Sankisiyaların İrana daha bir dəhşətli zərbəsi
11:18 18-10-2012
İQTİSADİYYAT
Sankisiyaların İrana daha bir dəhşətli zərbəsi
Qadağalar dərmanları da kəskin şəkildə bahalaşdırdı
Mübahisəli nüvə proqramına görə Irana tətbiq edilmiş beynəlxalq sanksiyalar hakim rejimi zəiflətməklə yanaşı adi insanların da həyatını çətinləşdirir. Bu, dərmanların qiymətinə də ciddi təsir edir.
Ağır xəstəliklərdən əziyyət çəkən iranlılar üçün bir sıra dərmanları tapmaq, yaxud onları almaq üçün pul tapmaq getdikcə çətinləşir.
İran mətbuatının yazdığına görə, ölkədə xərçəng, ürək-damar, tənəffüs xəstəlikləri, hemofiliya, skleroz və s. xəstəliklərin müalicəsi üçün lazım olan dərmanların qıtlığı yaranıb. Məsələn, "Tejaratnews" yazır ki, İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyalara görə, 50-cən dərmanı idxal etmək müşkülə dönüb. Buraya bir neçə növ antibiotik, hamiləliyin qarşısının alınması üçün dərmanların azı 2 növü də daxildir.
Hətta ölkə daxilində istehsal edilən 40-can dərmanı da tapmaq çətinləşib. Məlumatlara görə, xərçəng və şəkər xəstələri belə dərmanları lazım olandan qat-qat artıq alırlar. Onlar ehtiyat edirlər ki, sanksiyalar sərtləşdiyi üçün bir müddət sonra həmin dərmanları da tapmaq problemə çevriləcək. Həmin dərmanların davamlı qəbulu onlar üçün ölüm-dirim məsələsi olduğu üçün əvvəlcədən özləri üçün ehtiyat yaradırlar.
Bu səbəbdən də apteklər ağır xəstəliklərin müalicəsi üçün lazım olan dərmanları talonla satmağa başlayıblar. Bir aptekçi bildirib ki, əksər dərmanlar bahalaşıb: "Adətən dərmanlar il ərzində 1, yaxud 2 dəfə bahalaşırdı. Amma bu il belə bahalaşmanı 5-6 dəfə müşahidə etmişik. Bunu az qala bütün dərmanlar haqda demək olar. Bəzi dərmanların qiyməti hətta 60 faiz qalxıb"
Bir müddət əvvəl İranın Hemofiliya Təşkilatı BMT-yə müracət edərək sanksiyaların bir çox xəstələrin həyatı üçün təhlükə yaratdığını bildirmişdi.
İranda çap edilən gündəlik "Şərq" qəzeti isə dərman qiymətlərinin bahalaşmasını həm də milli valyutanın sanksiyalara görə qiymətdən düşməsi ilə bağlayır.
Xərçəng İranda 3-cü ən təhlükəli xəstəlikdir. İran mediasına görə, hər il bu xəstəliyə 70-100 min adam tutulur.
Bu yaxınlarda bir xərçəng xəstəsi BBC televiziyasının İran xidmətinə demişdi ki, əvvəllər kimya terapiyasından sonra vurulmalı iynənin qiyməti 2 milyon rial idisə indi 50 milyon rialdır: "Mən ailəmi belə xərcə salmaqdansa ölməyi üstün tutaram"
"Fararu" saytı isə yazır ki, sanksiyalar Iranın səhiyyə sistemini tamamilə iflic edə bilər.
Qərb ölkələri İranın gizli şəkildə atom bombası düzəltməsindən şübhələnirlər. İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.
İndiyəcən BMT İrana 3 dəfə sanksiya qoyub. Bundan başqa ABŞ və Avropa Birliyi də fərdi şəkildə İrana qarşı sanksiyaları sərtləşdirirlər.
Bu arada məlum olub ki, atom-nüvə proqramından əl çəkmədiyi üçün Tehran hakimiyyətinə qarşı tətbiq ediləcək təzyiq vasitələri hələ də müzakirə olunmaqdadır. Bəziləri problemin əlüstü hərbi əməliyyatlarla həllini istəsə də bunun əksini də iddia edənlər var.
Britaniyanın baş naziri Devid Kemeron İranın atom-nüvə proqramının hərbi yolla həllinə əl atmağın hələ tez olduğu qənaətindədir. "Deyli teleqraf"ın məlumatına görə, ingilis hökumətinin başçısı bu məsələdə İsrailin mövqeyini hələlik müdafiə etmədiyini söyləyib. "Mən İsrailin baş naziri Netanyahuya dedim ki, hələ hərbi əməliyyatlara başlamaq tezdir. Hazırda İran hakimiyyəti ölkədə ciddi problemlərlə üz-üzədir. İnsanlar küçəyə çıxır. Onun Suriyadakı müttəfiqi Bəşər Əsəd iqtidarı əldən verir. Belə bir şəraitdə İrana qarşı savaş Tehran hakimiyyətinin əlinə oynamaqdır. O, bundan istifadə edərək, xarici düşmənə qarşı savaşmaq adı altında əhalini cəmləşdirə bilər" - deyə, o vurğulayıb.
Kemeron qeyd edib ki, İrana qarşı sanksiyaların öz nəticələrini verməsi üçün bir müddət gözləmək lazımdır. Bununla belə o, əlavə edib: "İran hakimiyyəti doğru qərar çıxarmazsa, o zaman hadisələrin başqa varianta inkişaf edəcəyini də istisna etmək olmaz. Nüvə silahına malik həm İsrailə, həm də dünyaya təhlükə mənbəyidir".
Britaniyanın xarici işlər naziri Uilyam Heyq də İrana qarşı tətbiq olunan yeni sanksiyalardan və Tehranın nüvə fəaliyyətindən danışıb. Srağagün o, Lüksemburqda jurnalistlərə açıqlamasında deyib ki, İranın vaxtı sürətlə daralır: "Bu sanksiyalar İran Mərkəzi Bankına da geniş məhdudiyyətlər qoyur. Avropa Birliyinin bu sanksiyaları qoyması zəruri idi. Çünki İranla nüvə danışıqları hələ ki, nəticə vermir. Bu problem təcili olaraq həllini tapmalıdır. Biz dinc nüvə enerjisinə yiyələnmək üçün İrana hətta yardım etməyə də hazırıq. Lakin bir şərtlə ki, hərbi nüvə proqramını dayandırsın. İran apardığı nüvə proqramının sülh xarakteri daşıdığını nə Qərb ölkələrinə, nə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə sübuta edə bilməyib. Əgər İran indiki yolunu davam etdirsə, bunun nəticəsi qarşıdurmaya gətirib çıxaracaq".
Lüksemburqda bir araya gələn Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İranın 34 qurumuna və bir rəsmisinə sanksiya qoyublar. Yeni sanksiyalar sənaye sektorunda, o sıradan da raket sənayesində istifadə olunduğu təxmin edilən bəzi filizlərin, avadanlıqların İrana ixracını yasaqlayır, İrandan təbii qaz idxalını məhdudlaşdırır, İranın bank sistemi, sənayesi və gəmiçilik sektoru ilə əməkdaşlığı minimuma endirir.
ABŞ isə Avropa Birliyinin addımını təqdir edib. Ağ evin təmsilçisi Cey Karni bununla bağlı bildirib: "İranın təcrid olunması üstünlük verdiyimiz məsələdir. Tehran indi əvvəlkilərlə müqayisədə daha güclü təzyiqlər altındadır".
Göründüyü kimi, İran hakimiyyətinin çıxışı yolu tutduğu iddialı plandan əl çəkməkdir. Əks halda, vəziyyətin daha da ağırlaşacağı istisna olunmur. Bunun həm də bölgə dövlətləri üçün də ciddi problemlər yaradacağı ehtimalı da az deyil.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00