İyunun 26-da AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında təsisçi Tofiq Heydərovun şəxsində Azərbaycan Respublikasının "AAAF Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə rəhbər Şu Cilayın şəxsində Çin Xalq Respublikasının "China İnnovation Enviromental Art Technology Group LTD" – CİEA arasında qarşılıqlı dostluq və tərəfdaşlıqla bağlı razılaşma protokolu imzalanıb.
Unikal.org xəbər verir ki, anlaşmaya əsasən, tərəflər arasında qarşılıqlı faydalı münasibətlərin inkişafına və iqtisadi inteqrasiyanın dərinləşməsinə dəstək veriləcək, beynəlxalq əməkdaşlığın ümumi qəbul olunmuş norma və qaydalarına uyğun, böyük layihələr həyata keçiriləcək. Protokolda CİEA şirkətinin "AAAF Holdinq"in tikinti və biznes layihələrinə müqavilə üzrə 3 ilə 60 milyon ABŞ dolları həcmində yatırım etməsi, yerli şirkətin isə bu layihələri yerinə yetirmə öhdəliyini öz üzərinə götürməsi qeyd olunub.
İmzalanma mərasimində ilk olaraq qonaq şirkət rəhbəri Şu Cilaya söz verilib. O, bu anlaşmanın həyata keçirilməsindən çox razı qaldığını qeyd edib. Cənab Cilay bildirib ki, bu yatırımlar vasitəsilə Çin və Azərbaycan xalqları arasında mövcud olan dostluq münasibətləri daha da genişləndiriləcək və möhkəmləndiriləcək, böyük layihələr reallaşdırılacaq. Şirkət olaraq "AAAF Holdinq" və onun rəhbəri Tofiq Heydərovla işləməkdən məmnun olduğunu dilə gətirən çinli iş adamı, atılacaq addımların hamı üçün səmərəli və xeyirli olacağını deyib.
Sonra "AAAF Holdinq"in təsisçisi Tofiq Heydərov danışıb. O, qeyd edib ki, şirkət olaraq Azərbaycanda və ondan kənarda indiyə qədər həyata keçirdiyimiz layihələr uğurla başa çatdırılıb və öz müasirliyi, böyük funksionallığı ilə seçilib. Ölkəmizin bir neçə regionunda, həmçinin digər dövlətlərdə tikintisi aparılan AAAF Park buna bariz misaldır. Çinin CİEA şirkəti ilə birgə əməkdaşlıq və innovativ texnologiyaların tətbiqi ilə biznes çalışmaları isə yeni sərhədlər açacaq, üfüqləri yaxınlaşdıracaq.
Sonra şirkətlər arasında anlaşma imzalanıb və bu, alqışlarla müşayiət olunub. Xatirə şəkilləri çəkilib.