İctimai Palata dağılır
11:15 18-10-2012
İQTİSADİYYAT
İctimai Palata dağılır
İki nəfər istefa verdi, Rauf Arifoğlu isə Müsavatdan gedə biləcəyini dedi
Müxalifət daxilində son günlər ciddi gərginliklər müşahidə olunmaqdadır. Belə ki, bir müddət öncə İctimai palatanın aparıcı simalarından olan Pənah Hüseyinli və Zəfər Quliyev istefa verdiklərini bəyan etdilər. Səbəb isə bu oldu ki, AXCP və Müsavat YAP-in təşəbbüsü ilə Ramil Səfərovla bağlı təşkil olunan toplantıya qatılmışdı. Daha sonra isə KAXCP-də ciddi problemlər yaşandı və 2 sədr müavini istefaya göndərildi və hazırda buna görə KAXCP-AXCP,KAXCP-Müsavat arasında yeni gərginliklər yaşanmağa başlayıb.
Bu arada isə daha maraqlı bir qalmaqal İctimai Palatada baş verib. İP üzvü olan Yadigar Sadıqov “Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu günahlandıraraq,istefa verib. Bununla bir daha aydın olub ki, müxalifət daxilində qarşılıqlı inamsızlıq problemi daha da güclənib və son istefa və Rauf Arif oğlunun reaksiyası da buna misaldır.”Təsisçisi olduğum İctimai Palatadan istefa verməyimin səbəbi İP-nın tutduğu mövqe, apardığı mübarizə və bəyan etdiyi hədəflərlə fikir ayrılığı deyildir. Bütün bunları tam bölüşürəm və Azərbaycan xalqının və dövlətinin nicat yolu hesab edirəm”.Bu sözləri Müsavat başqanının müşaviri Yadigar Sadıqov “facebook” hesabında yazıb. O, istefasına belə aydınlıq gətirib.
“Uzun tərəddüdlərdən və böyük təəssüflə atdığım addımın səbəbi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun İP-nın Koordinasiya Şurasının üzvü kimi tutduğu yüksək mövqeyə rəğmən müxalif düşərgə haqqında böhtanlar, hakimiyyətin işinə yarayan dezinformasiyalar yaymasıdır.
Demokratik hərəkat tarixində dəyərli yeri olan “Yeni Müsavat” qəzeti çox təəssüf ki, son illər bu missiyanı üzərinə götürmüşdür. Ölkədə siyasi hərarətin yüksəldiyi dövrlərdə siyasi və kadr islahatları, müxalifətlə dialoqlar haqqında yalançı anons ilə bu hərarətin səngidilməsi, Emin Milli-Adnan Hacızadə məsələsindəki məlum mövqe, Quba hadisələrinin “iğtişaş” adlandırılması və s. çoxlu faktlar buna sübutdur. Son günlər isə Gülər Əhmədova olayının klan davası kimi qələmə verilərək cəmiyyətdə doğan hiddətin boğulmasına cəhd xüsusilə diqqət çəkəndir. Nəhayət, müxalifətin hakimiyyətlə 2013-2015 sövdələşməsi haqqında informasiyanı mənsub olduğum Müsavat Partiyasına qarşı iyrənc bir böhtan kimi dəyərləndirirəm.
Müsavat Partiyası təbiidir ki, hər bir siyasi partiya kimi hakimiyyət uğrunda mübarizə aparır. Lakin bu partiyanın hədəfləri bu qədər dar deyildir. Müsavatın tarixi bir missiyası vardır ki, bu da Azərbaycan xalqının özünün suveren hüquqlarına sahib çıxmasına nail olmaqdır. Hakimiyyət orqanlarının seçilməsi də bu suveren hüquqlara aiddir. Bu günə kimi heç zaman Müsavat Partiyası bu suveren hüququ alver, sövdələşmə predmetinə çevirməyib və çevirməyəcək də. Çünki Müsavatçılıq yalnız hakimiyyət uğrunda mübarizə deyil, Azərbaycan uğrunda şərəfli bir missiyadır. Öndərimiz Rəsulzadənin dediyi kimi, davamız Azərbaycan davasıdır.
Bu səbəbdən də mənsub olduğum partiyaya qarşı böhtan atan bir qəzetin baş redaktorunun İP-nın rəhbərliyində təmsil olunmasını qəbul etməyərək qurumdan istefa vermək haqqında qərara gəldim. Xüsusilə vurğulamaq istəyirəm ki, bu addım mənim siyasi baxışlarımın və mövqeyimin dəyişilməsi kimi ehtiva olunmamalıdır. Müsavat Partiyasının üzvü kimi mübarizəmi davam etdirirəm, müsavatçılığın təntənəsi üçün əlimdən gələni edəcəyəm.
Sonunda hesab edirəm ki, Müsavat Partiyasının oktyabrın 20-də keçiriləcək Məclisi partiyaya atılmış böhtana mütləq münasibət bildirməlidir”.
Bu ittihama qarşı Rauf Arifoğlununda cavabı özünü çox gözlətməyib və Rauf Arif oğluda partiyadan istefa verə biləcəyini bəyan edib.
R. Arifoğlu deyib ki, partiyadaşının onun haqqında dedikləri həm gülməli, həm heyrətləndiricidir: “Yadigar Sadıqovu virtual olaraq tanıyıram və artıq neçə illərdir, hər fürsətdə mənim əleyhimə kampaniya aparan şəxslərdən biridir. O zamanlar “facebook” sosial şəbəkəsi yox idi, “day.az” saytının çatı fəaliyyət göstərirdi. Bir gün mənə dedilər ki, Yadigar Sadıqov adlı bir nəfər həmin çatda daim sənin əleyhinə yazır. Məlum oldu ki, o, millətçi xətt tutduğuma görə, məni mühakimə edir. Hətta partiya və onun rəhbərliyinə məsləhət görür ki, məni Müsavat Partiyasından çıxarsınlar. İndi də İctimai Palatadan getməyini mənimlə və qəzetdə gedən məqalə ilə əsaslandırır. Bu o dərəcədə absurd və gülünc bir şeydir ki, artıq özünə qəsd edəcəyindən və sonra mənim boynuma atacağından narahatam. Ondan xahişim budur ki, heç olmasa, bu hərəkətə yol verməsin. Bu söz və mətbuat azadlığının, demokratiyanın əlifbasından xəbəri olmamaq deməkdir”.
O qeyd edib ki, bir təhlili yazıya görə, qəzetə qarşı kampaniya aparmaq qətiyyət yolverilməzdir: “Biz Müsavat Partiyasının üzvləri olaraq və demokratik düşərgənin təmsilçiləri kimi hər zaman hakimiyyət düşərgəsini və məmurlarını qınayırıq ki, xoşlarına gəlməyən yazılar olanda az qalırlar bizi topa tutsunlar. İndi Yadigar Sadıqovun və yaxud bir başqa həmkarımızın, dostlarımızın hakimiyyətdən fərqi nədən ibarət olur, mən bunu anlaya bilmirəm. Onlar da xoşlarına gəlməyən yazı olanda bizi cəzalandırmaq taktikası seçirlər”.
R. Arifoğlu bildirib ki, ona qarşı çirkli kampaniya gedir: “Təəssüf edirəm ki, bu kampaniyanın iştirakçıları və icraçıları arasında Müsavat Partiyasının üzvləri də yer alıb. Mən bu məsələni partiya rəhbərliyi qarşısında qaldıracağam və mənə etimad barədə bəyanat olmasa, partiyadan istefa verəcəyəm”.
Amma istefalar bununla tamamlanmır. Artıq İP üzvü olan şəxslər qarşılıqlı inamsızlığı və bu qurumun perespektsizliyini görərək istefa verməyə başlayıblar. Növbəti istefa isə tanınmış hüquq müdafiəçisi Ərəstun Orucludan gəldi. O da bəyanatla çıxış edərək qrumu tərk edib:-“İctimai Palata və onun Koordinasiya Şurasının fəaliyyəti ətrafında, İctimai Palata ilə hakimiyyət arasında müəyyən anlaşmalar olması barədə mətbuatda yayılan məlumatları və İctimai Palatanın Koordinasiya Şurası tərəfindən bu məlumatlara heç bir münasibət bildirilməməsi, bu qurumun fəaliiyətində sistemsizliyin və böhranın getdikcə dərinləşməsi məndə dərin təəssüf və məyusluq hissi doğurur. İctimai Palata yarananda bu qurumun Azərbaycanın gələcəyi naminə qarşısına qoyduğu vəzifələri əsas götürüb oraya üzv olmuşam, lakin yuxarıda göstərdiklərim və bu qurum haqqında dolaşan ziddiyətli bilgilər məni İctimai Palata üzvlüyündən istefa verməyə məcbur edir.
Mən İctimai Palata üzvlüyündən istefa verirəm və bu andan etibarən müstəqil müxalif siyasi fəaliyyətə keçirəm. Müxalifət mövqeyində qalan, prinsiplərinə, amallarına sadiq olan İP üzvü olan və olmayan bütün məsləkdaşlarıma Vətənimizin və millətimizin azad, demokratik gələcəyi uğrunda mübarizəmizdə uğurlar arzulayıram!”
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00