciddi şəkildə hiss etməkdədir. Devalvasiyadan sonra qəzetimizin çap xərcləri xeyli artıb. Digər xərclərimizdə də artım var. Təbii ki, bütün bunlar ümumi büdcəmizə də təsir edib. Amma biz hələ ki ixtisarlara getməmişik. 1 il əvvəllə müqayisədə əməkdaşlarımızın sayında azalma yoxdur. İtkilərin bir hissəsini qonorarları azaltmaq, kənar müəlliflərlə əməkdaşlığı zəiflətməklə kompensasiya etməyə çalışırıq. Həm də çalışırıq gəlirlərimizi - satış və abunəmizi artıraq. Eyni zamanda, belə davam edərsə, qəzetimizin satış qiymətinə də baxa bilərik".
Əfqan Qafarlı, Modern.az saytının baş redaktoru:
"Ötən il baş verən devalvasiyalar media sahəsinə ciddi zərbə vurdu desəm, yəqin yanılmaram. Söhbət təkcə bizim redaksiyadan getmir. Ümumən mətbuat bu dönəmdə çətin günlər yaşayır.
2015-ci ilin dekabr devalvasiyası Modern.az-da bir neçə işçinin ixtisarına yol açdı. Başqa variantımız yox idi və ixtisara məcburən getməli olduq. Eyni zamanda bir tərəfdən də reklam bazarı getdikcə zəifləyir...
Yaranmış durumun tezliklə düzələcəyinə hələ ümid yoxdur. Vəziyyət çətin də olsa, saytımızı 4-5 əməkdaşın gücü ilə idarə etməyə çalşırıq".
Niyaz Niftiyev, "Azadinform" Agentliyinin baş redaktoru:
"Birinci və ikinci devalvasiyadan sonra "Azadinform" İnformasiya Agentliyinin redaksiyasında ciddi dəyişiklik baş verməyib, ixtisar isə ümumiyyətlə olmayıb. Sadəcə, proqnozlaşdırdığımız və həyata keçirmək istədiyimiz layihələri müvəqqəti təxirə salmışıq. Təxirə salınan layihələr kənar müəlliflərə məxsus idi".
Aqil Camal, "Türküstan" qəzetinin baş redaktoru:
"Fevral ayında baş verən devalvasiya nəticəsində xaricdən - əsasən Rusiyadan gətirilən qəzet kağızının qiyməti qalxdı. Mətbəələr bir müddət əvvəldən gətirdikləri kağızı qəzetlərə əvvəlki qiymətlə satdılar. Amma yeni partiya kağızlar üçün mətbəələr qiymət artımı etməyə məcbur oldular ki, bu da anlaşılandı. Bilirsiniz ki, son illərdə çap mediasının satış arealı xeyli dərəcədə məhdudlaşıb. Satış nöqtələri azalıb. Qəzetlər metro ərazisi kimi potensial satış bazarını itirib. Belə bir şəraitdə qiymət artımı həm mətbəə xərclərinin artmasına, həm də istər-istəməz oxucuların alıcılıq qabiliyyətinə öz təsirini göstərdi. Və təbii ki, bu durumdan zərər görənlər arasında "Türküstan" qəzeti də var. Düzdür, bizim böyük kollektivimiz yoxdu. Qəzeti 5-6 nəfərlə idarə edirik. Devalvasiyanın yaratdığı maliyyə sıxıntısı şəraitində çalışdıq ki, sıralarımızdan heç kəsi itirməyək. Bundansa, qanorarları bir qədər azaltmaq variantını seçdik".