Gürcüstanda nələr olacaq?
12:01 17-10-2012
İQTİSADİYYAT
Gürcüstanda nələr olacaq?
2012-ci ilin vacib hadisələrindən biri də Gürcüstanda keçirilən parlament seçkilərində hazırkı prezident Mixail Saakaşvilinin başçılıq etdiyi "Vahid Milli Hərəkat"ın Bidzina İvanişvilinin "Gürcu Arzusu" blokuna məğlub olması oldu.
Məğlub olması deyəndə, 150 nəfərlik Gürcüstan parlamentində 54,85 faiz səslə 87 yeri "Gürcü arzusu", 40,43 faiz səslə isə 67 yeri isə "Vahid Milli Hərəkət" qazandı. Mövcud Konstitusiyanın 81-ci maddəsinə görə, Prezidentin təyin edəcəyi baş nazir və Nazirlər Kabineti parlamentdən etimad rəyi almalıdır. Bu isə o deməkdir ki, Gürcüstanda hökuməti "Gürcü arzusu" müəyyənləşdirəcək. Daha doğrusu, artıq müəyyənləşdirib.
Bu seçkilərdə və ondan sonra İvanişvilinin NATO-ya və Qərbə ard-arda "sədaqət andı" içməsinə baxmayaraq, Qərb narahatdır. Niyə sualının çox açıq cavabı isə İvanişvilinin Rusiyaya bağlı keçmişindədir. Eyni zamanda parlamentli respublika sisteminə keçid baş verəcəyi üçün bu seçkilər Gürcüstanın gələcək idarəetmə yolunu, siyasətini və dünyaya baxışını da müəyyənləşdirir.
... Bəzi məlumatlara görə, İvanişvilinin sərvətinin 4 milyard dollardan çox olduğu bildirilir. Və bu 4 milyard sərvət də soyuq, Gürcüstan üçün isə çox soyuq olan Rusiyada qazanılıb.
İvanişvili bu sərvətini 2000-2008-ci illərdə Putinin hakimiyyəti dönəmində toplayıb. Və bu həmin vaxtlar idi ki, bir çox böyük oliqarx-biznesmenlər Rusiyanı məcburi və ya könüllü tərk edirdilər. Həmin vaxt heç bir maneə hiss etmədən milyonerdən milyarder statusuna tərəf irəliləyən İvanişvili 2011-cu ilin payızında ani bir qərarla Rusiyadakı sərvətini satır və Gürcüstana doğru istiqamətlənir. O, 2012-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək arzusunu da məhz həmin vaxt, heç gecikmədən açıqlamışdı...
İndilik əsas sual bundan ibarətdir: İvanişvili Gürcüstanın üzünü Qərbdən Rusiyaya tərəf çevirəcəkmi? NATO və Aİ ilə inteqrasiyadan geri addım atacaqmı? Bu sual sadəcə Qərb üçün yox, habelə Azərbaycan üçün də çox aktual və vacibdir. Amma bizim üçün bu suallardan daha vacib olanı daha biri var. İvanişvilinin hakimiyyəti dövründə Rusiyanın qonşu və düşmən Ermənistanla münasibətlərində Gürcüstan hansı rolu oynayacaq? Məsələn, Ermənistan Azərbaycan münaqişəsində silahlar danışası olsa, Gürcüstan necə davranacaq? Ermənistan üçün oksigen balonu, Rusiyanın imdada yetişməsi üçün quru dəhlizi rolunu oynayacaqmı?
***
...Gürcüstan - əhalisi, sahəsi və təbii ehtiyatları baxımından kiçik və kasıb dövlətdir. Lakin Gürcüstan Qafqazların Qərbə açılan qapısıdır, eyni zamanda həm də Trans-Xəzər ölkələri üçün dənizə çıxışdır. Buna görə də regiona daxil olub, hərəkət etmək üçün Gürcüstan bir fürsətdir. Əsas enerji, nəqliyyat və kommunikasiya layihələri Gürcüstan üzərindən reallaşır. Qərb çox yaxşı bilir ki, Rusiya Gürcüstanda nüfuz sahibi ola bilsə, bölgədə hökmranlıq üçün fürsətləri artacaq.
İvanişvili isə hələ seçki ərəfəsində gürcü xalqına onun hakimiyyəti dövründə Rusiya ilə normal münasibətlər vəd etmişdi. İvanişvilinin qalibiyyətində bu vədin danılmaz rolu olduğu da aydındır. Çünki Saakaşvilinin söyləmədiklərinə onun yeganə əlavəsi budur.
Rusiya kimi qüdrətli dövlətlə qonşuluq edib, onunla ehtiyatlı siyasət həyata keçirmədən ötüşmək mümkün deyil. Rusiyanı regionda görməməzlikdən gəlmək qeyri-rasional bir yanaşmadır. Saakaşvilinin məğlubiyyətində onun "aqressiv Rusiya siyasəti"nin payı çox böyükdür.
İvanişvili eyni zamanda NATO-ya qoşulma və Qərblə daha yaxın inteqrasiya istəyini də bildirib. Hətta onun blokunun mitinqlərində NATO bayraqlarını da görmək mümkün idi.
Lakin bu ştrixlər İvanişvilinin "gerçək qərbpərəst" olduğunu göstərmək üçün o qədər də həlledici deyil. İvanişvilinin Qərblə bağlı bəyanatlarını həm də Saakaşvilinin pro-qərb siyasətindən razı olub, daxili siyasəti ilə barışmayan protest elektorata yönəlik səsləniş kimi qəbul etmək daha doğru olar.
Gürcüstanda elektoratın müəyyən hissəsi Abxaziya və Osetiya sakinlərinə rus pasportlarını paylayan Rusiyanı sevmək istəyindən uzaqdır. Ərazisinin iki ayrı-ayrı subyektini "müstəqil dövlət" kimi tanıyan ölkəni vətəndaşa sevdirmək İvanişvili hakimiyyətinin gücündən çox uzaq olan məsələdir. Bu, yalnız Rusiyanın həmin subyektlərlə bağlı iddialarından geri çəkilməsi halında baş verə bilər ki, yaxın tarixdə belə bir möcüzənin olacağı da real deyil. Bu səbəblə də İvanişvilinin pro-Qərb bəyanatları daha çox daxili elektorata və Qərbdən dəstək almağa yönəlmiş kimi görünür.
İvanişvili ilk səfərini Amerikaya, daha sonra isə Azərbaycana edəcəyini açıqladı. Bəli, bu iki dövlət, sırası ilə Gürcüstanın ən yaxın müttəfiqi və əslində himayədarıdır. Ən azından son 10 il ərzində bu, belə olub. İvanişvili bu bəyanatları ilə Gürcüstanın xarici siyasətində köhnə kursa sadiq qalacağını göstərmək istədi. Belə olacaqmı? Bunu isə zaman göstərəcək...
Təkcə bunu yox... Həm də "ideoloji" Saakaşvilinin yerinə milyarder İvanişvilinin daha nələr edəcəyi ilə bağlı sualların da cavabı zamandadır.
Hər halda proqnozlaşdırılan budur ki, yaxın bir ildə İvanişvili Qərbi məmnun etməyən addımlar atmayacaq. Bunun bir səbəbi onun öz komandasını möhkəmləndirməsi üçün qazanacağı zaman, digər səbəbi isə 2013-cü ilin noyabr ayına qədər Saakaşvili faktorunun qalmasıdır.
Saakaşvili nə edəcək?
Saakaşvilinin qarşıdakı 1 il ərzində hökuməti istefaya göndərmək, yeni baş nazirlə bağlı namizədini parlamentə təklif etmək imkanı var. Parlamentin bu namizədi 3 dəfə qəbul etməməsi halında prezidentin parlamenti buraxmaq səlahiyyəti də var.
Saakaşvilinin İvanişvilinin səhvlərini təqib edəcəyi də şübhəsizdir.
Xalqın İvanişvilidən əsas gözləntisi maddi və sosial vəziyyətində müsbətə doğru inkişaf etməsidir. İvanişvili böyük ehtimalla şəxsi vəsaiti hesabına olsa da, Gürcüstanda iqtisadi vəziyyəti müsbətə doğru istiqamətləndirməyə çalışacaq və bəzi müsbət nailiyyətlər əldə edəcək. Belə olan halda isə yeni dönəmdə Saakaşvilinin yeri müxalifətdə görünür...
Fərhad Mehdiyev
P.S. Son parlament seçkilərini qalibi olan "Gürcü arzusu" siyasi blokunun lideri Bidzina İavanişviliyə Gürcüstan vətəndaşlığı qaytarılıb. Bu barədə bu gün prezident Mixail Saakaşvili sərəncam imzalayıb.Xatırladaq ki, İvanişvili 2011-ci ildə Saakaşviliyə qarşı müxalif cəbhə yaratdığı üçün Gürcüstan vətəndaşlığından məhrum edilmişdi.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00