Bakıdakı  qəbiristanlıqlar köçürülür
Bakıdakı qəbiristanlıqlar köçürülür

Şamaxı yolunun yaxınlığında yeni qəbiristanlıq üçün geniş ərazi ayrılıb

"Unikal" qəzetinə özəl mənbələrdən daxil olan etibarlı məlumata görə yaxın günlərdə Bakı ərazisindəki bütün qəbiristanlıqların köçürülməsinə start veriləcək. Bununla bağlı qəzetimizi məlumatlandıran mənbənin sözlərinə əsasən belə bir plan uzun müddət imiş ki, müzakirə olunurmuş, lakin yeni qəbiristanlıq üçün ərazinin seçilməsi məsələsində yekdil rəyin olmaması məsələnin həllini bu günə qədər yubadıb.

Amma indi bu məsələ də özünün müsbət həllini tapıb və bununla da paytaxtdakı qəbiristanlıqların köçürülməsində hər hansı problem qalmayıb. Əldə etdiyimiz məlumatda bildirilir ki, yeni salınacaq qəbiristanlıq üçün ərazi paytaxtdan xeyli kənarda daha dəqiqi Bakı-Şamaxı yolunun qırağında nəzərdə tutulub. Həmin ərazinin Mərəzə yaxınlığında olduğunu bildirən mənbənin sözlərinə görə artıq bununla bağlı ilkin hazırlıq tədbirləri də görülməyə başlayıb.
Məlumat üçün bildirək ki, buna qədər də paytaxtdakı bir neçə qəbiristanlığın köçürülməsi prosesi reallaşıb. Buna misal olaraq Bakının Nərimanov rayonunun ərazisində yerləşən xristian qəbiristanlığındakı məzarların köçürülməsini göstərmək olar. Bildirək ki, həmin vaxt proses heç bir milli, dini, irqi ayrı-seçkiliyə yol verilmədən, dini etiqada, adət-ənənələrə tam riayət edilməklə, imkan daxilində mərhumun qohumlarının, yaxınlarının iştirakı ilə dövlət hesabına həyata keçirilmişdi. Bunun ardınca isə yeni metro stansiyasının tikintisi ilə əlaqədar bu yaxınlarda daha bir qəbiristanlığın köçürülməsi həyata keçirilib.
Bildirək ki, qəbiristanlıqların köçürülməsi əhalisi durmadan artan iri şəhərlər üçün spesifikdir və bununla bağlı beynəlxalq təcrübədə kifayət qədər nümunələr mövcuddur. Qeyd edək ki, qəbiristanlıqların paytaxtdan köçürülməsi paytaxtdakı ərazi qıtlığı problemini qismən də olsa aradan qaldıra bilər.
Natiq Rəhimov