Qərib Məmmədovu yoxlatdırırlar
11:58 17-10-2012
İQTİSADİYYAT
Qərib Məmmədovu yoxlatdırırlar
Torpaq və xəritəçəkmə komitəsinin başı dərddə
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov yenidən problemlərlə üzləşib. Bununla bağlı “Unikal”ı məlumatlandıran mənbənin sözlərinə görə, komitə sədriylə bağlı yuxarılara üvanlanmış və konkret faktlarla zəngin olan materiallar sonda nəticəsini verib və bir müddət öncə komitənin yerli strukturlarında ciddi yoxlamalara başlanılıb. Əldə etdiyimiz informasiyada qeyd olunur ki, qanunsuz torpaq mənimsəmələri və satışı ilə bağlı olan faktlar əsasən Tovuz rayonunun Ceyrançöl ərazisini, Beyləqan, İmişli, Şamaxı və Xızı rayonlarını əhatə edib. Adıçəkilən rayonlarda hektarlarla ərazinin şəxsləşdirilməsində ciddi pozuntuların aşkarlanması isə bütövlükdə komitənin yoxlanması ilə nəticələnib.
İnformasiya qaynağımızın sözlərinə görə, yoxlamaların əsas məqsədlərindən biri də dövlət balansında olan torpaqların faktiki vəziyyətini müəyyənləşdirməkdən ibarət olub. Bir sıra dövlət qurumlarının nümayəndələrinin yer aldığı komissiyanın gəldiyi nəticələr isə Qərib Məmmədov üçün heç də xoş gələcək vəd etmir. Belə ki, komissiyanın apardığı yoxlamalar nəticəsində çox ciddi qanun pozuntularının ortaya çıxıb və bununla bağlı hələlik hər hansı rəsmi açıqlamanın verilməməsi qərara alınıb. Bununla belə Qərib Məmmədov yoxlama nəticələri ilə tanış ola bilib və indi düşdüyü bu ağır sitiuasiyadan çıxmaq üçün müxtəlif yollar aramaqdadır. Mənbəmizin bildirdiyinə görə, Qərib Məmmədov hətta əleyhinə olan durumu xeyrinə dəyişmək məqsədilə adını çəkmək istəmədiyimiz yüksək çinli bir məmurla dəfələrlə görüşməyə cəhd göstərsə də səyləri bu günə qədər nəticəsiz qalıb. Bunun səbəbsiz olmadığını söyləyən mənbəmiz yoxlamaların üzə çıxartdığı pozuntuların miqyası və ciddiliyinin böyük olduğunu iddia edir.
Aparılan yoxlamalar haqda redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, yoxlamaların sonucu olaraq Azərbaycanda vahid torpaq kadasdr sisteminin qurulması, elektron məlumat bazasının yaradılması nəzərdə tutulubmuş. Lakin Qərib Məmmədovun bu komitəyə başçılıq etdiyi zamanlarda yaratdığı anarxiya həmin islahatların həyata keçiriləmsini birmənalı olaraq mümkünsüz edib: “Hazırda fərdi və hüquq şəxslərin mülkiyyətində olan torpaqların mülkiyyətçilik hüquqi ilə bağlı 4500 məhkəmə çəkişməsi gedir. Bundan başqa ölkə ərazisindəki torpaqların dövlət və ya bələdiyyə mülkiyyəti, həmçinin də şəxsi mülkiyyətdə olması ilə bağlı heç bir vahid plan mövcud deyil.”
Mənbə həmçinin onu da bildirib ki, dövlət komissiyası aparılan yoxlamalar zamanı rayon icra hakimiyyətlərinə də müraciətlər edib. Komissiyanın yerli icra hakimiyyətlərinə yolladığı sorğularda bu məsələ ilə bağlı bir sıra istiqamətlərdə iş aparılıb. Bundan başqa dövlət mülkiyyətində olan torpaq sahələri ilə bağlı da araşdırmaların aparıldığı söylənilir. Məlumatlara əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi, həmçinin də bu torpaqların kimlərə icarəyə verilməsi məsələsi də ciddi şəkildə təftiş olunur. Fiziki və hüquqi şəxslərlə torpaqların icarəyə verilməsinə görə bağlanan müqavilələrlə bağlı sənədlər toplanılır və sonradan araşdırılmaq məqsədilə Bakıya göndərilir.
Mənbəmiz bildirir ki, bu məlumatlar toplandıqdan sonra komissiya böyük bir rəy hazırlayaraq dövlət başçısına təqdim edib. Qərib Məmmədovun həmin rəydən əndişələnməsinin isə səbəbsiz olmadığını bildirən mənbəmiz məhz həmin yoxlama nəticələrinə əsasən komitə sədrinin vəzifəsini itirə biləcəyini də qeyd etdi. Bunun üçün isə kifayət qədər əsaslar var. Əvvəla, təftiş komissiyasının gəldiyi nəticələr Qərib Məmmədov üçün ifşaedici mahiyyət daşıdığından proses sonucda onun vəzifəsini itirməsi ilə də nəticələnə bilər. Digər tərəfdən isə diqqətdən qaçırılması mümkün olmayan nüanslardan biri də Qərib Məmmədovun hakimiyyət içindəki mövqeyidir. Məlumat üçün bildirək ki, torpaq və xəritəçəkmə komitəsinin rəhbəri proseslərə təsir gücündə olan hakim qruplaşmaların hər hansı biri tərəfindən dəstəklənmir. Bütün bunlar azmış kimi bir çoxları Qərib Məmmədovu devirmək üçün illərdən bəri mübarizə aparırlar və yaranmış sitiuasiya həmin qüvvələri yenidən fəallaşdıra bilər.
Göründüyü kimi istənilən halda proseslər Qərib Məmmədov üçün arzuolunmaz məcrada inkişaf edir. Bütün bunların konkret olaraq nəylə nəticələnəcəyi isə yaxın zamanlarda bəlli olacaq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00