Sabir Rüstəmli MM-də səs-küy saldı
11:59 17-10-2012
İQTİSADİYYAT
Sabir Rüstəmli MM-də səs-küy saldı
Vitse spiker deputata irad tutdu,onu cəhbə bölgəsinə getməməkdə sucladı
"Təmas xəttində yerləşən hərbi hissələr sanki cəmiyyətdən təcrid olunmuş şəraitdə fəaliyyət göstərirlər. Orduya yığılmış bu qədər maliyyə hara gedir?".
Bu sözləri oktyabrın 16-da Milli Məclisin plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Ordusunun 95 illik yubileyi münasibətilə təsis olunan medalla bağlı müzakirə zamanı deyib. O Azərbaycan Ordusundakı vəziyyətlə bağlı çıxış edib.
Sabir Rüstəmxanlı bu yaxınlarda düşmənlə təmas xəttində yerləşən N saylı hərbi hissədəki vəziyyətlə bağlı öz təəssüratlarını açıqlayıb. Onun sözlərinə görə, təmas xəttində yerləşən hərbi hissələr sanki cəmiyyətdən təcrid olunub. Deputat həmin hərbi hissələrə diqqətin ayrılmasına ciddi ehtiyac olduğunu bildirib. S.Rüstəmxanlının sözlərinə görə, orada olarkən bəzi çatışmazlıqların və əsgərlərin vəziyyətindəki problemlərin şahidi olub.
"Mən həmin hərbi hissədə olarkən əsgərlərin və hərbi texnikanın vəziyyətini müşahidə etdim və soruşdum: Orduya yığılmış bu qədər maliyyə hara gedir?".
Millət vəkili deputatları bununla bağlı parlamentdə komissiya yaratmağa çağırıb. O, millət vəkillərinə həmin hərbi hissələrə getməyi təklif edib. Deputatın sözlərinə görə, əsgərlərlə söhbət edərkən sanki onların içlərinin boş olduğunu müşahidə edib.
"Hərbi hissədə kitab yox, komandiri axtarırsan, yerində tapmaq olmur". S. Rüstəmxanlı bildirib ki, həmin hərbi hissədən 200 metr o tərəfdə isə düşmən yerləşir:
"Mən hesab edirəm ki, təmas xəttindəki hərbi hissələrə diqqət artırılmalı və ora deputatların səfərləri təşkil olunmalıdır"-deyə o, vurğulayıb. Millət vəkili Aydın Mirzəzadə Sabir Rüstəmxanlıya cavab olaraq bildirib ki, bu, deputata yaraşan çıxış deyil:
"Bu cür çıxışlarla biz kimə çağırış edirik? Bəs Mübariz İbrahimovlar harada yetişir? Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunub, ordumuz torpaqlarımızı hər zaman işğaldan azad etməyə qadir bir ordudur. Hansı komandir yerində tapılmır?".
Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov da Sabir Rüstəmxanlıya irad tutub:
"Siz deputatsınız, bu məsələ ilə bağlı nə zaman Yazıçılar Birliyinə müraciət etmisiniz? Yazıçı və şairlərlə birlikdə cəbhə bölgəsinə getmisiniz? Qoy o adam danışsın ki, o, belə bir şəxsi nümunə göstərsin. Elə bir nümunə ortada olsun. Heç kim sizin qabağınızı kəsməyib. Məsələni necə istəyirsiniz həll edə bilərsiniz. Azərbaycan hökuməti və prezidenti ordunu möhkəmləndirmək üçün əlindən gələni edir. Bəs ictimaiyyət nə edir? Mən bir şairin, yazıçının cəbhə bölgəsinə getdiyinin şahidi olmamışam".
Fazil Mustafa Gülər
Əhmədovanı Azər
Əhmədovla müqayisə etdi
Iclasda adı 1 milyonluq rüşvət qalmaqalında keçən sabiq deputat Gülər Əhmədovanın məsələsindən danışılıb.Millət vəkili Fazil Mustafa çıxış edərək bu məsələdən bəhs edib.
F.Mustafa deyib ki, son günlər cəmiyyətdə belə fikirlər səsləndirilir ki, guya, deputatlara parlamentin iclaslarında Gülər Əhmədovanın videoqalmaqalından danışmamaq barədə tapşırıq verilib. Deputat bu kimi fikirləri əsassız adlandırıb. O, bu məsələdən cəsarətlə danışa biləcəyini vurğulayıb.
F.Mustafa bu məsələyə dair çıxışını davam etdirib. O, bildirib ki, son zamanlar bəzi mətbuat orqanlarında da hansısa qüvvələr tərəfindən parlamentin bu məsələni müzakirə etmədiyi və deputatların da bu müzakirələrdən yayındığı haqda məlumatlar yayılıb. F.Mustafa qeyd edib ki, bir çoxları sözügedən qalmaqaldan xal qazanmaq istəyirlər. Bu yolverilməzdir.
"Biz heç kimdən qorxmuruq, heç kim də bizim ağzımızı bağlaya bilməz. Həmin videoqalmaqalla bağlı öz münasibətimizi mətbuatda bildirmişik. Hazırda istintaq getdiyi üçün biz bu məsələni Milli Məclisdə qaldırmağı düzgün hesab etmirik".
F.Mustafa bildirib ki, bir deputatın məsuliyyəti bütün millət vəkillərinin üzərinə qoyula bilməz.
"Bu yalnışdır. Məsələn "Azadlıq" qəzetinin keçmiş direktoru Azər Əhmədovun nalayiq hərəkətindən sonra qəzet öz fəaliyyətini dayandırdı? Bir nəfərə görə, hamını qaralamaq düzgün deyil".
Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov Gülər Əhmədova olayına münasibət bildirib. Spiker Fazil Mustafanın dediklərinə şərik çıxaraq, bildirib ki, parlamentdə bu məsələdən danışmaq heç kimə qadağan olunmayıb. O.Əsədovun sözlərinə görə, bəzən kimlərsə Milli Məclis haqqında yanlış rəy yaratmağa çalışırlar.
Spiker deyib ki, Gülər Əhmədova öz ərizəsilə deputat mandatından imtina edib və bu məsələ ilə bağlı hazırda istintaq gedir.
"Gülər xanım deputat mandatından imtina edib, istintaq gedir, bu məsələni şişirtmək lazım deyil".
Səyavuş Novruzov isə
Məcəlləni aşsüzə bənzətdi
Millət vəkili Siyavuş Novruzov parlamentin keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən narazılıq edib. Sözügedən qanun layihəsinin tez-tez dəyişdirilməsini yersiz hesab edən deputat bildirib ki, bu məsələlərin yenidən işlənməsinə ehtiyac yaranıb.
"İnzibati Xətalar Məcəlləsini aşsüzənə döndərmişik. Kim hansı qanun layihəsi ilə bağlı nəsə bilmək istəsə, sənədi dəyişdiririk", - deyən S.Novruzov bildirib ki, parlament rəhbərliyinin iştirakı ilə İnzibai Xətalar Məcəlləsinin yenidən dərc olunmasına ehtiyac yaranıb.
İqbal Ağazadə
"hə", Oqtay Əsədov
"yox" dedi
Deputat İqbal Ağazadə 18 oktyabr Müstəqilliyin bərpası gününün qeyri-iş günü kimi qəbul olunmasını təklif edib. Deputat bildirib ki, parlament və hökumət yenidən bu məsələyə baxmalı və münasibəti dəyişməlidir.
"Bu Azərbaycan müstəqilliyinin bərpa edilməsi üçün çox tarixi bir gündür. Dünya ölkələrində müstəqillik qazanılan gün ən təntənəli bayram kimi keçirilir və qeyri-iş günü kimi qeyd olunur", - deyən İ. Ağazadə əlavə edib ki, 18 oktyabr siyasi-tarixi gün kimi qeyd olunmalıdır.
"Bununla bağlı silsilə tədbirlər planı hazırlanmalı və gənclərə bu tarixi mövqeyin əhəmiyyəti çatdırılmalıdır".
Məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyi bərpa edərkən özünü 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi varisi elan edib.
O.Əsədov bildirib ki, AXC-nin yaranması 28 may tarixindən başlanır. Buna görə də hüquqi baxımdan Azərbaycan Respublikasının müstəqillik günü 28 may tarixində qeyd olunmalıdır və həmin gün də ölkədə bayramdır. Məsələni belə izah edən spiker 18 oktyabr tarixinin qeyri-iş günü elan edilməsi barədə təkliflərlə razılaşmadığını dilə gətirib. Spiker Oqtay Əsədov daha sonra bp şirkəti ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
O.Əsədov prezident İlham Əliyevin şirkətlə bağlı tənqidi çıxışına toxunaraq deyib ki, bp şirkəti artıq öz cavabını alıb.Spiker bu məsələ ətrafında bir çox dairələrin qaldırdığı hay-küyü anlamadığını bildirib. Onun sözlərinə görə, məsələdən xəbəri olmayan bəzi insanlar bp şirkəti ilə bağlı danışırlar.
"Prezident dedi ki, öhdəliklər yerinə yetirilməlidir. Necə olur ki, müqavilədə Azərbaycanın payı 80 faizə qalxanda hasilat aşağı düşür. Prezident Azərbaycan dövlətinin maraqlarını müdafiə edir. Bu da onu göstərir ki, şirkət hasilatın artırılmasında maraqlı olmayıb", - deyə O.Əsədov bildirib.
Parlamentin sədri mətbuatda bp ilə bağlı məsələlərə tənqidi yanaşmanın düzgün olmadığını qeyd edib. Spikerin fikrincə, bp-yə artıq xəbərdarlıq edilib.
Millət vəkili Zahid Oruc da bp ilə bağlı məsələdən danışıb. Deputat qeyd edib ki, parlament ölkə başçısının məlum çıxışını müsbət qiymətləndirib.
Zahid Oruc deyib ki, Azərbaycan prezidenti öz çıxışı ilə transmilli şirkətlərin guya, siyasi məsələləri həll etdiyi, hakimiyyət dəyişikliyi həyata keçirdiyi barədə formalaşan mifləri dağıtdı.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00